Məhkəmə qərarları › İş №2-1(116)-616/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-616/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-616/2021 18.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zakirli Rabiyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “tikintiyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı Cavabdehnə qarşı “tikintiyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir Bələdiyyəsinin 12.10.2007-ci il tarixli 40/3 nömrəli qərarı əsasında ticarət obyektinin tikintisi üçün 20 kv.m torpaq sahəsi 10 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Torpaq sahəsini icarəyə götürdükdən sonra iddiaçı müvafiq icazə almadan həmin torpaq sahəsi üzərində sahibkarlıq obyekti inşa etmişdir. Mingəçevir Bələdiyyəsinin 12.10.2017-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi yenidən 12.10.2027-ci ilədək 10 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Bundan sonra iddiaçı əvvəllər tikdiyi ticarət obyektinin eskiz layihəsini hazırladaraq cavabdeh inzibati orqana müraciət etmiş, icarəsində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Lakin, cavabdeh müraciətin təmin edilməsindən imtina etmiş, qeyri-qanuni inşa edilmiş obyektin sənədləşdirilməsinin onun səlahiyyətində olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının ona ayrılmış torpaq sahəsində inşa etdiyi obyektin layihəsini tikintiyə başlamazdan əvvəl şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində Baş memarla razılaşdırmalı və bundan sonra tikintiyə başlamalı olduğu, lakin iddiaçının müvafiq icazə almadan özbaşına tikinti işləri apararaq tikintini başa çatdırdığı bildirilmişdir. Buna görə də iddiaçının faktiki istifadə etdiyi və tikintisini başa çatdırdığı obyektin tikintisinə icazə istəməsini əsassız hesab etdiyini qeyd edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir Bələdiyyəsinin 12.10.2007-ci il tarixli, 40/3№-li və 01.11.2017-ci il tarixli, 14/7№-li qərarları, - iddiaçıya ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinin Mingəçevir şəhərinin Baş Planından çıxarışı və torpaq sahəsinin planı, - Mingəçevir Şəhər İH Başçısının 25.09.2020-ci il tarixli 1466 nömrəli və 03.02.2021ci il tarixli 217 nömrəli məktubları, - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 26.08.2020-ci il tarixli məktubu, - Mİngəçevir şəhəri, Az.DRES qəsəbəsi Cəmil Əliyev küçəsində yerləşən, iddiaçının istifadəsində olan ticarət obyektinin eskiz layihəsi, - Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16.03.2021-ci il tarixli məktubu, - ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06.05.2021-ci il tarixli məktubu, ona əlavə edilmiş arayış, torpaq sahəsinin sxemi və torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin smetası. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33-cü maddələri) növünə aiddir. Belə ki, iddiaçı cavabdehə inzibati aktın qəbulu olunması üçün müraciət etmiş, cavabdeh orqan imtina cavabı vermişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Lakin, iş materialları ilə cavabdeh inzibati orqanın inzibati aktın qəbul edilməsindən imtina etməsinin iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olması müəyyən edilmir. Eyni zamanda iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İş materiallarına əlavə edilmiş, Mingəçevir Bələdiyyəsinin 12.10.2007-ci il tarixli, 40/3 №-li və 01.11.2017-ci il tarixli, 14/7 №-li qərarlarından görünür ki, Mingəçevir şəhəri F.Əzimov küçəsi 1, mənzil 48-də yaşayan İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün AZ.DRES qəsəbəsi mövcud obyektlərin yanındakı ərazidən ticarət obyektinin tikintisi üçün 20 kv.m torpaq sahəsi 10 il müddətinə icarəyə verilmiş, daha sonra həmin müddət əlavə olaraq 10 il müddətinə uzadılmışdır. İş materiallarına əlavə edilmiş, iddiaçıya ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinin Mingəçevir şəhərinin Baş Planından çıxarışdan və torpaq sahəsinin planından görünür ki, İddiaçı ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinin şəhərin baş planından çıxarışı və planı Mingəçevir Bələdiyyəsi, Mingəçevir ŞİH-nin Memarlıq və Tikinti şöbəsi və DT və XK-nin Mingəçevir şöbəsi tərəfindən razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər İH Başçısının 25.09.2020-ci il tarixli 1466 nömrəli və 03.02.2021-ci il tarixli 217 nömrəli məktublarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının “obyektin tikintisinə icazə verilməsi barədə” müraciətlərinin təmin olunmasından imtina etmiş, imtinanın əsası olaraq tikilinin icazə alınmadan qeyri-qanuni inşa edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 26.08.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı inşa etdiyi obyektin sənədləşdirilməsi üçün həmin orqana müraciət etmiş, lakin tikili müvafiq icazə sənədi alınmadan özbaşına inşa edildiyindən müraciətin təmin olunmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, Mİngəçevir şəhəri, Az.DRES qəsəbəsi Cəmil Əliyev küçəsində yerləşən, iddiaçının istifadəsində olan ticarət obyektinin 088155 nömrəli eskiz layihəsindən görünür ki, müvafiq eskiz layihə 27.01.2016-cı il tarixdə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16.03.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı icarə hüququ əsasında ayrılmış torpaq sahəsinə dair hər hansı bir məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06.05.2021-ci il tarixli məktubu, ona əlavə edilmiş arayış, torpaq sahəsinin sxemi və torpaq sahəsiin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin smetasından görünür ki, iddiaçının istifadəsində üzərində tikili olan torpaq sahəsi naturada 22 kv.m-dir, həmin torpaq sahəsinin 13 kv.m hissəsi **********63 reyestr nömrəli çıxarışda olan 20 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Daşınmaz əmlakın kadastr xəritələrinin tərtibi ilə əlaqədar xərc 216 manat, tədqiqat aparılan 1 parseldən ibarət digər təyinatlı 0.0022 ha torpaq sahəsinin torpaq-kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi xərci 95 manat, ümümi xərc 311 manat məbləğindədir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələblə ilkin olaraq inzibati orqana daha sonra isə məhkəməyə müraciət etməkdə hüquqi maraqı özbaşına inşa etdiyi sahibkarlıq obyektinin sənədləşdirilməsinə nail olmaqdır. “Şəhərsalma və tikinti məcəlləsi”ndə qeyd edilmiş, tikintiyə icazə prosedurunun mahiyyəti ondan ibarətdir ki, həmin icraat çərçivəsində, barəsində icazə tələb olunan tikintinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olub-olmaması yoxlanılır, həmin sənədlərin tələblərinə zidd olmadığı halda tikintiyə icazə verilir. Məhz tikintiyə icazə verildikdən sonra bu barədə qərarın surəti və tikinti işlərinin başlanması üçün əsas olan xüsusi nişan ərizəçiyə təqdim olunur və bundan sonra tikinti işlərinə başlanılır. Hazırki iş üzrə iddiaçı icarəsində olan torpaq sahəsi üzərində artıq tikinti işlərini aparmışdır və əldə etmək istədiyi tikintiyə icazə qərarına onun ehtiyacı yoxdur. Belə ki, həmin qərarı iddiaçı tikinti işləri başlananadək əldə etməli və bundan sonra tikinti işlərinə başlamalı idi. Odur ki, artıq iddiaçı özbaşına olaraq tikinti işlərini başa çatdırdığından cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmur. Hətta cavabdeh tərəfindən iddiaçının ərizəsi təmin edilərək ona müvafiq icazə verilsə idi belə bu iddiaçının tikinti işlərinə başlamasına səbəb olmayacaqdı. İddiaçı həmin sənədi formal olaraq əldə etməklə özbaşına inşa etdiyi tikilinin sənədləşdirilməsinə cəhd edəcəkdi. İddia ərizəsinin məzmunundan, iş materiallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan da bəlli olur ki, iddiaçı faktiki olaraq həmin sahibkarlıq obyektindən istifadə edir. Lakin, müvafiq sənədləşdirmə işlərinin aparılması üçün daşınmaz əmlakın müvafiq ərazi idarəsinə müraciət edərkən ondan tikiliyə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər tələb olunduğundan, o, özbaşına inşa etdiyi tikilinin sənədləşdirilməsinə nail olmaq üçün hazırki iddia tələbini irəli sürmüşdür. Lakin, qaldırılan iddia iddiaçının hüquqi marağına xidmət etmir. Belə ki, tikinti işlərinin başlanılmasınadək aparılmalı olan hüquqi prosedurların artıq tikinti başa çatdıqdan sonra həyata keçirilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətlərinə uyğun deyildir. Beləki, “Şəhərsalma və Tikinti Məcəlləsinin” 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2.1-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qeyd edilmişdir. Odur ki, iddiaçı arzuladığı məqsədə, yəni özbaşına inşa etdiyi tikilinin sənədləşdirilməsinə nail olmaq üçün tikilinin yerləşdiyi, hazırda icarə hüququ əsasında istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı Mingəçevir şəhər Bələdiyyəsinə müraciət etməli, müraciəti təmin olunduduğu halda Mülki Məcəllənin 180.3cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması üçün Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməlidir. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Şəhərsalma və Tikinti Məcəlləsinin” 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.1-1-ci maddəsinə görə sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) iradların olmaması prezumpsiyasından çıxış edir. Həmin Məcəllənin 75.7-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, xüsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirməhaqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci maddələrinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin smetasında daşınmaz əmlakın kadastr xəritələrinin tərtibi ilə əlaqədar xərc 216 manat məbləğində müəyyən edilsə də, məhkəməyə ancaq torpaq sahəsinin sxemi təqdim edilmişdir. Odur ki, məhkəmə mütəxəsis xərci olaraq ümumi qeyd edilmiş 311 manat xərcin 216 manat hissəsi ilə razılaşmır və hesab edir ki, iş üzrə prossesual xərc 1 parseldən ibarət digər təyinatlı 0.0022 ha torpaq sahəsinin torpaq-kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə 95 manat məbləğində müəyyən edilməli, iddia mümkün sayılmadığına görə yaranmış prossesual xərc iddiaçıya aid edilməli və iddiaçıdan tutularaq müvafiq bank hesabına köçürülməlidir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyi keçirilən şifahi məhkəmə baxışı iclasında iddiaçı ilə müzakirə edilmiş, iddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “tikintiyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi mümkün sayılmır. Məhkəmə xərci iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar