Məhkəmə qərarları › İş №2-1(116)-625/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-625/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-625/2023 05.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxmış, dövlət qulluqçusu olmuş şəxs kimi ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxmış, dövlət qulluqçusu olmuş şəxs kimi ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 02 yanvar 1990-cı il tarixdən 09 noyabr 2021-ci il tarixədək Ağdaş rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (o vaxt Təhsil Nazirliyi) 04 noyabr 2021-ci il tarixli, K-1354 nömrəli və onunla əlaqədar Ağdaş rayon Təhsil Şöbəsinin 10 noyabr 2021-ci il tarixli, K-87 nömrəli əmrinə əsasən 09 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 33.1.12-ci maddəsinə əsasən dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə iddiaçının dövlət qulluğuna xitam verilərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsi pozulmuşdur. Lakin baxmayaraq ki, iddiaçı o zaman pensiya yaşına çatdığına görə öz arzusu ilə dövlət qulluğundan çıxması barədə ərizə ilə müraciət etmiş, nə səbəbdənsə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən, cavabdeh tərəfindən ona Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 33.2-ci maddəsində nəzərdə tutulmuş ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilirməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, M-2859/3/1024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12ci maddəsinə (dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda) əsasən xitam verildiyi üçün həmin qanunun 33.2-ci maddəsi iddiaçıya şamil edilmir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, ərizənin məzmunundan görünür ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.2021-ci il tarixə qədər dövlət qulluğunda çalışmışdır. İddiaçı dövlət qulluğunda olmanın yaş həddinə çatdığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının Elm və Təhsil Nazirliyinə ünvanlandığı ərizənin məzmunundan görünür ki, o dövlət qulluğunda çalışmanın yaş həddinə çatdığını, lakin sağlamlığının və səhhətinin normal olduğunu nəzərə alaraq, onunla 1 il müddətinə əmək müqaviləsinin bağlanmasını və əmək münasibətlərinin davam etdirilməsini xahiş etmişdir. Onun ərizəsi Ağdaş Rayon Təhsil Şöbəsinin xx.xx.2021-ci il tarixli, 34-195 saylı təqdimatı ilə birlikdə nazirliyə daxil olmuşdur. Lakin işəgötürən təhsil şöbəsinin təqdimatını və iddiaçının ərizəsini nəzərə almayaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə əsasən onunla bağlanmış əmək müqavilsəinə xitam vermişdir. Yuxarıda qeyd ediliyi kimi, iddiaçının işəgötürənə ünvanlandığı ərizə onun pensiya yaşına çatmasına görə dövlət qulluğuna xitam verilməsi ilə bağlı olmamışdır. O əsasla əmrdə ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öz əksini tapmamışdır. Əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş və iddiaçının hüquqlarının pozulmasına dair heç bir hərəkətə yol verilməmişdir. Eyni zamanda inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu bardə tələbinin hüquqi əsası yoxdur. Cavabdeh etirazında həmçinin bildirmişdir ki, iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 1 il sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı müddətin üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də cavabdeh hesab edir ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi mümkünsüz hesab edilməlidir. Cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçı tərəfindən bir il müddətinə əmək müqaviləsinin bağlanması ilə bağlı ərizə verildikdən sonra, məsələ müsbət həllini tapmadığından, öz arzusu ilə dövlət qulluğundan azad olunması barədə daha bir ərizənin təqdim edildiyini bildirmiş, bu əsasla iddianın təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədikdən və imtina cavabı aldıqdan sonra iddiaçı məhkəməyə iddia vermişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etirazda iddianın mümkün sayılmaması xahiş edilsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehin əmrini mübahisələndirmədiyindən iddia mübahisələndirmə növündə iddialara aid edilə və müddət tətbiq oluna bilməz. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. 562 nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, iddiaçı Ağdaş rayon Təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. 0159080 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.12-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir (əmr K-87, xx.xx.2021). Əsas: Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1354 nömrəli əmri. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-29/2-1227/2023 nömrəli məktubuna əlavə olunmuş: İddiaçının xx.xx.2021-ci tarixli ərizəsindən görünür ki, iddiaçı Ağdaş rayon Təhsil şöbəsindən yaş həddinə çatması ilə bağlı onunla bir il müddətinə əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. Ağdaş rayon Təhsil şöbəsinin xx.xx.2021-ci il tarixli təqdimatından görünür ki, iddiaçı 65 yaşının xx.xx.2021-ci il tarixdə tamam olması səbəbilə onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması barədə ərizə ilə Ağdaş rayon Təhsil şöbəsinə müraciət etmiş, Ağdaş rayon Təhsil şöbəsi isə Təhsil Nazirliyinə təqdimat ünvanlayaraq buna münasibət bildirilməsini xahiş etmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-1354 nömrəli əmrindən görünür ki, Ağdaş rayon Təhsil şöbəsinin xx.xx.2021-ci il tarixli, 34(01)/TQ-99-2681 nömrəli məktubu, təqdimatı, İddiaçı ərizəsi əsas götürülərək, Ağdaş rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 9 noyabr 2021-ci il tarixdən xitam verilmişdir. Əmr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.12-ci maddəsinə əsasən verilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-40875/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 mərkəzinə əmək pensiyası barədə arayışın verilməsi üçün müraciət etmişdir. Həmin müraciət əsasında adıçəkilən şəxsə xx.xx.2021-ci il tarixli **********2 nömrəli arayış təqdim edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialının iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, **********2 nömrəli arayışdan görünür ki, iddiaçıya yeddi yüz doqquz manat səkkiz qəpik məbləğində pensiya təyin edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 926- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanunun tələblərinə görə: 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir; 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır; 32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir; 32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Qanunun 33-cü maddəsinə görə: 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; ... 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Normaların tələbindən də göründüyü kimi, dövlət qulluğunda olmanın yaş həddi 65 olaraq müəyyən edilmiş, hər dəfə bir il olmaqla, dövlət qulluqçusunun qulluqda olmaq müddətinin beş ildən artıq olmamaq şərtilə uzadılması qanunvericiliklə təsbit etilmişdir. Qanunun 33-cü maddəsi ilə dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxması halında ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi və bu məbləğdən vergi tutulmaması nəzərdə tutulmuşdur. Tələb üzrə iddiaçının hüquqi marağı məhz pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxması əsasıyla ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq ödənilməsinin təmin edilməsindən ibarətdir. İşin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasın hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə görə, sözügedən ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün dövlət qulluqçusu aşağıdakı tələblərə cavab verməlidir: 1) dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmalı (65 yaş); 2) öz arzusu ilə dövlət qulluğundan çıxmalıdır. İş üzrə iddiaçının işdən çıxarılması barədə əmrə və onun əmək kitabçasındakı qeydlərə əsasən müəyyən edilir ki, iddiaçı Qanunun 33.1.12-ci bəndinə əsasən - dövlət qulluğunda olmanın yaş həddinə çatması əsası ilə dövlət qulluğundan azad edilmişdir. Bu isə öz arzusu ilə dövlət qulluğundan çıxma halını istisna edir. Dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilməsi əsası, özlüyündə könüllülük ifadə etməkdədir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizənin surətinə əsasən müəyyən olunur ki, iddiaçı öz ərizəsində çalışmanın yaş həddinə çatması ilə bağlı onunla bir il müddətinə əmək müqaviləsi bağlanmasını xahiş etmişdir. Bu isə könüllü şəkildə işdən çıxmanı istisna edən hal kimi qiymətləndirilməlidir. İddiaçı və vəkili izahatlarında sözügedən ərizənin iddiaçı tərəfindən imzalandığını təsdiq etmiş, lakin ərizə müsbət həllini tapmadığından onun tərəfindən daha bir ərizə ilə müraciət edilərək öz arzusuna əsasən dövlət qulluğuna xitam verilməsini xahiş etdiyini bildirsələr də, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. İşin göstərilən halı ilə bağlı məhkəmə qeyd edir ki, şəxsin öz arzusu əsasında dövlət qulluğuna xitam verilməsi, qanunla müəyyən edilmiş yaş həddinə çatmış dövlət qulluqçusunun, 65 yaşa çatdıqdan sonra və ya qabaqcadan könüllü şəkildə dövlət orqanını xəbərdar etməklə işdən çıxmaq arzusunu ifadə etməsindən ibarətdir. Məhz bu səbəbdəndir ki, qanunverici dövlət orqanı rəhbəri tərəfindən şəxsin dövlət qulluğunu davam etdirməsi barədə qərar qəbul edildiyi halda, dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməli olması kimi vəzifə müəyyən etmişdir. Odur ki, şəxsin ilk öncə dövlət qulluğunu davam etdirmə barədə ərizə təqdim etməsi, məqsədinə nail olmadığı halda yenidən ərizə təqdim edərək öz arzusu ilə işdən çıxdığını iddia etməsi halı könüllülük prinsipinən məzmununu ifadə etməməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxmış, dövlət qulluqçusu olmuş şəxs kimi ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar