Məhkəmə qərarları › İş №2-1(116)-616/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-616/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-616/2022 13.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “699,34 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2009-cu il tarixli X2 1999-cu nömrə ilə uçota salmış A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 699,34 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-616/2022 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 699,34 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, torpaq sahəsi üzərində iddiaçının hüquqların yaranmasını təsdiq edən ilkin hüquq müəyyənedici sənədlərin olmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı əsasında onun mülkiyyətinə ayrılması, A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”-nin tərtib edilməsi və faktiki olaraq istifadəsində olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını - A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin, iddiaçının qanuni istifadəsinə verilməsini təsdiq edən hüquq müəyyənedici sənədlərin olmaması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və istinad etdiyi plan-ölçü sənədi ilə ona ayrılmamışdır. İddiaçı, faktiki istifadə etdiyi torpaq sahəsini zəbt etmişdir və bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsini alqı-satqı qaydasında əldə edə bilər. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, müvafiq sənədin hazırlanmasına əsas olaraq – Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli, 293 №-li sərəncamı qeyd edilmiş, torpaq sahəsinin həyətyanı məqsədilə ayrıldığı göstərilmişdir. - Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamından çıxarışdan görünür ki, müvafiq sərəncamın 2-ci bəndində qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsi Azərbaycan respublikası Dövlət torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunmuşdur. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X1 Filialının xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı təqdim edilir, sərəncama məlumatdan başqa hər hansı digər sənəd əlavə edilməmişdir. Təqdim edilmiş, İcra Hakimiyyəti başçısının İ müavini və memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən imzlanmış məlumatın məzmunu, qanuni istifadədə olan yaşayış evlərinin həyətyanı sahələrinin əvəzsiz olaraq həmin evlərin mülkiyyətçilərinə bağışlanması, həmin evlərin mülkiyyətçilərinə veriləcək torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə torpaq sahəsinin ayrılması barədə qərarın tarixi və nömrəsinin yazılmalı olması və bunun üçün xüsusi sərəncam verilməsinin təklif edilməsi barədədir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı qəbul edilənədək A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 699.34 kv.m torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması barədə ərazi idarəsində məlumat aşkar edilməmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçının adına edilənədək A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş 699.34 kv.m torpaq sahəsi elektron məlumat bazasında mövcudolan xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, əkin uqodiyalıdır, bələdiyyə mülkiyyətində yerləşir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunuun 8.0.5-ci maddəsində 06 iyul 2006-cı il tarixədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydə alınmasını müəyyən edilmişdir ki, iddiaçıda hər-hansı hüquqmüəyyənedici sənəd mövcud olmamış, habelə iddia olunan torpaq sahəsi, plan və ölçüdə göstərilən torpaq sahəsindən kənarda yerləşir. Plan-ölçü sənədində qeyd olunmuş torpaq sahəsi isə əkin uqodiyalı, kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı təqdim edilmiş və torpaq sahəsinin plan və ölçüsü vaxtı ilə bu sahə üzrə səlahiyyətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir ki, bu sənədlər onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) : - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti ortqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İddiaçı belə akt kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli, 293 nömrəli sərəncamına istinad etmişdir. Azərbaycan Respublikası Torpq Məcəllsinin (bundan sonra – Məcəllə): - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşdirilmiş tələblərinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi” kimi adlandırılmaqla, bu müddətdən daha əvvəl fərdi qaydada fiziki şəxslərə qanuni qaydada verilmiş torpq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı müxtəlif qurumlara verilmiş tapşırıqlarla əlaqədardır. Məhkəmə tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli, 293 nömrəli sərəncamı qəbul edilənədək, həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilib-verilməməsi ilə bağlı mövcud sənədlər X1 filialından və cavabdehdə tələb edilmiş, lakin müvafiq sənədlərin olmadığı bildirilmişdir. İddiaçının təqdim etdiyi 2009-cu il tarixinə aid “Torpaq sahəsinin plan və ölçüsü” adlı sənəddə torpaq sahəsinin “həyətyanı torpaq sahəsi” olduğu qeyd edilmiş və onun tərtib edilməsinin əsası kimi göstərilmiş 2004-cü il tarixili sərəncama istinad edilmişdir. İddiaçı, özü də ərizəsində qeyd edir ki, həmin torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsini təsdiq edən sənəd Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004cü il tarixli, 293 nömrəli sərəncamıdır. Lakin, nəzərə alınmalıdır ki, istinad olunan sərəncam, onun qəbul edilməsindən əvvəl qanuni istifadəsinə torpaq sahələri verilmiş subyektlərə, mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin müvafiq orqanlardan xahiş edilməsi ilə bağlıdır. Yəni, müvafiq sərəncam torpaq sahəsinin qanuni istifadəyə verilməsi əsası kimi nəzərdən keçirilə bilməz. Qeyd edildiyi kimi, 2004-cü ilə münasibətdə yerli icra hakimiyyəti orqanları həyətyanı torpaq sahələrinin ayrılmasında səlahiyyətli olmamışdırlar və həmin sərəncamda iddiaçıya fərdi qaydada torpaq sahəsinin ayrılması göstərilməmişdir. Yəni iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi sərəncam həmin torpağa dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə izah edir ki, yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2009-cu il tarixli X2 1999-cu nömrə ilə uçota salmış A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 699,34 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar