Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-627/2022 28.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı Umud oğlunun, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X8, üçüncü şəxs X15 etibarnamə üzrə nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Umud oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X9, mərhum X13 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Umud oğlu cavabdeh DƏDRX-nin 17 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr yaşayış sahəsinə mərhum X4 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması, adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X9, mərhum X13 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28.04.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 28.04.2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərardadı ilə X19 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir şəhər ZDS-nin 23.06.1960-cı il tarixli 14№-li qərarı ilə X10 fərdi ev tikmək üçün şəhərin sağ sahil 156 №-li məhləsinin 14 №-li məntəqəsində 600 kv.m sahə ayrılmışdır. Mingəçevir şəhər XDS İK-nin 31.07.1991-ci il tarixli 380 nömrəli “həyətyanı torpaq sahəsinin bölünməsi haqqında” qərarından görünür ki, B.Salahbanovanın ailə vəziyyəti nəzərə alınaraq ona məxsus olan 0.06 ha torpaq sahəsindən oğlu İddiaçı yeni fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X16 13.12.1947-ci ildə X14 ilə evlənmiş və 13.11.1966-cı ildə Mingəçevir şəhərində vəfat etmişdir. Mingəçevir şəhər 2 №-li Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş 16.12.1985-ci il tarixli əmlaka ümumi mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evinin ½ hissəsində mərhumun həyat yoldaşı X1 payı müəyyən edilmişdir. İddiaçı, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum atasına, anası ilə birgə məxsus olmasına dair müvafiq hüquq müəyyənedici sənədlərin əldə edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. odur ki, hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələbində qeyd etmişdir ki, atası Ümüd Salahbanov 13 noyabr 1966-cı ildə, X22 15 avqust 2001-ci ildə vəfat etmişdir. X25 Mingəçevir şəhəri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun ölümündən sonra Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və X22nın 4/6, onun və Kərəm Salahbanovun hər birinin 1/6 hissə olmaqla miras payı müəyyən olunmuşdur. Həmin şəhadətnamə əsasında X25 miras qalmış evə hər birinin payı göstərilməklə qeydiyyat vəsiqəsi verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 17 may 2002-ci il tarixli qətnaməsi ilə 16 dekabr 1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda Mingəçevir şəhəri Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız sayılmışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, əmlakın ümumi mülkiyyət hüququ haqqında 16 dekabr 1985-ci il tarixli şəhadətnaməyə əsasən ½ hissəsi Bənövşə Salahbanovaya, ½ hissəsi isə Umud Salahbanova məxsusdur. 24 mart 1998-ci ildə anası X11 şəhəri Babək küçəsi 12 saylı evdə olan payını ona vəsiyyət etmişdir. Anası vəfat etdikdən sonra o, Notariat Kontoruna anasından qalan mirasın qəbulu ilə bağlı müraciətlər etmişdir. Ancaq vərəsələr arasında mübahisə olduğundan miras payına dair şəhadətnamə ala bilməmişdir. Miras əmlak bölgüsünə dair iddia qaldırsa da, fərdi yaşayış evinə mərhumların adlarına çıxarış olmadığından miras əmlak bölgüsü aparıla bilmir. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2-159.2002 saylı, 17 may 2002- ci il tarixli məhkəmə qərarına əsasən Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən miras əmlakının müəyyən edilməsi barədə Mingəçevir şəhər Notariat Kontorunun 16 dekabr 1985-ci il tarixli, 1/32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında tərtib edilmiş qeydiyyat vəsiqəsi ləğv olunaraq etibarsız hesab edilmişdir. Yuxarıdakı qeyd olunan ünvanda yerləşən evə dair mübahisə olduğundan mərhum X5 adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı onun qardaşıdır. Ailəsi 1960-cı ildən Mingəçevir şəhəri, Babək küçəsindəki 12 saylı, hazırki 14 saylı evdə yaşamağa başlamışdır. Qeyd olunan ev şəhər sovetliyinin 28 iyun 1960-cı il tarixli qərarı ilə X31un adına verilmişdir. Qeyd olunan ev 0.06 ha torpaq sahəsində inşa olunmuşdur. Eyni zamanda qeyd olunan ev 1963-cü ildə atasının adına sənədləşdirilmişdir. X31 1966cı ildə rəhmətə getmişdir. X22 15 avqust 2001-ci ildə rəhmətə getmişdir. Atası rəhmətə gedəndən sonra vərəsəlik açılmasa da, sonradan yəni 16 dekabr 1985- ci ildə X22 notariusa ərizə yazaraq Bənövşə, Ayazı və özünü göstərərək qanun üzrə vərəsəlik açdırmış və qalan bacı və qardaşlarını pay hüququndan məhrum etmişdir. Qanun üzrə 1985-ci ildə vərəsəlik açıldıqdan sonra evə dair anası Bənövşənin payı 4/6 hissə, Ayaz və mənə isə 1/6 hissə pay müəyyən olunmuşdur. Bu barədə qeydiyyat vəsiqəsi verilmiş və qeydiyyat vəsiqəsində anasının, özünün və qardaşının payları barədə müəyyən qeydiyyat aparılmışdır. Lakin, bundan sonra o, digər qardaşı Qürbət ilə birlikdə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdik. Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2002-ci il tarixli, 2-159/2002 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş və 16 dekabr 1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Dövlət notariat kontorunda Mingəçevir şəhər Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edilmişdir. Bundan sonra Mingəçevir şəhəri, Babək küçəsi, ev 12-yə dair verilmiş qeydiyyat vəsiqəsi də etibarsız hesab edilmişdir. X22 rəhmətə gedəndən sonra iddiaçı, onunla ev mübahisəsi yaratmağa başlamışdır. Halbuki, İddiaçı anası rəhmətə getməmişdən əvvəl və sonra miras qalmış əmlakda yaşamamışdır. Qeyd olunan evdə yalnız o, ailə üzvləri ilə yaşamış və hazırki vaxta kimi də yaşayır. Hesab edir ki, iddiaçının hazırki vəziyyətdə iddia tələbi irəli sürmək hüququ yoxdur. Çünki, İddiaçı 1980-ci ildə qeyd olunan evdən çıxmış və həmin ünvanda yaşamışdır. İddiaçı digər qardaşı Qüdrət Salahbanovun ona verdiyi evdə yaşamışdır. Eyni zamanda da iddiaçı miras qalmış əmlakda 1980-ci ildən hazırki vaxtadək yaşamamış, mirası nə faktiki, nə də ki, notariusa qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməmişdir. Həmçinin Mingəçevir şəhəri Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edildiyindən onun bütün hüquqi nəticələri də ləğv olunmuşdur. Belə olan halda iddiaçının tələbi tam qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin fərdi yaşayış evinin sənədləşdirilməsində ona görə maraqlı deyil ki, müvafiq çıxarış alınacağı halda iddiaçı miras əmlakdan pay tələb edəcəkdir. Bununla bağlı Mingəçevir şəhər Məhkəməsinə müvafiq iddia ilə müraciət olunub və hazırkı işə baxılıb yekunlaşanadək icraat dayandırılıb. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 18.11.2021-ci il tarixdə cavabdehə ünvanladığı 2173 №-li məktubdan görünür ki, iddiaçıya 13.11.1966-cı il tarixdə vəfat etmiş atası X2 miras qalmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Mingəçevir şəhərində yerləşən evə və torpaq sahəsinə dair daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir - Mingəçevir şəhər Məhkəməsinin 2-159 №-li, 17.05.2002-ci il tarixli qətnaməsindən görünür ki, 16.12.1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Dövlət notariat kontorunda Mingəçevir şəhər Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edilmişdir. - 546 inventar nömrəli texniki pasportdan görünür ki, Babək küçəsi 12 saylı fərdi yaşayış evi üzrə ev sahibi - X16 qeyd edilmişdir. - X18 filialının təqdim etdiyi Mingəçevir şəhər ZDS-nin 23.06.1960-cı il tarixli 14№-li qərarından görünür ki, şəhərin sağ sahil 315 №-li ünvanda özbaşına tikintidə yaşayan X10 fərdi ev tikmək üçün şəhərin sağ sahil 156 №-li məhləsinin 14 №-li məntəqəsində 600 kv.m sahə ayrılmışdır. - Mingəçevir şəhər XDS İK-nin 31.07.1991-ci il tarixli 380 nömrəli “həyətyanı torpaq sahəsinin bölünməsi haqqında” qərarından görünür ki, B.Salahbanovanın ailə vəziyyəti nəzərə alınaraq ona məxsus olan 0.06 ha torpaq sahəsindən oğlu İddiaçı yeni fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha həyətyanı torpaq sahəsinin ayrılmasına icazə verilmişdir. - Mingəçevir şəhər 2 №-li Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş 16.12.1985-ci il tarixli əmlaka ümumi mülkiyyət hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X16 13.12.1947-ci ildə X14 ilə evlənmiş və 13.11.1966-cı ildə Mingəçevir şəhərində vəfat etmişdir. Mərhum ölən günə kimi Sağ-sahil küçəsi 1-ci döngə 14 №-li evdə yaşamışdır. Yaşadıqları müddət ərzində, yəni 1960-cı ildə həmin ünvanda 4 otaqdan ibarət kubikdən tikilmiş 2 mərtəbəli şüşəbəndli, üstü şiferlə örtülmüş ev tikdirmişdir. Həmin evin inventar qiyməti 2162 manat olmaqla 600 kv.m torpaq sahəsində yerləşir. Azərb.SSR Nikah-Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlakın ½ hissəsi ər və ya arvadın xüsusi mülkiyyətinə keçir. Qalan ½ hissəsinə isə ümumi qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. Buna görə də miras qalmış evin ½ hissəsi mərhumun həyat yoldaşı X1 payına düşür. Odur ki, bu hissə onun adına yazılmalıdır. - JN-129F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli 293 №-li qərarına əsasən X17 (3 nəfər ailə üzvü ilə birlikdə) 0.03 ha torpaq sahəsi verilmişdir. - cavabdehin 01.12.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qyeri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hazırkı məhkəmə araşdırmasının predmetini Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X9, mərhum X13 ilə birlikdə məxsusluğu təşkil etdiyindən, mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun adları qeyd olunmuş şəxslərə məxsus olub-olmaması yoxlanılmışdır. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər ZDS-nin 23.06.1960-cı il tarixli 14№-li qərarı ilə X10 fərdi ev tikmək üçün şəhərin sağ sahil 156 №-li məhləsinin 14 №-li məntəqəsində 600 kv.m sahə ayrılmışdır. İşdə olan 546 inventar nömrəli texniki pasportda Babək küçəsi 12 saylı fərdi yaşayış evi üzrə hüquq subyekti olaraq X6 adı qeyd edilmişdir. İşin mübahisəsiz halıdır ki, Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi 2001-ci ildən əvvəl, yəni 1960-1966-ci illərdə inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir. Mingəçevir şəhər ZDS-nin 23.06.1960-cı il tarixli 14№-li qərarı ilə X10 fərdi ev tikmək üçün torpaq sahəsi ayrıldığından (546 inventar nömrəli texniki pasportda qeyd edilən Babək küçəsi 12 saylı fərdi yaşayış evi) və Mingəçevir şəhər 2 №-li Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş 16.12.1985-ci il tarixli “əmlaka ümumi mülkiyyət hüququ haqqında” şəhadətnamədə əsasında həmin fərdi yaşayış evinin ½ hissəsində mərhum X3 payının olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ mərhum X16 və X7 məxsus olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X9, mərhum X13 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.