Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-625/2025 30.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan 1) cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Xətai rayonu, F.Əliyev küçəsi 5) qarşı «orqanizmin fuksiyalarının pozulması faizinin dəyişdirilməsi» barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxxx 2006-cı il tarixdə doğulmuşdur. X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ilk dəfə qiymətləndirmə tarixi 7 avqust 2023-cü il olmaqla 9 may 2023cü il tarixdən ümumi xəstəlikdən, diaqnoz “F70 Yüngül dərəcəli əqli gerilik. Yüngül dərəcəli əqli gerilik, ciddi davranış pozuntuları ilə. Kənar şəxsin daima qulluğuna ehtiyacı var. İQ 55” olmaqla müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin əlillik təyinatı zamanı onun orqanizminin funksiyalarının pozulması faizi 80% qiymətləndirilmişdir. Bundan sonra təkrar müraciət əsasında İddiaçı üçüncü dərəcə əlilliklər təyin olunmuşdur. Sonuncu dəfə tibb müəssisəsinin göndərişi əsasında İddiaçı əlilliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilmiş və ona həmin qurumun 27 aprel 2024-cü il tarixli xxxxxxx0018 nömrəli qərarı ilə sas diaqnozu “F84. Psixoloji inkişafın ümumi pozuntusu”, oranizmin funksiyalarının pozulması faizi 40% olmaqla 5 il müddətinə əlillik təyin edilmişdir. İddiaçı 18 yaşı tamam olmamışdan əvvəl, yəni 27 may 2024-cü il tarixdə qanuni nümayəndəsi (valideyni) Qanuni nümayəndə iddiaçı kimi çıxış etməklə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin düzgün təyin edilməsi» tələbini irəli sürərtək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə icraatının gedişində məhkəmənin qərardadı ilə iş üzrə iddiaçı İmanova X1 Sahib Müşfiq oğlu ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı kiçik yaşlarından autizm, əqli gerilik və ciddi davranış pozuntusundan əziyyət çəkir. X4-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun orqanizminin funksiyalarının pozulması faizi ilkin olaraq 80%, sonradan isə 40% qiymətləndirilmişdir. Əvvəlcə ona ikinci dərəcə əlillik verilmiş, bir müdddət sonra həmin əlillik dəyişdirilmişdir. Sonuncu müayinənin nəticələri üzrə 17 aprel 2024-cü il tarixli tibbi göndəriş əsasında 27 aprel 2024-cü il tarixli qərarla ikinci dərəcə əlillik bərpa olunmamışdır. Hətta göstərilmişdir ki, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər. Hazırda cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 aprel 2024-cü il tarixli qərarı mübahisələndirilir və İddiaçı əlilliyinin düzgün təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb olunur. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya etiraz edir və bildirir ki, İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin 17 aprel 2024cü il tarixli göndərişi əsasında baxılmış və “Ümumi xəstəlik; diaqnozun mətni: psixoloji inkişafın ümumi pozuntusu; meyar: 7.Psixi və davranış pozuntuları – Psixoloji inkişaf pozğunluqları – Psixoloji inkişafın ümumi pozuntusu – uşaq autizmi (tipik autizm) – əsas həyat bilikləri və vərdişlərin qazanılmasına əhəmiyyətli dərəcədə mane olan verbal və qeyri-verbal əlaqənin nəzərəçarpacaq dərəcədə pozulması və stereotip qeyri-funksional davranış” səbəbi ilə ümumi səbəblərdən xəstəlik üzrə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir (OFP 70%). İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə X3 Dispanserinin 17 aprel 2024-cü il tarixli göndərişi əsasında əyani müayinə edilməklə baxılmış və “Səbəbi: ümumi xəstəlik; diaqnozun mətni: Əsas diaqnoz F84. Psixoloji inkişafın ümumi pozuntusu; Meyar; 7.Psixi davranış pozuntuları – Pxisoloji inkişafın ümumi pozuntusu – asperger sindromu – normal intellektual inkişafa uyğun olan özünəxidmət vərdişləri, adaptiv davranış və ətrafa qarşı maraq, ətrafdakılarla qarşılıqlı təsir zamanı müəyyən dərəcədə motor ləngimə və ya motor natarazlıq, marağın dərin olmayan məhdudlaşması və ya bəzi stereotip hərəkətlər. OFP yekun faizi 40% olmaqla” müddətsiz əlillik təyin edlmişdir. Göstərilənlərə və Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 və 12 nömrəli, 13 may 2022-ci il tarixli 187 nömrəli qərarlarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «cavabdehin üzərinə 27 aprel 2024-cü il tarixli xxxxxxx0018 nömrəli qərarın dəyişdirilərək İddiaçı orqanizminin pozulmasının faizinin 65 – 80 olaraq düzəliş edilməsi öhdəliyinin qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, qismən əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəalarına görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1), Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir (1.2). Cavabdehin mübahisələndirilən qərarının qəbulu 27 aprel 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə verilməsi isə 27 may 2024-cü il tarixə, yəni qərarın qəbulundan 30 gün sonrakı tarixə təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı işdə 27 aprel 2024-cü il tarixli xxxxxxx0018 nömrəli qərara münasibətdə mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək iddianı mümkün sayır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdlr. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə qismən əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 aprel 2024-cü il tarixli xxxxxxx0018 nömrəli qərarı qismən qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəaları tətbiq olunur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-nın qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKnın qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. X5 – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin “Psixi və davranış pozuntuları” bölməsinin 7.2-ci “Əqli gerilik” bəndinin 7.2.2-ci yarımbəndinə görə XBT kodu F70 – F73 olan xəstəliklər aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin müddətsiz təyininə əsas verir: - (7.2.1) yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; - (7.2.2) orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması – orqanizmin funksiyalarının 65 – 80 % pozulması. Göründüyü kimi, mövcud qanunvericilik normaları psixi və davranış pozuntuları olan şəxslərdə orta dərəcəli əqli gerilik, yəni adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması orqanizmin funksiyalarının 65 – 80 faiz pozulması kimi qiymətləndirilməsinə əsas verir. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazda dəlil kimi bildirdiyi xüsusat ondan ibarətdir ki, İddiaçı sonuncu dəfə Mingəçevir şəhər PND-nin 17 aprel 2024-cü il tarixli F00185052JMS nömrəli göndərişi əsasında əlavə əyani müayinə edilmiş və ona XBT kodu F84 (əsas diaqnoz: psixoloji inkişafın ümumi pozuntusu) olmaqla «Əlilliyin müəyyən olunması Meyarları»nın 7.1.1.1-ci yarımbəndinə uyğun olaraq “Psixi və davranış pozuntuları. Psixoloji inkişaf pozğunluqları. Psixoloji inkişafın ümumi pozuntusu. asperger sindromu – normal intellektual inkişafa uyğun olan özünəxidmət vərdişləri, adaptiv davranış və ətrafa qarşı maraq, ətrafdakılarla qarşılıqlı təsir zamanı müəyyən dərəcədə motor ləngimə və ya motor natarazlıq, marağın dərin olmayan məhdudlaşması və ya bəzi stereotip hərəkətlər” diaqnozu qoyulmuşdur. Nəticə etibarilə cavabdeh tərəfindən orqanizmin funksiyalarının 40% pozulmasına dair 5 il müddətinə əlillik təyinatı aparılmışdır. İddiaçı isə qoyulan diaqnozla razılaşmayaraq, əlillik təyinatının orqanizmin funksiyalarının pozulması faizi 81 – 100 olmaqla aparılması barədə iddia qaldırmışdır. İş materiallarında olan Mingəçevir şəhər PND-nin xx.xx.2024-cü il tarixli F00185052JMS nömrəli göndərişində isə TSEK-ə göndəriş zamanı əsas diaqnoz “XBT10 kodu F84 Psixoloji inkişafın ümumi pozuntusu”, ağırlaşma “XBT10 kodu F84.0 Uşaq autizmi, kanner sindromu İQ44”, yanaşı xəstəliklər “XBT10 kodu F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik”, yanaşı xəstəliklər “XBT10 kodu M40 kifoz və lordoz” kimi qeyd edilmişdir. Məhkəmənin 5 may 2025-ci il tarixli qərardadı ilə yenidən iş üzrə canlı şəxsin – İddiaçı məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Məhkəmə-X2” PHŞ-nin ekspertlərinə həvalə edilmişdir: 1) iddiaçının hazırkı psixi vəziyyətini əks etdirən əsas diaqnoz, ağırlaşmalar, yanaşı xəstəliklər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində iddiaçının əyani müayinəsi zamanı aşkar olunan “psixi və davranış pozuntuları. Psixoloji inkişaf pozğunluqları. Psixoloji inkişafın ümumi pozuntusu. asperger sindromu – normal intellektual inkişafa uyğun olan özünəxidmət vərdişləri, adaptiv davranış və ətrafa qarşı maraq, ətrafdakılarla qarşılıqlı təsir zamanı müəyyən dərəcədə motor ləngimə və ya motor natarazlıq, marağın dərin olmayan məhdudlaşması və ya bəzi stereotip hərəkətlər” diaqnozuna uyğundurmu? 2) iddiaçının hazırkı psixi vəziyyətini əks etdirən əsas diaqnoz Mingəçevir şəhər PND-rin 17 aprel 2024-cü il tarixli göndərişində qeyd edilmiş “XBT10 kodu F84 Psixoloji inkişafın ümumi pozuntusu” diaqnozuna uyğundurmu? 3) iddiaçıda hazırda aşkar edilən ağırlaşmalar Mingəçevir şəhər PND-nin 17 aprel 2024-cü il tarixli göndərişində qeyd edilmiş “XBT10 kodu F84.0 Uşaq autizmi, kanner sindromu İQ44” ağırlaşmaya uyğundurmu? 4) iddiaçıda hazırda aşkar olunan yanaşı xəstəliklər Mingəçevir şəhər PND-nin 17 aprel 2024-cü il tarixli göndərişində qeyd edilmiş “XBT10 kodu F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik XBT10 kodu M40 kifoz və lordoz” uyğundurmu? 5) iddiaçının müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 6) iddiaçının hazırkı psixi vəziyyətini əks etdirən əsas diaqnoz hansıdır? 7) iddiaçının hazırkı psixi vəziyyətini əks etdirən əsas diaqnoz hansısa diaqnozun ağırlaşması (fəsadı) hesab edilə bilərmi? 8) iddiaçının müayinəsi zamanı onda hansı ağırlaşmalar aşkar olunur? 9) iddiaçının müayinəsi zamanı onda hansı yanaşı xəstəliklər aşkar olunur? Məhkəmə-X2” PHŞ-nin 1 sentyabr 2025-ci il tarixli 4027 nömrəli məktubu ilə məhkəməyə qurumun ambulator ekspertizasının 3 iyul 2025-ci il tarixli 2145 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi təqdim olunmuşdur. Rəydə aşağıdakılar qeyd olunmuşdur: - Motivləşdirici hissə: Yoxlanılan şəxs İddiaçı “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) qeyd olunur. Buna anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, TSEK-də “yüngül dərəcəli əqli gerilik, ciddi davranış pozuntuları ilə, kənar şəxsin daima qulluğuna ehtiyacı var” diaqnozu ilə ikinci dərəcə əlil hesab olunması, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində “uşaq autizmi. Kanner sindromu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu təyin edilməsi, Respublika Psixiatriya Xəstəxanasında “üzvi affektiv kanner sindromu, yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” diaqnozu ilə stasionar müalicədə olması), hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, amnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. - Yekun hissəsi: (1 – 3 və 5 – 9-cu suallar üzrə) yoxlanılan şəxs İddiaçı “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) qeyd olunur; (4-cü sual üzrə) İddiaçı hazırda aşkar olunan yanaşı xəstəliklər Mingəçevir şəhər PND-nin 17 aprel 2024-cü il tarixli FO01850524MS nömrəli göndərişində qeyd edilmiş “XBT10 kodu F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik XBT10 kodu M40 kifoz və lorkoz” uyğundur. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 3 iyul 2025-ci il tarixli 2145 nömrəli rəyi ilə İddiaçı xəstəliyinin diaqnozunun “orta dərəcəli əqli gerilik” (F71.1) olması təsdiqini tapır. Lakin Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənmiş Meyarların 7.1.1.1 və 7.6.1-ci yarımbəndləri üzrə qiymətləndirməyə gəldikdə, iddiaçıya yüngül dərəcəli əqli geriliklə, yaxud asperger sindromu (müvafiq davranış, maraq və ətrafdakılarla qarşılıqlı təsir zamanı müəyyən dərəcədə motor ləngimə və ya motor natarazlıq və s.) ilə bağlı məhkəmə icraatında cavabdeh inzibati orqan heç bir dəlil gətirməmiş, məhkəmə özü də bu istiqamətdə hal müəyyən etməmişdir. Məhkəmə icraatında ekspert rəyində qeyd olunanların təkzib olunması ilə bağlı xüsusatlar müəyyən edilmədiyindən, məhkəmə rəylə razılaşır və onu mötəbər sübut qismində qiymətləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xəstəliyi “əqli gerilik” Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nın 7.2.2-ci yarımbəndi üzrə, yəni orta dərəcəli əqli gerilik orqanizmin funksiyalarının 65 – 80 faiz pozulması kimi qiymətləndirilməsinə əsas verir. Odur ki, məhkəmə iddianı qismən əsaslı qiymətləndirərək cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 aprel 2024-cü il tarixli xxxxxxx0018 nömrəli qərarını qismən qanunsuz sayır və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində dəyərləndirir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər (maddə 70.2). İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (maddə 70.3). Məhkəmə mübahisənin spesifikasını, yəni əlillik barədə “əlillik” altsisteminə müvafiq məlumatların daxil edilməsi və bu barədə müvafiq sənəd (çıxarış) verilməsi səlahiyyətlərinin yalnız cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid olduğunu nəzərə alaraq, eləcə də İPM-in 70-ci maddəsinin tələblərini tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisə predmeti olan 27 aprel 2024-cü il tarixli qərar məhkəmə qaydasında dəyişdirilsə də, cavabdeh inzibati orqanın üzərinə bununla bağlı müvafiq öhdəlik də düşür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə 27 aprel 2024-cü il tarixli xxxxxxx0018 nömrəli qərar dəyişdirilərək İddiaçı orqanizminin funksiyalarının pozulması faizinin 65 – 80 olaraq düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə 27 aprel 2024-cü il tarixli xxxxxxx0018 nömrəli qərar dəyişdirilərək İddiaçı orqanizminin funksiyalarının pozulması faizinin 65 – 80 olaraq düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2-1(116)-625/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-625/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver