Məhkəmə qərarları › İş №2-1(116)-621/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-621/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-621/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Qorağan kəndində yerləşən 2.40 ha torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayon Qorağan kəndində yerləşən 2.40 ha torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. İnzibati işin şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə işin halları ilə bağlı hüquqi müzakirə aparılmış, aqrar islahat komissiyasının müvafiq qərarı əsasında 2.40 ha torpaq sahəsinin iddiaçıya, onun ailə üzvləri ilə birlikdə ayrılması, digər ailə üzvlərinin iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı alınması ilə bağlı cavabdeh orqana müraciətinin olmaması, həmçinin iddiaçının, digər ailə üzvləri adından iddia qaldırmaq hüququnu təsdiq edən müvafiq etibarnaməni əlavə etməməsi bildirilmişdir. İzah edilmişdir ki, iddiaçının digər ailə üzvləri hüquqi maraqlarına uyğun olaraq onlara ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdeh orqana müraciət edə, müraciətləri təmin edilmədikdə isə birgə ərizə ilə məhkəməyə müraciət edə bilərlər (eyni zamanda iddiaçı özü də digər ailə üzvlərinin adından iddia ərizəsinin imzalanması səlahiyyətini özündə əks etdirən etibarnamə ilə cavabdeh orqana müraciət edə, həmçinin iddia ərizəsinin tərtib edə və imzalaya bilər). Məhkəmə iclasında iddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşaraq bildirdi ki, 2.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına qeydə alınmasını tələb etməsinə səbəb ailə başçısı olmasıdır. Buna görə də güman etmişdir ki, torpaq sahəsi onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alına bilər. Hazırda o, məhkəmənin hüquqi mövqeyi ilə razılaşır və müvafiq etibarnaməni əldə etdikdən sonra 2.40 ha torpaq sahəsi üzərində özünün və digər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün məhkəməyə müraciət edəcəkdir. Odur ki, iddiaçı, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi və məhkəməyə müvafiq ərizəni təqdim etdi. Cavabdehin nümayəndəsi iddianın geri götürülməsi barədə ərizənin icrata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının tərəfindən təqdim edilmiş, “iddia ərizəsinin geri qaytarılması barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçının nümayəndəsi hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Qorağan kəndində yerləşən 2.40 ha torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar