Məhkəmə qərarları › İş №2-1(116)-623/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-623/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-623/2022 15.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1965-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 28.12.1993-cü ildə Səbail Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə çağırılaraq xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin 29.12.1993-cü il tarixli 363 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Sonra o, yaralanaraq 11.02.1994-cü ildən 15.03.1994-cü ilədək stasionar müalicədə, 16.03.1994-cü ildən 11.06.1994-cü ilədək isə məzuniyyətdə olmuşdur. O, xidmət dövründə yaralanaraq hospitala göndərildiyinə görə hərbi hissə komandirinin 18.02.1994-cü il tarixli 49 nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. Daha sonra, o, ümumiyyətlə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin 30.09.1995-ci il tarixli 273 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçının qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 02.10.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, onun N nömrəli hərbi hissədə müalicəsi, məzuniyyətə getməsi barədə məlumatlar arxiv sənədləri ilə təsdiqlənmədiyinə və hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Yaralanması ilə əlaqədar 11.02.1994-cü ildən 15.03.1994-cü ilədək hərbi hospitalda müalicə olunmuşdur. Müharibədə iştirak etməsi və yaralanması bir neçə arayışla təsdiq edilsə də, cavabdeh tərəfindən ona müharibə veteranı adı verilməmişdir. Cavabdeh iddiaya qarşı 29.07.2021-ci il tarixli 11/3627 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və iddianı qəbul etməyərək bildirmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05.09.2019-cu il tarixli 9/2-12504 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin fevral-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və məzuniyyətə getməsi barədə heç bir məlumatın olmadığı qeyd olunmuşdur. Bundan başqa, Mərkəzi Arxivinin 03.04.2017-ci il tarixli 9/2-5634 nömrəli arayışında isə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi qeyd olunmuşdur. Məhz bu səbəblərdən iddiaçının iddia tələbinin təmin edilməsi qeyri-qanunidir. Bakı İnzibati Məhkəməsinin 20.10.2021-ci il tarixli 2-1(112)-8063/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 15.12.2021-ci il tarixli məktubu ilə iddiaçının hərbi biletinin, eləcə də iddiaçının xidmət etdiyi hərbi hissəyə 11.06.1994-cü ildən sonra qayıdıb-qayıtmaması və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunub-olunmaması barədə sənədlərin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı 13.01.2022-ci ildə məhkəməyə göndərdiyi ərizədə xidmət etdiyi N nömrəli hərbi hissəyə çatan kimi hərbi biletin ondan alındığını və sonradan qaytarılmadığını, buna görə də hərbi biletin əslini təqdim edə bilmədiyini bildirmişdir. Bundan başqa, o, ərizədə qeyd etmişdir ki, müalicədən sonra ona məzuniyyət verilmiş və daha sonra Səbail Rayon Hərbi Komissarlığı tərəfindən ona bildirilmişdir ki, yenidən hərbi hissəyə qayıtmağa ehtiyac yoxdur. Buna görə məzuniyyətdə olması və məzuniyyətdən qayıtması barədə sənəd təqdim edə bilmir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 03.04.2017-ci il tarixli 9/2-5634 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 29.12.1993-cü il tarixli 363 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Sonradan o, xidmət dövründə yaralanaraq hospitala göndərildiyinə görə hərbi hissə komandirinin 18.02.1994-cü il tarixli 49 nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. Daha sonra, o, ümumiyyətlə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin 30.09.1995-ci il tarixli 273 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - İşdə olan, cavabdehin iddiaya qarşı 29.07.2021-ci il tarixli 11/3627 nömrəli etiraz məktubundan görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05.09.2019-cu il tarixli 9/2-12504 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin fevral-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və məzuniyyətə getməsi barədə heç bir məlumatın olmadığı qeyd olunmuşdur. Bundan başqa, Mərkəzi Arxivinin 03.04.2017-ci il tarixli 9/2-5634 nömrəli arayışında isə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi qeyd olunmuşdur. Məhz bu səbəblərdən iddiaçının iddia tələbinin təmin edilməsi qeyri-qanunidir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin 09.02.2022-ci il tarixli 130 nömrəli məktubundan görünür ki, İddiaçı 28.12.1993-cü ildə keçmiş Səbail Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar çağırılaraq xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Lakin onun sonrakı xidməti barədə SHXÇDX-nin Səbail rayon idarəsində heç bir məlumat yoxdur. İddiaçının hərbi bileti SHXÇDX-nin Səbail rayon idarəsində aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. İddiaçının İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar