Məhkəmə qərarları › İş №2-1(116)-623/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-623/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-623/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonun Mahamalar kəndi ərazisində fəaliyyət gosdərmiş “Musabəyov” adına kolxozun 1 nömrəli ümumi yığıncağının xx.xx.1992-ci il tarixli qərarı ilə istifadə etmək və ev tikmək üçün verilmiş 0.08 ha həyatyanı torpaq sahəsini iddiaçının adına 1 il müddətinə özgəninkiləşdirilməsi hüququnun dövlət qeydiyyatına alınması, “Çıxarış”ın və Plan Ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonun Mahamalar kəndi ərazisində fəaliyyət gosdərmiş “Musabəyov” adına kolxozun 1 nömrəli ümumi yığıncağının xx.xx.1992-ci il tarixli qərarı ilə istifadə etmək və ev tikmək üçün verilmiş 0.08 ha həyatyanı torpaq sahəsini iddiaçının adına 1 il müddətinə özgəninkiləşdirilməsi hüququnun dövlət qeydiyyatına alınması, “Çıxarış”ın və Plan Ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən Azərbaycan Respublikası Balakən rayonunun Mahamalar kəndi ərazisində fəaliyyət göstərmiş “Musabəyov” adına kolxozun 1 nömrəli ümumi yığıncağın xx.xx.1992-ci il tarixli qərarı ilə iddiaçıya istifadə etmək və ev tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan başqa mülkiyyətinə Azərbaycan Respublikasında Dövlət tərəfindən torpaq islahatı aparılarkən 0.23 ha pay torpaq sahəsi də verilmiş və bu barədə adına Torpağa Mülkiyyət Hüququna dair JN-1089 saylı Dövlət aktı tərtib edilmişdir. Hal-hazırda mülkiyyətinə verilmiş torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd olan “Çıxarış” almaq istəyir. Bununla bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinə imtina məktubu gəlmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalı olan iddiaçı xarici ölkə vətəndaşıdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-B-0021-8/2023 (**********14) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Balakən rayonunun Mahamalar kəndi ərazisində fəaliyyət göstərmiş “Musabəyov” adına kolxozun 1 nömrəli ümumi yığıncaq protokolundan görünür ki, iddiaçıya 0.08 ha torpaq sahəsi verilmişdir.

3. JN-1809 saylı kod 40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı Sədullah oğluna 0,23 ha torpaq sahəsi ayrılmışdır.

4. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonunun Mahamalar kəndində yerləşən 0.2282 ha torpaq sahəsi Nümayəndə1 xüsusi mülkiyyətində olmuşdur.

5. B 177875 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, 0.2282 ha torpaq sahəsinin hüquqi subyekti Nümayəndə1dur.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Balakən rayonunun Mahamalar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı Sədullah oğlunun adı qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-4847/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Balakən rayonunun Mahamalar kəndi keçmiş “Musabəyov” adına kolxozun ümumi yığıncağının xx.xx.1992-ci il tarixli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 02 aprel 2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. İddiaçı tərəfindən məhkəmə iclaslarında iştirak edilməmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Balakən rayonunun Mahamalar kəndi keçmiş “Musabəyov” adına kolxozun 1 nömrəli ümumi yığıncağının xx.xx.1992-ci il tarixli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinin Balakən RİH-nin Memarlıq və Tikinti şöbəsinin, Mahamlar bələdiyyəsinin təsdiq etdiyə sxemə əsasən koordinatlarını müəyyən etmək mümkündür. Həmin koordinatlara əsasən 0.08 ha torpaq sahəsinin 0.0551 ha hissəsi Nümayəndə1 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reystr nömrəsi **********77 olan çıxarışda göstərilən 0.2282 ha torpaq sahəsinin hüdudları daxilinə, qalan 0.0249 ha hissəsi isə Balakən rayonu Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə düşür. İddiaçı verilmiş JN-1089 Dövlət Aktının DWG və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsinin naturada ölçüləri 0.4972 ha olmaqla TEKUİS məlumat bazasına əsasən Balakən rayonu Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. İddiaçının naturada istifadəsində olan 0.4972 ha torpaq sahəsinin hüdudları daxilində DWG məlumatlarına əsasən 1089 V cigisində göstərilən torpaq sahəsinin ölçüləri 0.2282 ha olmaqla Nümayəndə1 mülkiyyətinə kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatına yararlı ərazidir. İddiaçı tərəfindən naturada istifadə olunun 0.4972 ha torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya kolxozun qərarı və JN- 1089 Dövlət aktına əsasən verilmiş torpaq sahəsinin koordinatları iddiaçının faktiki istifadə etdiyi yerə uyğundur. Kolxozun qərarı ilə ayrılmış torpaq sahəsi və naturada istifadəsində olan torpaq sahəsi çəpərə alınmışdır və üzərində fərdi yaşayış evi inşa edilməmişdir. Təqdim olunan mütəxəssis rəyinə əlavəyə əsasən müəyyən edilmişdir ki, İddiaçı Sədullah oğlunun iddia olunan torpaq sahəsinə reyestrdən Çıxarışı var. İddiaçı Sədullah oğluna verilmiş torpaq sahəsinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin təqdim etdiyi sənədlərdə koordinatların olmadığından müəyyən etmək mümkün deyil. Göründüyü kimi iddiaçının hüquqi marağı Balakən rayonunun Mahamalar kəndi keçmiş “Musabəyov” adına kolxozun ümumi yığıncağının xx.xx.1992-ci il tarixli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.Həmin torpaq sahəsinin 551 kv.m hissəsi Nümayəndə1 adına dövlət reyestrində qeydiyyata alınmış reystr nömrəsi **********77 olan çıxarışın koordinatları ilə üst-üstdə düşür.Bu baxımdan da qalan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması həm iddiaçının nail olmaq istədyi hüquqi nəticə,həm də prosessual qənaət prinsipi nəzərə alınmaq məqsədə müvafiq deyildir. İddiaçıya hüquqi yardım qaydasında izah edildir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və onun ilkin qeydiyyatı mübahisələndirilə və ya TEKUİS-ə uyğunlaşdırılması məsələsi üçün cavabdehə müraciət edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonun Mahamalar kəndi ərazisində fəaliyyət gosdərmiş “Musabəyov” adına kolxozun 1 nömrəli ümumi yığıncağının xx.xx.1992-ci il tarixli qərarı ilə istifadə etmək və ev tikmək üçün verilmiş 0.08 ha həyatyanı torpaq sahəsini iddiaçının adına 1 il müddətinə özgəninkiləşdirilməsi hüququnun dövlət qeydiyyatına alınması, “Çıxarış”ın və Plan Ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar