Məhkəmə qərarları › İş №2-1(116)-628/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-628/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-628/2024 13.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağdaş rayon İcra Hakimiyyəti Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “X1 Ağdaş rayon Qoşaqovaq kənd İcra Nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına uçot kitabının 9-cu səhifəsində 101 saylı təsərrüfatdan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Ağdaş rayon İcra Hakimiyyəti Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X4 və X5 Ağdaş rayon Qoşaqovaq kənd İcra Nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına uçot kitabının 9-cu səhifəsində 101 saylı təsərrüfatdan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2971/2023 nömrəli qərardadı ilə X4 və Yediyarova (Əzməmmədova) Ayşə Rasim qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı, məhkəmə iclasında tələbini dəqiqləşdirərək, X1 Ağdaş rayon Qoşaqovaq kənd İcra Nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına uçot kitabının 9-cu səhifəsində 101 saylı təsərrüfatdan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Ağdaş rayonu Qoşaqovaq kəndində JN-079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsi mərhum ailə başçısı X6, İddiaçı və X7 adına qeydə alınmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. X4 ilə X9 rəsmi ailə münasibətlərinə daxil olmadan, faktiki birgə yaşamışlar. Birgə nikahdan iki uşaqları Ayşə və Məhəmməd adlı uşaqları doğulmuşdur. X4 ilə X9 iki ilə yaxındır ki, faktiki olaraq ayrılmışlar. X10 bir ildən artıqdır ki, ailə qurmuş Zərdab rayonuna köçmüşdür. X4 isə ona məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxmadığı üçün Ağdaş rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam hüquqlarına xitam verilməsini xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(041)-73/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh X4 iddiaçılar İddiaçı və X7 xüsusi mülkiyyətində olan Ağdaş rayonu Qoşaqovaq kəndi ərazisində yerəşən 0,54 hektar torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alımış, icra olunması üçün Ağdaş rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsindən sonra onlar Ağdaş rayonu Qoşaqovaq kəndində JN- 079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsinə və onun üzərində inşa edilmiş 114 kv.metr ibarət fərdi yaşayış evinə mülkiyyət sənədi olan Çıxarış almışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** saylı Qeydiyyat nömrəsinə əsasən İddiaçı adına 2/3 hissə, X7 adına 1/3 hissədə adına çıxarış almışdır. Mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evində (təsərrüfatbaşına uçot kitabının 9-cu səhifəsində 101 nömrəli təsərrüfatında) üçüncü şəxslər X4 və X10 qeydiyyatdadırlar. Baxmayaraq ki, X1 məhkəmə qətnaməsinə əsasən ona məxsus torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi vardır, icra edilmir. Qeydiyyatdan çıxarılsa, icra edilməsi də asanlaşacaq, icra şöbəsindən deyirlər ki. qətnamədə torpaqdan çıxarılma yazılıb, evdən çıxarılma yazılmayıb. Üçüncü şəxs X10 bir ildən artıqdır ki, ailə qurmuşdur. Zərdab rayonunda yaşayır. X4 və X5 onun adına təsərrüfatda Ağdaş rayon Qoşaqovaq kənd İcra nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına uçot kitabının 9-cu səhifəsində 101 saylı təsərrüfatında qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur. Onların onun təsərrqfatında qeydiyyatda olmaları yalnız sənəd üzərindədir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxs iddia tələbinə aşağıdakı münasibəti bildirmişdir. X9 ilə nikah bağlamadan evlənmişdir. Birgə nikahlarından xx.xx.2003-cü il tarixdə Məhəmməd və xx.xx.2002-ci il tarixdə Aişə anadan olmuşdur. Onlar uzun illər birgə yaşamış və təsərüfatı birgə idarə etmişlər. Sonradan aralarında narazıçılıq yarandığından faktiki ayrılsalar da, Ağdaş rayonu Qoşaqovaq kəndində yerləşən 0.54 hektar torpaq sahəsində inşa edilmiş evdə yaşamışlar. Cavabdehlərin öz razılıqları ilə həmin ünvana qeydiyyata düşmüşdür. Hətta kənd İHN-nin təsərüfatbaşı kitabına belə iddiaçıların özlərinin razılığı ilə qeydiyyata düşmüşdür. Həmin ev əvvəllər 1 otaq və 2 şüşəbənd (aynəbəddən) ibarət olub. Evli olduqları dövürdə, yəni 2013-2014-cü illərdə evin qarşısında təxminən 12 metr uzunluqda quraqlıq (naves) tikdirmişlər. 2015-2016-cı il tarixdə digər artırmalar edərək 7.5 metr uzunluqda zal, mətbəx, hamam, sanitar qovşaq, daha sonra şüşəbənd (aynəbəddən) sökülərərk 2 otaq tikilmiş və əlavə olaraq mətbəx tikilmişdir. Onlar 2022-ci iyun ayının 14-dən ayrılmışlar. Hesab edir ki, onun həmin evdə mülkiyyət hüququ (və ya istifadə hüququm) var. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üçüncü şəxs onun keçmiş gəlinidir. Mülkiyyətində 0.50 ha torpaq sahəsi və üzərində 4 otaqdan ibarət fərdi yaşayış evi var. Üçüncü şəxs hazırda faktiki olaraq sözügedən fərdi yaşayış evinin otaqlarından birində yaşayır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək göstərdi ki, tərəflərin razılığı olmadığına görə müraciətin təmin edilməsindən imtina cavabı vermişdir. İddia tələbinin qanuna müvafiq qaydada həll edilməsini xahiş edir. Üçüncü şəxs məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2000-ci ildən həmin fərdi yaşayış evində yaşayır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 66 və 67 nömrəli arxiv arayışları, cavabdehin xx.xx.2023-cü il tarixli arayışı. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin icraatında İddiaçı və X7 cavabdeh X2 qarşı yaşayışdanistifadə hüququna xitam verilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş olmuşdur, Ağdaş Rayon Mehkemesinin 07 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh X4 iddiaçılar İddiaçı və X7 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0,54 hektar torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Cavabdeh X4 məhkəməyə ərizə ilə ünvanlayaraq ünvan 1 qətnaməsinin ləğv edilərək yenidən mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-73/2023 saylı qərardadı ilə cavabdeh X4 tərəfindən verilmiş ərizədən imtina edilmişdir. Cavabdeh X4 qiyabi qətnamədən 12 aprel 2023-cü il tarixdə apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmənin 07 fevral 2023-cü i! tarixli 2(014)-73/2023 saylı qiyabi qətnaməsindən 12 aprel 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti cavabdeh X2 geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh X4 tərəfindən şikayət verilmiş və Ağdaş Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadı ilə cavabdeh X4 tərəfindən Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra cavabdeh X4 05 iyun 2023-cü il tarixdə şikayət vermiş və Ağdaş Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadı ilə cavabdeh X4 tərəfindən Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(014)- 73/2023 saylı qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Yenidən cavabdeh X4 məhkəməyə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2023-cii il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və tərəfimdən verilmiş apellyasiya şikayətinin Şəki Apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini edilməsini xahiş etmişdir. Daha sonra X4 18 oktyabr 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü İİ tarixli, 2(014)-73/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadı ilə cavabdeh X4 tərəfindən verilmiş buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və şikayət geri qaytarılmışdır. Cavabdeh X4 04 yanvar 2024-cü il tarixdə Ağdaş Rayon Mehkemesinin 2(014)- 73/2023 saylı, 07 fevral 2023-cü il tarixli qiyabi qetnamesinden apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti İle məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadı İle cavabdeh X4 tərəfindən verilmiş buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və şikayət geri qaytarılmışdır. Bundan sonra X4 17 fevral 2024-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadından şikayəti vermişdir. Ağdaş Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadı İlə iddiaçılar X8 ve X7 cavabdeh X2 qarşı yaşayış-istifadə hüququna xitam verilməsi, torpaq sahəsindən çıxarılma telebine dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(014)-73/2023 saylı qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətin təmin edilmemesi ve şikayətin 7 gün müddətində mülki işle birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışda qeyd edilmiş daşınmaz əmlak obyekti ilə bağlı Ağdaş rayon İcra Hakimiyyəti Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində uçota alınmış təsərrüfatın üzvüdür və həmin təsərrüfatda uçotda olan və yaşayan digər təsərrüfat üzvünün (üçüncü şəxsin) təsərrüfat uçotundan çıxarılmasında maraqlıdır. Lakin, iddia əsassızdır. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.

1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).

6. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir...

2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır...

3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. İİİ. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydaları, Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1- i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxslə iddiaçının oğlu nikah bağlamadan faktiki ailə münasibətlərində olmuş və buna görə də, uzun müddətdir ki, birgə eyni təsərrüfatda yaşayırlar. Sonradan tərəflər arasında ailə münasibətləri pozulsa da, üçüncü şəxs sözügedən təsərrüfatdan getməmiş və orada yaşamaqda davam edir. Üçüncü şəxsin sözügedən təsərrüftada faktiki olaraq yaşaması tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla, habelə cavabdehin xx.xx.2023-cü il tarixli arayışı ilə sübut olunur. İddia ərizəsində iddiaçı özü də qeyd edir ki, X4 ona məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxmadığı üçün Ağdaş rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin iddia ərizəsində göstərilir ki, X1 ona məxsus torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi vardır, icra edilmir. Göründüyü kimi üçüncü şəxsin iddiaçı ilə eyni təsərrüfatda faktiki yaşaması işin mübahisəsiz halıdır. İddiaçı hesab edir ki, üçüncü şəxs onun təsərrüfatdan uçotdan çıxarılarsa qətnamənin icrası asanlaşacaq. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin sözügedən təsərrüfatda uçotda olmasının səbəbi həmin təsərrüfatda faktiki olaraq yaşamasıdır. Onun təsərrüfat uçotundan çıxarılması ilə qətnamənin icrası arasında heç bir səbəbli əlaqə yoxdur. Əgər üçüncü şəxsin sözügedən yaşayış sahəsindən çıxarılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdirsə, iddiaçı həmin qətnamənin icrasından sonra, yəni üçüncü şəxsin faktiki olaraq həmin təsərrüfatdan çıxarılmasına nail olduqdan sonra onun təsərrüfat üzvü kimi uçotdan çıxarılması tələbini irəli sürməkdə haqlı sayıla bilər. İstinad olunan “Qərarda” ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər. Cavabdeh orqan imtina cavabını tərəflər arasında razılığın olmaması ilə əsaslandırsa da, onun araşdırmasının predmeti razılığın olub-olmaması yox, üçüncü şəxsin həmin təsərrüfatda yaşayış-yaşamaması ilə bağlı olmalı idi. Belə ki, cavabdehin vəzifəsi əmlak hüquqlarının mövcud olub-olmamasından asılı olmayaraq təsərrüfatda faktiki yaşayan şəxslərin dairəsini müəyyən etməklə faktiki yaşamayan şəxslərin uçotdan çıxarılması ilə bağlı müvafiq qeydiyyatın aparılmasını təmin etmək olduğundan, sözügedən şəxslərin razılıqlarının olub-olmamasının cavabdeh orqan üçün heç bir əhəmiyyəti olmamalı idi. Başqa sözlə, cavabdeh orqanın inzibati araşdırması üçüncü şəxslərin həmin təsərrüfatda iddiaçı və digər təsərrüfat üzvləri ilə birgə yaşayıb-yaşamamasının müəyyən edilməsi ilə faktiki olaraq başa çatır və həmin şəxslərin uçotdan çıxarılmalarına razılıqlarının olub-olmamasının heç bir əhəmiyyəti qalmır. Yuxarıda istinad olunan normaların tələbləri baxımından təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq, ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin ev təsərrüfatlarının üzvləri yazılır. Cavabdeh orqan təsərrüfatda faktiki yaşamayan şəxsləri müəyyən etdiyi halda “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə müvafiq qeydlər icra etməli və ev təsərrüfatlarının uçotu kitabında müvafiq sütunda üzərlərinə çarpaz xətt çəkməlidir. Nəzərə alınmalıdır ki, istinad olunan normalarda təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması birbaşa qadağan edilmişdir. Hazırkı mübahisədə isə cavabdeh orqan üçüncü şəxsin sözügedən təsərrüfatda faktiki yaşaması barədə arayış təqdim etmişdir. Müvafiq qeydiyyatın aparılmasında məqsəd əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunması, yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edilməsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə üçüncü şəxsin Ağdaş rayon İcra Hakimiyyəti Qoşaqovaq kəndində, faktiki olaraq iddiaçıya məxsus təsərrüfatda yaşaması sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan həmin təsərrüfatın üzvünün (iddiaçının) müraciəti əsasında üçüncü şəxsin təsərrüfatbaşına uçot kitabından qeydiyyatının silinməsindən imtina etməkdə haqlı olmuşdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Ağdaş rayon İcra Hakimiyyəti Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “X1 Ağdaş rayon Qoşaqovaq kənd İcra Nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına uçot kitabının 9-cu səhifəsində 101 saylı təsərrüfatdan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar