Məhkəmə qərarları › İş №2-1(116)-63/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-63/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-63/2024 18.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş A seriyalı 206523 nömrəli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “üçüncü şəxsin adına verilmiş A seriyalı 206523 nömrəli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-1(116)-936/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-1(116)-936/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş A seriyalı 206523 nömrəli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-869/2023 nömrəli mülki iş həll edilənədək dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-1(116)-63/2024 nömrəli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. İddia ərizəsinə əsasən iddiaçı, atasına məxsus 1961-ci ildə tikilmiş Balakən rayonu Katex kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və orada böyümüşdür. Üçüncü şəxs X8 mərhum X1 nikaha daxil olduğu qadındır. Sonuncudan iddiaçının mərhum atasının oğlan övladları dünyaya gəlmişdir. Cavabdeh X3 bir övladı vəfat etmiş, digər oğlu isə uzun illərdir ki Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. X2 vəfat etdikdən sonra iddiaçı ilə üçüncü şəxs arasında mərhumdan miras qalmış fərdi yaşayış evi və torpaq sahəsinə dair mübahisə mövcud olmamış, islahat zamanı mülkiyyətə verilmiş 0,90 ha pay torpaq sahəsi naturada bölünməklə iddiaçı və üçüncü şəxs tərəfindən istifadə edilmiş, hərə özünə düşən paya münasibətdə torpaq sahəsində mövcud fındıq topalarının məhsulu yığmışdır. İddiaçı ilə üçüncü şəxs arasında olan razılaşmaya əsasən, həyətyanı torpaq sahəsinin 1970-ci ildə inşa edilmiş damın yerləşdiyi hissə bölünərək iddiaçıya verilmişdir. Son 6 ay ərzində iddiaçı ilə üçüncü şəxs arasında miras əmlaka dair mübahisə yaranmış, üçüncü şəxs torpaq sahəsinin sənədləşməsi üçün birlikdə notariusa getməkdən imtina etmişdir. İddiaçı mərhum atasından miras qalan əmlakdan ona düşən payı almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, cavabdeh notariat ofisinə müraciət edərək X2ndan miras qalmış əmlaka vərəsəlik açdırmış,adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mərhumdan miras qalmış əmlaklara dair tam hissədə üçüncü şəxsə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən iddiaçı həmin şəhadətnamənin etibarsız sayılması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbləri ilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Bundan sonra iddiaçı həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etdiyi zaman müəyyən edilmişdir ki, iddiaçının atasının qanuni istifadəsində olan torpaq sahəsinə dair ölçüsü 1362.55 kv.m olmaqla üçüncü şəxsin adına A seriyalı 206523 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İddiaç tərəf həmin plan və ölçü sənədinin hazırlanması əsasının əldə edilməsi üçün araşdırma etmiş, məlum olmuşdur ki, cavabdeh inzibati orqanın arxiv məlumatlarında mübahisəli plan və ölçü sənədindən başqa, digər hüquqmüəyyənedici və texniki sənədlər mövcud deyil. Plan və ölçü sənədi isə Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 06 nömrəli qərarına əsasən tərtib olunmuşdur ki, həmin qərarla mübahisəli torpaq sahəsinin qanuni istifadəsində olması müəyyən edilməmiş, mülkiyyətinə verilməmiş, qərarla Katex və digər kəndlərdə islahat zamanı səhvlərə yol verilmiş, vətəndaşların torpaq sahələrinə dair məsələlər həll olunmuşdur. Bundan sonra, iddiaçı arxiv arayışlarını və Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 06 nömrəli qərarını təqdim edərək plan və ölçü sənədinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina edərək məhkəməyə müraciət etməsinin tövsiyyə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, qeyd olunan məsələnin həlli ərizəçinin ərizəsinə əsasən 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və ona bu barədə xx.xx.2022-ci tarixli, **********35 nömrəli məktub göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2022-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. A seriyalı 206523 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə 1362.55 kv.m həyətyanı torpaq sahəsi X5 verilmişdir.

3. Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı qərarının surəti.

4. Balakən rayonu dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayon Katex kənd İcra Nümayəndəliyinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X6 adı qeyd edilmişdir.

5. Balakən rayonu dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 70 nömrəli arxiv arayışı.

6. 08.02.1993-cü il tarixli 4 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surəti.

7. AZ-İİ 480525 seriya nömrəli nikah haqqında şəhadətnamənin surəti.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki,Balakən rayonu Katex kəndi üzrə həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısında X9 və ailə üzvlərinin adı aşkar olunmuşdur.

9. Balakən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-141/2023 nömrəli qərardadının surəti.

10. Balakən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-28/2024 nömrəli qərardadının surəti.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-68/2024 nömrəli qərardadının surəti.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxsin adına verilmiş A seriyalı 206523 nömrəli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddia tərəfinə lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin, iddia tərəfi iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin əsasən iddiaçının hüquqi marağı üçüncü şəxslərin mülkiyyətinə aqrar islahat zamanı verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A seriyalı 206523 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsindən ibarətdir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, işin araşdırılmış hallarına görə, Balakən rayonu Katex kəndi üzrə həyətyanı və pay torpaq sahələri alan subyektlər siyahısı tərtib edilmiş,həmin siyahıda İbrahimova (Ammayeva) Meysarat Emin (Eminovna) qızı, X12 və X10 adları qeyd edilmişdir.Həmin cədvəldə mülkiyyətçiyə verilən torpaq sahəsinin ölçüsü 1362 kv.m olaraq qeyd edilmişdir.Həmin siyahı əsasında isə mübahisələndirilən hüquqmüəyyənedici sənəd tərtib edilmişdir.Göründüyü kimi sözügedən “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin hüquqi əsasının mövcudluğu araşdırma nəticəsində öz təsdiqini tapmışdır.Həmçinin,müvafiq subyektlər siyahısından görünür ki,üçüncü şəxs və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi aqrar islahat nəticəsində verilmişdir. Hazırkı iddia tələbi cavabdeh inzibati orqanın faktiki hərəkətinin mübahisələndirilməsi kimi qiymətləndirildiyi halda da iddia mümkünlük şərtinə cavab vermir.Belə ki, “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin tərtibindən uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır.İddia tələbinin “hüquqmüəyyənedici sənədin ləğvinə dair” hissəsi mümkün hesab edilmədiyindən iddianın “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” hissəsi də qeydə alınmış hüquq qüvvədə olduğundan mümkün deyildir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin faktiki istifadəsində olmasını,ona vəsiyyət edilməsini bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçı, 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1396/2024 nömrəli, xx.xx.2024-cü il və 2- 1(102)-571/2024 nömrəli xx.xx.2024 tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X16: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş A seriyalı 206523 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar