Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-628/2021 07.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, Mingəçevir şəhəri Hərbi Komissarlığı tərəfindən noyabr N3-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda döyüşlərə çağırılmış və N saylı hərbi hissənin tərkibində erməni işğalçı quldur ordusuna qarşı Kəlbəcər bölgəsində döyüşmüşdür. 16.03.N4-cü il tarixdə gedən döyüşlərdə yaralanmış və 18.04.N4-cü il tarixdə təxris edilmişdir. İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin ona verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmişdir. Müharibədə iştirakını təsdiq edən mötəbər sənədlərinin olmasına baxmayaraq Komissiya ona “Müharibə Veteranı” adı və vəsiqəsi verməkdən qeyri-qanuni əsaslar gətirərək imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Mərkəzi Arxiv onun qanuni döyüşməyini və yaralanmağını təsdiqləyib. Odur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə xidmətini nəzərə alıb “veteran adı”-nın və vəsiqəsinin verilməsində köməklik edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alıb müharibə veteranı vəsiqəsi və statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, N3-cü ilin sentyabr ayında N nömrəli hərbi hissəyə aparılmış, həmin ildə Murovda, Yanşaq kəndində olmuş, N4-cü ilin fevral ayında Hacıkəndə qayıtmışdır. Bundan sonra mədə-bağırsaq xəstəliyi olduğuna görə 1 ay müddətində Mingəçevir şəhər xəstəxanada müalicə almış, müalicədən sonra xəstəxanadan çıxarılsa da, yenə də mədə-bağırsaq problemləri olduğuna və tam sağalmadığına görə evə qayıtmış, 10 gün evdə qaldığı ərəfədə atəşkəs elan edildiyinə görə yenidən hərbi hissəyə, döyüş zonasına qayıtmamışdır. Bir müddət sonra o, Tərtər Qarnizonu Hərbi Prokurorluğuna çağırılmış, ona hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı məlumat verilmiş, lakin, sonradan amnistiya aktına əsasən barəsində başlanmış icraata xitam verilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 15.03.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmiş və etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 10 yanvar 2018-ci il tarixli 9/2-391 nömrəli arxiv arayışında İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli əmri ilə (h/hospitala) getmiş hesab edilərək qazan təminatından çıxarılması qeyd edilmişdir. Lakin, iddiaçı qanunvericilikdə müəyyən edilmiş qaydada hərbi xidmət qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Belə ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletin 24-cü səhifəsində N7-ci il tarixli “Amnistiya haqqında” qərara əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti nəzərə alınmamışdır. AR Cinayət-prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən yalnız AR CPM-nin 39.1.1, 39.1.2 və 39.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Bununla da cinayət təqibinin xitam edilməsi əsaslarından olan 39.1.12-ci maddəsində nəzərdə tutulan amnistiya aktı cinayət təqibinin xitam verilməsinin bəraətverici əsası hesab edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “qeyd” hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk eməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası cinayət-prosessual Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən Azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul ediməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.02.2020-ci il tarixli məktubu, - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.01.2018-ci il tarixli 9/2-391 nömrəli arxiv arayışı, - Tərtər Hərbi Prokurorluğunun 17.03.2021-ci il tarixli 22HP1371 nömrəli məktubu, - Qarabağ Hərbi Prokurorluğunun 17.03.2021-ci il tarixli 18/1269 nömrəli məktubu, - Şəki Şəhər Rayon Polis Şöbəsinin 16.03.2021-ci il tarixli 189-7380-1121 nömrəli məktubuna əlavə edilmiş tələbnamə, - Füzuli Hərbi Prokurorluğunun 21.04.2021-ci il tarixli 16/2006 nömrəli məktubu, - Azərbaycan Respublikası Hərbi Prokurorluğun 14.06.2021-ci il tarixli HP12/30- 5359 nömrəli məktubu, - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının 16.02.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışı, - SHXÇDX-nin Mingəçevir şəhər Şöbəsinin 16.05.2021-ci il tarixli 677 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının surəti, - H3 seriyalı ******* nömrəli hərbi biletin surəti. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 17.03.2021-ci il tarixli 22HP1371 nömrəli məktubundan görünür ki, 20.03.N8-ci il tarixdə, 1962-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, N2-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barəsində qəbul edilmiş qərarın surətini göndərmək mümkün olmamışdır. İş materiallarında olan, SHXÇDX-nin Mingəçevir şəhər Şöbəsinin 16.05.2021-ci il tarixli 677 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı barəsində 17.10.N7-ci il tarixli “Amnistiya haqqında” qərara əsasən 20.03.N8-ci ildə Tərtər Qarnizon Hərbi Prokurorluğu tərəfindən amnistiya tətbiq edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əvvəlki xidmətinin hesablanmadığı qeydi aparılmışdır. İş materiallarında olan, H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, müvafiq sənədin 24-cü səhifəsində iddiaçı barəsində 17.10.N7-ci il tarixli “Amnistiya haqqında” qərara əsasən 23.03.N8-ci ildə amnistiya aktı tətbiq edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əvvəlki xidmətinin hesablanmaması qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.02.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının Mərkəzi Arxivin 11.10.2018-ci il tarixli 9/2-16026 nömrəli arayışına əsasən 18.04.N4-cü il tarixdə müayinədən qayıtması və 18.04.N4-cü il tarixdən 12.05.N4-cü il tarixədək hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından, 12.05.N4-cü ilədək və 03.02.N4-cü ildən sonrakı xidməti barədə məlumat olmadığından müraciətin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14.06.2021-ci il tarixli HP12/30-5359 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən 20.03.N8-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, N2-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barəsində qəbul edilmiş qərarın surətini göndərmək mümkün olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.01.2018-ci il tarixli 9/2-391 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 17.11.N3-cü il tarixli 254 nömrəli əmrində Mingəçevir ŞHK-dan çağırılmış bir qrup hərbi mükəlləfiyyətlinin 6-cı taborun tərkibində təyin olunmaqla bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hisənin noyabr N3-cü il tarixli adlı siyahılar qovluğunda Mingəçevir ŞHK-dan hərbi xidmətə çagırılmış, N nömrəli hərbi hissəyə təhvil verilmiş, Mingəçevir batalyonunun şəxsi heyətinin siyahısında 1962-ci il təvəllüdlü, sıravi İddiaçı adı yazılmışdır. N nömrəli hərbi hissə komandirinin 15.03.N4-cü il tarixli 74 nömrəli əmrində 6MAT-ın sıravi əsgəri İddiaçı getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 16.03.2021-ci il tarixli 189-7380-1121 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun 17.03.2021-ci il tarixli 18/1269 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan, Füzuli Hərbi Prokurorluğunun 21.04.2021-ci il tarixli 16/2006 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının 16.02.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışından görünür ki, iddiaçı 16.03.N4-cü il tarixdən 18.04.N4-cü il tarixədək xəstəxanada “Xroniki qastritin kəskinləşməsi, sidik turşulu diatez” diaqnozu ilə müalicə edilmişdir. Müvafiq sənəddə “xəstə yaxşılaşma ilə öz hərbi hissəsinə yazılır” qeydi aparılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hərbi bilet şəxsin döyüşlərdə iştirakını sübut edən sənəddir. İddiaçının hərbi biletində (səh.24) Milli Məclisin 17.10.N7-ci il tarixli amnistiya aktına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əvvəlki xidmətinin nəzərə alınmaması barədə qeyd aparılmışdır. Həmçinin SHXÇDX-in Göyçay Rayon şöbəsinin 16.05.2021-ci il tarixli 677 nömrəli məktubuna əlavə olunmuş qeydiyyat kartasında da iddiaçıya 20.03.N8-ci ildə Tərtər Qarnizon Hərbi Prokurorluğu tərəfindən amnistiya tətbiq edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində əvvəlki xidmətinin hesablanmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.N7-ci il tarixli “amnistiya haqqında” qərarı Dövlət müstəqilliyi günü münasibətilə, Hərbi cinayətlər törətmiş şəxslər barəsində qəbul edilmişdir. Müvafiq qərarın 9-cu bəndində deyilir: bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. İddiaçının hərbi biletində amnistiya aktının tətbiq edilməsi ilə bağlı aparılmış qeydlər onu göstərir ki, müvafiq qərar qanuni qüvvəyə minənədək (dərc olunduğu günədək) iddiaçı barəsində yuxarıda qeyd edilmiş cinayət əməllərinin törədilməsi ilə bağlı araşdırma başlanılsa da, amnistiya aktı tətbiq edildiyinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı özü də, həmin dövrdə bir neçə dəfə Tərtər Qarnizonu Hərbi Prokurorluğuna çağırıldığını, ona hərbi hissəni özbaşına tərk etməsinin bildirilməsini, lakin sonradan amnistiya aktının tətbiqi nəticəsində cinayət işinin başlanmasının rədd edilməsini bildirmişdir. İddia tələbinin əsassız olmasının digər səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.01.2018-ci il tarixli 9/2-391 nömrəli arxiv arayışı ilə iddiaçının N nömrəli hərbi hissə komandirinin 17.11.N3-cü il tarixli 254 nömrəli əmrinə əsasən bütün növ təminatlarla daxil edilməsi, eyni zamanda N nömrəli hərbi hissə komandirinin 15.03.N4-cü il tarixli 74 nömrəli əmri ilə 6MAT-ın sıravi əsgəri İddiaçı getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat da öz əksini tapmışdır. İddia ərizəsində iddiaçı 16.03.N4-cü il tarixdə yaralandığını qeyd etsə də, məhkəmə iclasında izahat verərkən 15.03.N4-cü il tarixdə hərbi hissədən getməsinin mədə-bağırsaq xəstəliyi ilə bağlı olduğunu bildirmiş, 18.04.N4-cü il tarixdən, yəni müalicədən sonra hərbi hissəyə qayıtmamasına əsas olacaq heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı, 18.04.N4-cü il tarixdə müalicədən sonra yenidən hərbi hissəyə qayıtmamasına səbəb olaraq fikirlərini “müalicədən sonra yenə də mədə-bağırsaq problemlərinin davam etməsi, daha sonra isə atəşkəs elan edildiyinə görə hərbi hissəyə geri qayıtmaması” ilə əsaslandırmışdır. Halbuki, iddiaçı tərəfindən surəti təqdim edilmiş xəstəlik tarixçəsindən çıxarışdan da göründüyü kimi həmin sənəddə “xəstənin yaxşılaşması ilə əlaqədar öz hərbi hissəsinə yazılması barədə” qeyd öz əksini tapmışdır. Bu isə iddiaçının müalicədən sonra hərbi hissəyə qayıtmaması və sonrakı xidməti barədə, habelə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə cavabdeh inzibati orqanda məlumatların olmamasının İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin aparıldığı dövrdə faktiki olaraq hərbi xidmət vəzifələrinin yerinə yetirməməsi ilə bağlı olduğunu göstərir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” N6-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Hazırki iş üzrə iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olduğundan, eyni zamanda hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “"Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-628/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-628/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver