Məhkəmə qərarları › İş №2-1(116)-629/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-629/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-629/2020 05.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İsmayıllı Rayon Talıstan Bələdiyyəsi) qarşı "İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 30.09.2011-ci il tarixli 14 nömrəli qərarı ilə satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 30.09.2011-ci il tarixli 14 nömrəli iclasının qərarı ilə 0,06 ha torpaq sahəsi İddiaçı satılmış və torpağın alqı-satqısına dair 30.09.2011ci il tarixli akt tərtib edilərək təsdiq edilmiş, həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 30.09.2011-ci il tarixdə 361 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı A-369480 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, həmin sənəddə İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 30.09.2011-ci il tarixli 14 nömrəli qərarına istinad edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, həmin 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 13.07.2018-ci il tarixli **********05 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə 01.12.2007-ci il tarixindən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə həmin torpaq sahəsini ona satmış, pulunu hesabına ödətdirmiş, naturada təhvil vermişdir. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin və başqa şəxslərin həmin torpaq sahəsinə heç bir iddiası yoxdur. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və imtina məktubunun dəlillərinə uyğun izahat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 20.09.2011-ci il tarixli məktubundan görünür ki, İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,06 ha torpaq sahəsinin ona satılmasına etiraz olunmur. - İşdə olan, İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 27.08.2011-ci il tarixli məktubundan görünür ki, Talıstan kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına etiraz olunmur. - İşdə olan, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 30.09.2011-ci il tarixli 14 nömrəli qərarından görünür ki, İsmayıllı Rayon Bələdiyyəsi yaşayış məntəqəsi sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır. - İşdə olan, "Torpağın alqı-satqısına dair akt"dan görünür ki, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 30.09.2011-ci il tarixli 14 nömrəli qərarı ilə torpaq sahəsi İddiaçı satılmış, torpaq sahəsinin haqqı bələdiyyənin hesabına köçürülmüş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 30.09.2011-ci il tarixdə 361 nömrə ilə qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş A-369480 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 30.09.2011-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı 600 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Cavabdeh öz imtinasını belə əsaslandırmışdır ki, bələdiyyə torpaq sahəsini satmazdan əvvəl həmin torpaq sahəsinə öz mülkiyyət hüququnu qeydiyyata aldırmalı idi. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını mübahisələndirməmiş, Talıstan Bələdiyyəsi ərazisindən iddiaçıya həyətyanı məqsədilə satılacaq torpaq sahəsinin planında həmin torpaq sahəsi göstərilmiş, habelə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini əvvəllər həyata keçirən DTXK-nin İsmayıllı rayon şöbəsinin rəyində sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. Həmçinin, Talıstan Bələdiyyəsi 0,06 ha torpaq sahəsini iddiaçıya satmaqda səlahiyyətli olmadığı halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi inzibati nəzarət qaydasında Talıstan Bələdiyyəsinin sözügedən qərarının qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə, habelə bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəməyə müraciət edə bilərdi. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə"nin 7.5-ci bəndinə əsasən, Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 30.09.2011-ci il tarixli 14 nömrəli qərarı ilə satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reystrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar