Məhkəmə qərarları › İş №2-1(116)-625/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-625/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-625/2022 28.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı pensiya hüququnun yarandığı 11 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 11 yanvar 2020ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “11 yanvar 2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 11 yanvar 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, "xxxx"-nin Mərkəzi Təmir Sexində 15.08.1983 – 15.07.1985 (1 il 11 ay) və 15.08.1985 – 01.01.2006-cı illərdə (20 il, 4 ay, 15 gün) əmək fəaliyyəti ilə məşğul olmuş, həmin müddətin 12 il 6 aydan çoxunu əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmış, həmçinin 01.09.1980-18.04.1981-ci illərdə texniki peşə təhsili almış və 23.04.1981-30.05.1983-cü il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı, 01.01.2006-cı il tarixədək ümumi stajı 25 ildən, xüsusi stajı 12 il 6 aydan çox olduğuna və 11.01.2020-ci ildə 57 yaşı tamam olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün zəruri olan 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının, 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması və 57 yaşının tamam olması, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulması ilə əsaslandırmış, cavabdeh orqan isə iddia tələbinə etirazını iddiaçının işlədiyi peşənin müvafiq 2 saylı Siyahıda nəzərdə tutulmaması, buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 21.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 20.08.1983-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı 15.08.1983 – 15.07.1985 (1 il 11 ay) və 15.08.1985 – 01.01.2006-cı illərdə (20 il, 4 ay, 15 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. - 20.04.1981-ci il tarixdə X4 Təhsili Komitəsi tərəfindən verilmiş 1924/76 nömrəli attestatdan görünür ki, iddiaçı 01.09.1980-18.04.1981-ci illərdə (7 ay 17 gün) traktorçumaşinist ixtisası üzrə əyani texniki peşə təhsili almışdır. - SHXÇÜDX-nin Mingəçevir şəhər şöbəsinin 05.02.2021-ci il tarixli 353 №-li arayışından görünür ki, iddiaçı 23.04.1981-30.05.1983-cü il tarixlərdə (2 il, 1 ay, 7 gün) SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 23.11.2021-ci il tarixli, 07- 55 №-li və 07.12.2021-ci il tarixli 07-57 №-li işin xarakteri haqqında arayışlarında iddiaçının 05.08.1985-ci il tarixdən "xxxx"-nin Mərkəzi Təmir Sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində əmək fəaliyyətinə başlaması və 02.01.1986-cı il tarixdən indiyədək həmin sexdə kran maşinisti işləməsi, o cümlədən işlədiyi sahənin zərərli sahə olması ilə əlaqədar mövcud iş şəraiti barədə məlumatlar öz əksini tapmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də qismən əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi 11.01.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Cavabdehin etirazının başlıca dəlili iddiaçının işləmiş olduğu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmaması, buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmaması ilə bağlıdır. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və 01.01.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 9 günə bərabərdir (7 ay 17 gün + 1 il 11 ay + 20 il 4 ay 15 gün + 2 il 1 ay 7 gün). Yəni, iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi və kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Belə ki, "xxxx" ASC "xxxx" MMC-nin 23.11.2021-ci il tarixli arayışına əsasən, iddiaçı 05.08.1985-ci il tarixdən 02.01.1986-cı il tarixədək "xxxx"-nin Mərkəzi Təmir Sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (690 nömrəli, 08.08.1985-ci il tarixli Əmr), 02.01.1986-cı il tarixdən 29.02.1987-ci il tarixədək həmin sexdə 3-cü dərəcəli kran maşinisti vəzifəsində (6 nömrəli, 09.01.1987-ci il tarixli Əmr), 29.02.1987- ci il tarixdən 01.02.1989-cu il tarixədək həmin sexdə 4-cü dərəcəli kran maşinisti vəzifəsində (36 nömrəli 26.02.1987-ci il tarixli Əmr), 01.02.1989-cu il tarixdən 01,10.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində (40/K nömrəli, 01.03.1989-cu il tarixli Əmr), 01,10.1993-cü il tarixdən 02.09.1994-cü il tarixədək X1 və Təmiri sexində 5-ci dərəcəli kran maşinisti vəzifəsində (224/K nömrəli, 13.10.1993cü il tarixli Əmr), 02.09.1994-cü il tarixdən 01,04.2009-cu il tarixədək həmin sexdə 6-cı dərəcəli kran maşinisti vəzifəsində (193/K nömrəli, 15.09.1994-cü il tarixli Əmr), 01.04.2009-cu il tarixdən 01.06.2020-ci il tarixədək X1 sexinin “Yük qaldırıcı mexanizmlərin istismarı briqadasında 6-cı dərəcəli kran maşinisti vəzifəsində (28 nömrəli, 30.03.2009-cu il tarixli Əmr), 01.06.2020-ci il tarixdən hal-hazıradək Mərkəzi Təmir sexində Yükqaldırıcı mexanizmlər sahəsində 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir (80/Ş nömrəli, 01.06.2020-ci il tarixli Əmr). İddiaçı 05.08.1985-ci il tarixdən hal hazıradək işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində, zərərli kimyəvi maddələr mq/m3 - təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olan iş şəraitində işləmişdir. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 05.08.1985-ci il tarixdən halhazıradək hər ay aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən əmək məzuniyyətinə 6 təqvim günü ödənişli əlavə məzuniyyət verilmişdir. "xxxx" ASC-nin 25.04.2003-cu il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - “Azərbaycan Dövlət Rayon Elektirik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-ci il tarixli AÜ/002 saylı əmirinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. Həmçinin müvafiq arayışda iddiaçının 05.08.1985-ci il tarixindən 02.01.1986-cı il tarixədək tutduğu maşın avadanlığının təmiri üzrə çilingər və 02.01.1986-cı il tarixdən hal hazıradək tutduğu kran maşinisti vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarına əsasən “elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” bölməsinin “a” bəndində - “2140000a-13790 vəzifə koduqazanxana, turbin (qaz-turbin) avadınlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar), “2140000a-18455 vəzifə kodu qazanxana, turbin (buxar- qaz turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlarda olan elektrik çilingərləri vəzifəsinə uyğunluğu və həmin vəzifələrdə 05.08.1985-ci il tarixdən – 31.12.2005-ci il tarixədək iş stajının 20 il 4 ay 26 gün olması qeyd olunmuşdur. İddiaçının 1 yanvar 2006-cı ilə qədər Siyahıda nəzərdə tutulan peşədə fəaliyyət dövrü 12 il 6 aydan çox olmuşdur. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin xx.xx.1963-cü il təvəllüdlü olduğu nəzərə alınaraq, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının tələbinin ikinci hissəsi “11 yanvar 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” ilə bağldır ki, tələbin həmin hissəsi əsassızdır. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, 11 yanvar 2020-ci il tarixdən hesablanmaqla ödəniləcək pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək, aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qaydası qanunvericiliklə birbaşa tənzimləndiyindən, iddiaçı həmin məbləğin ona birdəfəlik ödənilməsini tələb etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 11 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 11 yanvar 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. İddia tələbinin “11 yanvar 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi əsassız olduğundan təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar