Məhkəmə qərarları › İş №2-1(116)-623/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-623/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-623/2024 18.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddəti nəzərə almaqla, xx.xx.2002-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddəti nəzərə almaqla, xx.xx.2002-ci il tarixdən əmək pensiyasıın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx.xx.1954-cü il tarixdə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2002-ci ildən ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İndiyə kimi hərbi xidmətdə olduğu 2 il 15 gün müddətin sosial sığorta stajına hesablanması barədə məlumatsız olmuşdur. Bu barədə məlumat əldə edəndən sonra DSMF Mingəçevir şəhər şöbəsinə rəsmi qaydada yazılı ərizə ilə müraciət etmişdir Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-188963/2023 №-li cavab məktubunda bildirmişdir ki, Əmək pensiyaları haqqında AR Qanununa əsasən hərbi xidmət dövrü nəzərə alınmış və sosial sığorta stajına daxil edilmişdir. İddiaçı, cavabdehin bu qərarı ilə razı deyil, çünki, hərbi xidmət müddəti də nəzərə alındıqda onun ümumi iş stajı 25 il olmalıdır. Lakin cavabdehin elə öz qərarında ümumi iş stajı 22 il 8 ay müəyyən edilir. Məhz bu səbəbdən o öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-188963/2023 nömrəli məktubla-ona pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin qərarı qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2002-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Bildiririk ki, qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 285,28 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 327,22 manata çatdırılmışdır. Diqqətə çatdırılmışdır ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1973-cü il tarixdən xx.xx.1975ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 22 il 08 ay 12 gün sığorta stajı əsasında pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (327,22 manat) dəyişiklik olmamışdır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçı V.Əsqərovun “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə goyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - BC 065933 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1973xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. - ИB-İ 128218 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1976xx.xx.1982-ci illərdə ali təhsil almışdır. - Əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1975 - xx.xx.1976, xx.xx.1976 - xx.xx.1982, xx.xx.1982 – xx.xx.1991, xx.xx.1991 – xx.xx.1996. - Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya əlilliyə görə xx.xx.2002-ci il tarixdə pensiya təyin olunmuş, xx.xx.2023-cü il tarixdə yenidən hesablanaraq, yenidən hesablanmış əmək pensiyası məbləği 327,22 manat qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1954-cü il tarixində doğulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. Belə ki, iddiaçının mövqeyinə görə cavabdeh orqan onun hərbi xidmət müddətini nəzərə almadan sosial sığorta stajını hesablayaraq 22 il 8 ay müəyyən etmişdir. Halbuki hərbi xidmət müddəti nəzərə alınacağı halda onun ümumi sosial sığorta stajı 25 il olmalıdır. Məhkəmə tərəfindən iddiaçının pensiya işi cavabdehdən alınaraq öyrənilmiş, müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən qəbul edilmiş ümumi sosial sığorta stajı 22 il, 8 ay 12 gün olmuşdur. Həmin müddətə iddiaçının xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmət müddəti də, daxildir. Məhkəmə araşdırması zamanı iddiaçının ümumi sosial sığorta stajı bir daha yoxlanılmış, müəyyən edilmişdir ki, faktiki olaraq həmin müddət 22 il 8 ay 12 günə bərabərdir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı xx.xx.1976-xx.xx.1982-ci illər üzrə müddət, onun əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1976-xx.xx.1982-ci illərlə üst-üstə düşür. Odur ki, cavabdeh orqan haqlı olaraq həmin müddətlərdən birini (əmək fəaliyyəti müddətini) sosial sığorta stajı olaraq qəbul etmiş və ümumi sosial sığorta stajını 22 il 8 ay 12 gün olmaqla hesablamışdır. ƏPHQ-nun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə araşdırması zamanı iddiaçının yuxarıda qeyd edilmiş müddətdən başqa sığorta stajı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi həbi xidmətdə olduğu müddəti nəzərə almaqla, xx.xx.2002-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar