Məhkəmə qərarları › İş №2-1(116)-620/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-620/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-620/2020 05.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixində Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İlk dəfə iş fəaliyyətinə 1973-cü ildə Ağdaş rayonunda fəaliyyət göstərən sabiq “Kirov” kolxozunda kolxozçu kimi başlamış və 1998-ci ilə qədər kolxozçu işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədləri topalayaraq ərizə ilə X5 Fondunun Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Sənədləri qəbul olunmuş və ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası qanununa əsasən 1973-1998-ci illərdə “Kirov” kolxozunda kolxozçu kimi işlədi dövrün Arxiv çıxarışı verilməsinə baxmayaraq həmin illər əmək kitabçasında qeyd olunmadığı üçün imtina olunmuşdur. Odur ki, məhkəməyə müraciət edərək, “xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: İddiaçının kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İddiaçının 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu 2 il mübahisələndirilməyən sosial sığorta stajı var. İddiaçının arxiv arayışında qeyd olunan 24 il mübahisələndirilən və hərbi xidmətdə olduğu 2 il sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 26 il sosial sığorta stajı yaranır ki, xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1974-cü il tarixli əmək kitabçası, DSMF-nun Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli **********6 nömrəli etirazı, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışı, SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 4 nömrəli arayışı, Ağdaş RİH başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 06 nömrəli arayışı, xx.xx.2020-ci il tarixli akt aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur və arxiv arayışına əsasən onun 24 il stajı var. (DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işləməsi Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışı iləöz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Kirov” kolxozunda işlədiyi 24 ilin sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar