Məhkəmə qərarları › İş №2-1(116)-616/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-616/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-616/2024 28.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “təyin edilən üçüncü dərəcə əlillik dərəcəsinin əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Birinci Qarabağ müharibəsi zamanı aldığı hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması səbəbinə görə iddiaçıya 2-ci qrup Qarabağ müharibəsi əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “təyin edilən üçüncü dərəcə əlillik dərəcəsinin əlillik səbəbinin “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağrılaraq xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmiş və döyüş zonasında hərbi xidmət edərkən 1992-ci ilin avqust ayında yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komisiyasının xx.xx.2018-ci il tarixli 106 saylı rəyi ilə alığı xəsarət” hərbi travma olmaqla Azərbaycan Respublasının Müdafiəsi zamanı alınması” qeyd edilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək aldığı hərbi travma ilə əlaqədar əlilliyin qiymətləndirilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli 3-17-4/2-Z-20277/2023 saylı məktubla xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə yəni xx.xx.2026-ci ilədək 3-cü dərəcə əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, tibbi sənədlər və əyani göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamışdır. Bu səbəbdən ümumi xəstəlik üzrə 5 il müddətinə 3-cü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanmışdır.İddiaçı əlilliyin səbəbinin dəyisşirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən əliliyin səbəbinin dəyişdirlməsindən imtina edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018ci il tarixli 322 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyyəsində bir ədəd, başın orta təpə nahiyyəsində bir ədəd, başın arxa aşağı ənsə nahiyyəsində bir ədəd, başın sol alın qabarında bir ədəd, döş qəfəsinin saq ön səthində bir ədəd, sol dirsək oynağının arxa səthində bir ədəd, sol əlin arxa səthində bir ədəd köhnə çapıq toxumaları'' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bədənin müxtəlif nahiyyələrində köhnə çapıq toxumaları müşahidə olunmuşdur. Sol əlin İİ barmağında hərəki məhdudiyyət qeyd olunmuşdur. Dediyinə görə, “tutmalar” ancaq gecə vaxtı olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2021- ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Hər iki hemisferdə alın və təpə paylarında 3-4 ədəd keçirilmiş hadisəyə bağlı 2-3 m m ölçülü qliotik-angiopatik ocaqlar. Arxa kəllə çuxurunda ekstra aksial likvor məsafələrində orta xətdə 25x60x16 mm ölçülü genişlənmə izlənildi (subaraxnoidal kist)" kimi və xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Tez-tez paroksizmal aktivlik və spayk ləng dalğa kompleksləri İzlənildi. Tipik paroksizmal aktivlik və epifokus izlənildi” kimi müəyyənləşdirilmişdir. AR Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın Hərbi xidməti ləğv edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’nin 2.3.4 bəndinə müvafiq olaraq Ümumi xəstəliklə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Çiyin nahiyələrində çapıq toxuma, qarının ön divarında *10-11 sm ölçüdə göbəkdən yuxarı və aşağını əhatə edən orta orta laporotomiya kəsiyinə və *6-7 sm ölçüdə pararektal kəsiklərə müvafiq çapıq toxumalar izlənilmişdir. Təqdim olunmuş EEQ müayinəsinin nəticəsi (dalğalar) təqdim edilməmiş, həmçinin xx.xx.2021 -ci il tarixində təqdim etdiyi hərbi qərarda kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamışdır. Vətəndaşın ailəsində çoxsaylı itkilər (şəhid) baş verdiyindən güclü emosional gərginlik keçirdiyi nəzərə alınmışdır. 5 saylı Şəhər Klinik Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli 6969/383 nömrəli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya və tez-tez təkrarlanan qıcolmalarla (ayda 8-9 dəfə)" kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 781 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş (1992-ci il) başın sol təpə, orta təpə, arxa aşağı ənsə, sol alın nahiyələrində qəlpə yaralanmasından sonrakı vəziyyət' kimi qeyd olunmuşdur. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 62059 nömrəli protokol Beyin KT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası" kimi qeyd edilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Xəstəyə 1 saatlıq EEQ çəkilib. Çəkiliş boyu tez-tez paroksizmal aktivlik və spayk ləng dalğa kompleksləri izləndi. Tipik paroksizmal aktivlik" kimi qeyd edilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 62059 nömrəli protokol Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Hər iki hemisferdə alın və təpə paylarında 3-4 ədəd keçirilmiş hadisəyə bağlı 2-3 mm ölçülü qliotik- anqiopatik ocaqlar. Arxa kəllə çuxurunda ekstra aksial likvor məsafələrində orta xətdə -25x60x16 mm ölçülü genişlənmə izlənildi (subaraxnoidal kist)" kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4 bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasinda iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2018ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021ci il tarixdə müayinə olunmuş və ona 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə müayinə olunmuş və xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. - Mərkəzi Həkim Komissiyasının 322 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 4002/2023 nömrəli Qərarı. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2022-ci il tarixli, **********6 nömrəli Qərarı. - Tərtər Hərbi Məhkəməsinin 6(098)-6/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı. - xx.xx.2023-cü il tarixli 000041 nömrəli Qərar. Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. ... 3.5. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)

1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ... İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixində ümumi xəstəlik səbəbi ilə İİİ dərəcəli əlilik təyin edilmişdir. Həmin əlillik təyin edilərkən “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri.Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya İİ mərhələ.Epilektik sindrom, tez-tez təkrarlanan qıcolmalarla (ayda 8-9 dəfə) diaqnozu qoyulmuşdur. İddiaçı barəsində MN-in Mərkəzi Həkim Komissiyasının 322 nömrəli, xx.xx.2018-ci il tarixli qərarında müxtəlif nahiyələrdə köhnə çapıq toxumaların aşkar olunduğu göstərilmişdir.İddiaçı hazıkı tələblə əliliyin səbəbinin həmin xəsarətlər nəticəsində yarandığını iddia edir,cavabdehin imtinasının əsasını iddiaçının hazıkı sağlamlıq vəziyyətinin həmin xəsarətlərlə əlaqədar olmadığı və ümumi xəstəliklə əlaqədar olduğu təşkil edir. Yuxarıda qeyd olunan sənədlərin qarşılıqlı müqayisəsi və təhlili zamanı iddiaçıya əliliyin təyin olunmasına əsas verən diaqnoz ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun eyni olmadığını müəyyən edilmişdir.Həmçinin,şəhadətləndirmə aparılarkən əsas götürülən iddiaçı barəsində “Bədən xəsarətlərinin təyininə dair” aktda qeyd olunan xəsarətlər nəzərdən keçirilmişdir.Cavabdeh iddiaçıya əlillik təyin edərkən onu əyani müayinəyə cəlb etmiş, Şəhadətnamədə göstərilən xəsarətləri aşkar etmişdir.Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı əlilliyin səbəbi kimi həmin xəsarətlərin deyil,vətəndaşın ailəsində baş vermiş çoxsaylı itkilər baş verdiyindən güclü emosional gərginlik keçirdiyi nəzərə alınmışdır.Nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyəti ilə Şəhadətnamədə qeyd olunan xəsarətlərin səbəbli əlaqəsi öz təsdiqini tapmamışdır. İddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin 2-1(102)-2437/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “təyin edilən üçüncü dərəcə əlillik dərəcəsinin əlillik səbəbinin “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar