Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-624/2022 13.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "pensiya hüququnun yarandığı 16.09.2017-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 16.09.2017-ci ildən bugünə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır. İddiaçının adına olan "Kolxozçunun əmək kitabçası"nda olan qeydlərə görə, o, 1974, 1975, 1977, 1982-ci illərdə Şəki rayonu Kiçik Dəhnə kəndi Telman adına kolxozda işləmişdir. O, 07.05.1979-cu ildən 03.07.1981-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında olan qeydlərə əsasən, iddiaçı aşağıdakı iş yerlərində işləmişdir: - 20.08.1981-ci ildən 20.09.1982-ci ilədək 29 saylı Tikinti Quraşdırma İdarəsində fəhlə, - 12.10.1982-ci ildən 04.08.1983-cü ilədək "Azbaşenerji"nin 240 nömrəli hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı, - 08.08.1983-cü ildən 03.02.1986-cı ilədək "Azenerjitikinti" trestinin Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikinti-Quraşdırma İdarəsində elektrik qaynaqçısı, - 10.02.1986-cı ildən 01.02.1989-cu ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində elektrik qaz qaynaqçısı, - 01.02.1989-cu ildən 07.11.2007-ci ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində qaz qaynaqçısı, - 27.07.2012-ci ildən 22.12.2015-ci ilədək "xxxx" ASC-də elektrik qaynaqçısı, - 22.12.2015-ci ildən 01.08.2019-cu ilədək "xxxx" ASC-də elektrik quraşdırıcısı, - 20.08.2019-cu ildən 25.08.2021-ci ilədək "xxxx" QSC-də elektrik qaz qaynaqçısı. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə 24.09.2021-ci ildə müraciət etmiş, lakin cavabdeh 27.10.2021ci il tarixli **********8 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasını minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38200 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30690,52 manat təşkil edir. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətini cavablandırarkən onun təqdim etdiyi sənədləri ümumiyyətlə araşdırmamış, sadəcə olaraq, qanunsuz bir cavab vermişdir. Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdehin fikrincə, həmin maddə yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan versə də, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərdə tutulmur. İddiaçının pensiya kapitalının məbləği isə tələbə cavab vermir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə müraciət olunarkən iş yerinin arayışı təqdim edilməmişdir. Bundan başqa, məhkəmənin sorğusuna cavabdehin 24.02.2022-ci il tarixli cavabında göstərilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasına və ona əlavə olunmuş sənədlərə əsasən, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 26 il 5 ay 4 gün, güzəştli iş stajı isə 19 il 10 ay 21 gün təşkil edir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 2589 nömrəli "Kolxozçunun əmək kitabçası"nın surətindən görünür ki, İddiaçı 1974, 1975, 1977, 1982-ci illərdə Şəki rayonu Kiçik Dəhnə kəndi Telman adına kolxozda işləmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 19.11.2021-ci il tarixli 671 nömrəli arayışından görünür ki, İddiaçı 07.05.1979-cu ildən 03.07.1981-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.08.1981-ci ildən 20.09.1982-ci ilədək 29 saylı Tikinti Quraşdırma İdarəsində fəhlə, 12.10.1982-ci ildən 04.08.1983-cü ilədək "Azbaşenerji"nin 240 nömrəli hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı, 08.08.1983-cü ildən 03.02.1986-cı ilədək "Azenerjitikinti" trestinin Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikinti-Quraşdırma İdarəsində elektrik qaynaqçısı, 10.02.1986-cı ildən 01.02.1989-cu ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində elektrik qaz qaynaqçısı, 01.02.1989-cu ildən 07.11.2007-ci ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində qaz qaynaqçısı, 27.07.2012-ci ildən 22.12.2015-ci ilədək "xxxx" ASC-də elektrik qaynaqçısı, 22.12.2015-ci ildən 01.08.2019-cu ilədək "xxxx" ASC-də elektrik quraşdırıcısı, 20.08.2019-cu ildən 25.08.2021-ci ilədək "xxxx" QSC-də elektrik qaz qaynaqçısı işləmişdir. - "xxxx" ASC "xxxx" MMC-nin 22.11.2021-ci il tarixli 07-54 nömrəli "İşin xarakteri haqqında arayış"ından görünür ki, İddiaçı 10.02.1986-cı ildən 01.02.1989-cu ilədək "Azərbaycan" DRES-nin Elektrik sexinə köçürmə yolu ilə 4cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində, 01.02.1989-cu ildən 03.05.1989cu ilədək həmin sexdə 3-cü dərəcəli qaz qaynaqçısı vəzifəsində, 03.05.1989-cu ildən 04.01.1993-cü ilədək həmin sexdə 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsində, 04.01.1993-cü ildən 07.11.2007-ci ilədək həmin sexdə 5-ci dərəcəli qaz qaynaqçısı vəzifəsində işləmiş, 07.11.2007-ci ildə öz xahişi ilə işdən azad edilimşdir. İddiaçı oğu 10.02.1986-cı ildən 07.11.2007-ci ilədək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3-təhlükəlilik sinfi 3-4, səsküy, titrəmə, nəmlilik iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 10.02.1986-cı ildən 07.11.2007-ci ilədək aylıq məvacibinin 12 %-i miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işiədiynə görə əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 10.02.1986-cı ildən 01.02.1989-cu ilədək işlədiyi elektrik qaz qaynaqçısı vəzifəsi və 01.02.1989-cu ildən 07.11.2007-ci ilədək işlədiyi qaz qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli siyahısının (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli qaran ilə qüvvədən düşmüşdür) "Ümumi peşələr" adlı 33-cü bölməsinin "a" bəndinin 46-cı abzasına - 23200000-19756 - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları" və "a" bəndinin 8-ci abzasına "23200000-11620 - qaz qaynaqçıları" bəndinə uyğundur. X2 10.02.1986-cı ildən 01.02.1989-cu ilədək işlədiyi elektrik qaz qaynaqçısı vəzifəsi və 01.02.1989-cu ildən 07.11.2007-ci ilədək işlədiyi qaz qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın "Ümumi peşələr" adlı 35-ci bölməsinin 26-cı - qaz qaynaqçıları və 64-cü - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları abzaslarına uyğundur. - İşdə olan, cavabdehin 27.10.2021-ci il tarixli **********8 nömrəli imtina məktubundan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38200 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30690,52 manat təşkil edir. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində isə deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.1993-cü ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 26.06.1997-ci ildə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nın "Ümumi peşələr" adlanan 23200000 - XXXİİİ bölməsində aşağıdakılar göstərilmişdir: 23200000 - 11620 kodu - qaz qaynaqçıları; 23200000 - 19756 kodu - kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın "Ümumi peşələr" adlanan 35-ci bölməsində qaz qaynaqçıları və kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları göstərilmişdir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, 16.09.2017-ci ildə 57 yaşına çatmışdır. Ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı ilədək 25 il ümumi iş stajının və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. İddiaçının adına olan "Kolxozçunun əmək kitabçası"nda olan qeydlərə görə, o, 1974, 1975, 1977, 1982-ci illərdə Şəki rayonu Kiçik Dəhnə kəndi Telman adına kolxozda işləmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edildi ki, göstərilən dövrdə kolxozda müəyyən edilmiş əmək iştirakı minimumu 220 adam/gün olmuş, iddiaçı 1974-cü ildə 102 adam/gün, 1975-ci ildə 91 adam/gün, 1977-ci ildə 34 adam/gün, 1982-ci ildə 31 adam/gün olmaqla, cəmi 227 adam/gün yerinə yetirmişdir. Belə olan halda, onun həmin müddət üçün sosial sığorta stajı 1 il 11 gün təşkil edir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə də İddiaçı 07.05.1979-cu ildən 03.07.1981-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 1 ay 26 gün müddət onun sığorta stajına daxil edilməlidir. İddiaçının əmək kitabçasında olan məlumatlara görə onun işlədiyi müddət 20.08.1981-ci ildən 20.09.1982-ci ilədək 1 il 1 ay, 12.10.1982-ci ildən 04.08.1983-cü ilədək 9 ay 23 gün, 08.08.1983-cü ildən 03.02.1986-cı ilədək 2 il 5 ay 25 gün, 10.02.1986-cı ildən 01.02.1989-cu ilədək 2 il 11 ay 20 gün, 01.02.1989-cu ildən 01.01.2006-cı ilədək 16 il 11 ay, bunların cəmi isə 24 il 03 ay 08 gün təşkil edir. Yuxarıda sadalanan müddətləri topladıqda (1 il 11 gün + 2 il 1 ay 26 gün + 24 il 3 ay 8 gün) iddiaçının ümumi stajının cəmi 27 il 5 ay 15 gün olması məlum olur. İddiaçının güzəştli stajının müddətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu müddət iddiaçının 08.08.1983-cü ildən 03.02.1986-cı ilədək "Azenerjitikinti" trestinin Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikinti-Quraşdırma İdarəsində elektrik qaynaqçısı, 10.02.1986-cı ildən 01.02.1989-cu ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində elektrik qaz qaynaqçısı, 01.02.1989-cu ildən 01.01.2006-cı ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində qaz qaynaqçısı işlədiyi 19 il 10 ay 21 gün, cəmi 22 il 4 ay 15 gün təşkil edir. İş materiallarında bu müddətin 08.08.1983-cü ildən 03.02.1986-cı ilədək olan 2 il 5 ay 25 gün hissəsi üçün iş yerindən arayış mövcud olmasa da, qalan müddət üçün arayış işə əlavə edilmişdir. Cavabdeh də iddiaçının 01.01.2006-cı il tarixə 25 ildən artıq (26 il 5 ay 4 gün) ümumi iş stajının və 12 il 6 aydan artıq (19 il 10 ay 21 gün) güzəştli iş stajının olmasını etiraf edir. Cavabdehin pensiya təyin etməkdən imtinasının əsas dəlili ondan ibarətdir ki, hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi yaş və staj məsələsində əvvəlki qanunvericiliyin tətbiqinə imkan versə də, pensiya kapitalı məsələsi üçün belə bir istisna nəzərdə tutulmur, iddiaçının isə pensiya kapitalının məbləği tələb olunan məbləğdən azdır. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində əvvəllər qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan yaşa və staja görə tələblərin tətbiq edilməsi üçün şərt kimi şəxsin yalnız güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını əldə etməsi tələb olunur. Həmin maddədə şəxsin həm də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya pensiya hüququnun yarandığı 16.09.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmamışdır. Ona görə də iddianın həmin hissəsi təmin olunmalıdır. İddianın 16.09.2017-ci ildən bugünə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin normaya uyğun olaraq, iddiaçıya pensiya onun pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən, yəni 24.09.2021-ci ildən əvvəlki üç il üçün hesablanmalı və ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Ona görə də iddia pensiyanın 16.09.2017-ci ildən 24.09.2018-ci ilədək olan müddət üçün hesablanması və birdəfəlik ödənilməsi hissəsində təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 16.09.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının 24.09.2018-ci ildən başlayaraq hesablanması və ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. İddia pensiyanın 16.09.2017-ci ildən 24.09.2018-ci ilədək olan müddət üçün hesablanması və ötən dövr üçün hesablanan pensiyanın birdəfəlik ödənilməsi hissəsində təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-624/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-624/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver