Məhkəmə qərarları › İş №2-1(116)-619/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-619/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-619/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X4) “JN seriyalı 544 B nömrəli və 319 A saylı Şəhadətnamələrin verilməsi üçün əsas olan Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Balakən rayon Aqrar İslahat Komissiyası (Balakən rayon İcra Hakimiyyəti), DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi, X3 qarşı “X2 adına hazırlanmış 544 A saylı şəhadətnamənin və onun əsasında tərtib edilmiş digər sənədlərin (RX seriyalı ******* №-li və RX seriyalı ******* №-li çıxarışlar) qanunsuz (etibarsız) hesab edilməsi, 319 A saylı şəhadətnamədə qüsurlu tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün naturada yenidən hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən iddiaçılara 14.12.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddia ərizəsində olan nöqsanların aradan qaldırılması təklif edilmişdir. İddiaçı1 14.01.2022-ci il tarixli nöqsanların aradan qaldırıldığı iddia ərizəsini məhkəməyə təqdim edərək, həmçinin iddia tələbini dəqiqləşdirərək cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X6 qızı) “JN seriyalı 544 B nömrəli və 319 A saylı Şəhadətnamələrin verilməsi üçün əsas olan Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarının etibarsız sayılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24.01.2022-ci il tarixli 2-1(116)-619/2022 nömrəli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra iddiaçılara məhkəmə tərəfindən 25.01.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir, belə ki, AİK-nın qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçılar qərarların mübahisələndirilməsi üçün tələb edilən müddətləri ötürdükləri üçün hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçılara vaxt təyin edilmişdir. İddiaçılar yardım məktubunu aldıqdan sonra 16.02.2022-ci il tarixdə məhkəməyə məktub ünvanlamış və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirmişlər. Məktubda iddiaçılar qeyd etmişlər ki, İPM-in 2-ci maddəsində yalnız “münahisələndirmə haqqında” iddia deyil, eyni zamanda “müəyyən etmə və tanınma haqqında” iddia nəzərdə tutulub və həmin iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Belə olan halda hazırkı iddiaya İPM-in 38-ci maddəsinə əsasən 30 günlük, 01.01.2011-ci ilədək qüvvədə olan MPM 298-ci maddəsinə əsasən 1 aylıq müddətin tətbiqi istisna edilməlidir. Məktubda iddiaçılar qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. “Torpaq islahatı haqqında” 22-ci maddəsinə əsasən (Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli) fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X1 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. ... Fiziki və hüquqi şəxslər rayon X1... qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X5 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddiaçılar tərəfindən cavabdeh orqan qismində qeyd edilmiş hazırkı cavabdeh Balakən Rayon İcra Hakimiyyəti, Balakən rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Məhkəmə həmçinin zəruri olaraq qeyd edir ki, AİK-nın qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçı tələbini, müvafiq inzibati aktın etibarsız hesab edilməsi ilə bağlı qeyd etsə də mübahisələndirilən şəhadətnamələrin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilərdi. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Yəni, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi (ləğvi və ya etibarsızlığı) üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati- Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçıların 16.02.2022-ci il tarixdə məhkəməyə daxil olan “münasibət” məktubunda qeyd edilənlərlə bağlı məlumat üçün qeyd edir ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.3-cü maddəsinə əsasən “müəyyən etmə və ya tanınma haqqında” iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X4) “JN seriyalı 544 B nömrəli və 319 A saylı Şəhadətnamələrin verilməsi üçün əsas olan Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar