Məhkəmə qərarları › İş №2-1(116)-63/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-63/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-63/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Şəki rayon Qoxmuq bələdiyyəsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun 3-cü məsələsi ilə bağlı qəbul edilmiş qərarın və həmin bələdiyyənin vergi borcunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının 394,62 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddia müddəti ötürülmüş olan Şəki rayon Qoxmuq kənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra məmurunun qərarına əsasən yığılmış borcun bir dəfəyə pensiya puluna yönəldilməsi məsələsində qanunsuzluğa kobud surətdə yol verdiyi üçün barəsində ölçü götürülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Şəki rayon Qoxmuq bələdiyyəsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun 3-cü məsələsi ilə bağlı qəbul edilmiş qərarın və həmin bələdiyyənin vergi borcunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının 394,62 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixli iclas protokolunun 3-cü məsələsində iddiaçıya münasibətdə 449,40 manat vergi borcu hesablamış, daha sonra həmin borcun ödənilməsini təmin etmək üçün xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. İddiaçı, sözügedən vergi borcunun 394,62 manat məbləğinin əsassız hesablandığını bildirərək hazırkı tələblə məhkəmə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddia müddəti ötürüldüyü halda ona vergi borcu hesablamış və qanunsuz inzibati akt qəbul etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı, vergi ödəyicisi kimi uzun illərdir torpaq vergisini ödəmir və ilbəil də borcu artır. Bələdiyyə səlahiyyətlərinə uyğun olaraq bir çox vergi ödəyiciləri kimi iddiaçının da vergi borcu məsələsinə bələdiyyənin 23 noyabr 2022-ci il tarixli 17 №-li iclasında baxılmış və vergi borcunun 10 gün müddətində ödənilməsi tələbi ilə qərar verilmişdir. Qərardan çıxarış və məktub onun kənddəki sahibkarlıq obyektində satıcı işləyən X6 ilə çatdırılmışdır. Həmin məktub haqqında heç bir reaksiya verilməmişdir. Müəyyən müddət keçdikdən sonra bələdiyyənin 2-ci qərarı ilə, yəni xx.xx.2023-cü il tarixli qərarın icra olunması üçün Şəki İcra və Probasiya Şöbəsinə 25 fevral 2023-cü il tarixli 59 №-li məktubla müraciət olunmuşdur. İcra və Probasiya Şöbəsindən bələdiyyəyə müraciət edərək, iddiaçının pensiyasından vergi borcunun çox hissəsinin tutulduğunu, bunun texniki səhv səbəbindən baş verdiyini bildirməklə, 200 manatın geri qaytarılması tələb edilmiş, bələdiyyə tərəfindən həmin 200 manat bələdiyyənin cari hesabından çıxarılaraq, icra məmurunun vasitəsi ilə iddiaçıya qaytarılmışdır. İddiaçı, qalan vergi borcunu tədricən, az-az ödəyəcəyini bildirmişdir. Onun torpaq vergi borcundan, yəni 449.5 manatdan cəmi 143 manatı pensiyasından ödənilmişdir. Qalan 306.5 manatı bu günədək borc kimi qalır. xx.xx.2023-cü il tarixli qərar qüvvədədir. Daha sonra cavabdeh orqan borc məbləğinin hesablanması ilə bağlı bildirmişdir ki, iddiaçının şəxsi 1381 №-li təsərrüfat hesabı kitabında mülkiyyətində 186 (bir yüz səksən altı) kv.m əmlakı var. Hər bir kv.m-in əmlak vergisi 0.20 AZN olmaqla 1 illik vergisi 37.20 AZN edir ki, 7 il ödənilməmişdir. Mülkiyyətində 0.10 ha sahibkarlıq təyinatlı torpaq sahəsi var ki, 1 illik vergisi 20.00 AZN-dir. Bu vergi 13 ildir ödənilməmişdir. Bələdiyyə əmlak vergisi 269.5 AZN, torpaq vergisi 180.00 AZN təşkil edir. Ondan icra və probasiya xətti ilə əmlak vergisi 86.00 AZN, torpaq vergisi 57.00 AZN bələdiyyənin cari hesabına ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehn xx.xx.2022-ci il tarixli iclas protokolu və xx.xx.2023-cü il tarixli qərarı, xx.xx.2003-cü il qeydiyyat tarixli, 16 №-li Qeydiyyat vəsiqəsi, qeyri-yaşayış binasının texniki pasportu, DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən X1 bələdiyyəsinin sədri olduğunu bildirsə də, səlahiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının tələbi cavabdehin xx.xx.2022-ci il tarixli iclas protokolunun 3-cü məsələsi ilə bağlı qərarın, o cümlədən hesablanmış vergi borcunun məcburi qaydada ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın 394,62 manat vergi borcuna aid hissədə ləğv edilməsi ilə bağlıdır. Mübahisələndirilən qərarlarda hüquq müdafiə vasitələri barədə məlumat göstərilməmiş, həmçinin cavabdeh orqan tərəfindən həmin qərarların qəbulu zamanı iddiaçının inzibati icraatda iştirakının təmin edilməsi, o cümlədən qəbul edilmiş yekun qərarın hansı tarixdə çatdırılmasına dair sübutlar təqdim edilməmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarın iddiaçıya məxsus sahibkarlıq obyektində satıcı işləyən X6 vasitəsilə iddiaçıya çatdırıldığı bildirilsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, hazırki iddianın qaldırılması üçün iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti ödənilmişdir. Tətbiq edilən hüquq; Vergi Məcəlləsi Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Xİİİ fəsil. Əmlak vergisi Maddə 197. Vergitutma obyektləri 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), ... Maddə 198. Vergi dərəcələri 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): - Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) - 0,1 manat XİV fəsil. Torpaq vergisi Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 208. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 208.5-2. Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli iclas protokolunun 3-cü məsələsinə dair qərarın 394,62 manat vergi borcunun hesablanması hissəsinin ləğvini, həmçinin həmin vergi borcunun məcburi qaydada ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğvini tələb edir. Cavabdeh orqan hesablanmış vergi borcunun 269,5 manatını əmlak vergisinə, 180 manatını isə torpaq vergisinə aid etmişdir. Lakin vergi borcunun hesablanması ilə bağlı təqdim etdiyi cədvəldə 7 il üzrə hesablanmış əmlak vergisinin 260,4 manat, 9 il üzrə hesablanmış torpaq vergisinin isə 180 manat olduğu müəyyən edilir. Hər bir halda məhkəmə tərəfindən iddiaçının bələdiyyəyə vergi borcunun olubolmaması ümumi qaydada yoxlanılaraq, mübahisələndirilən qərarda göstərilən vergi borcunun qanuniliyinə hüquqi qiymət verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Qoxmuq kəndində iddiaçıya məxsus olan və əmlak hüquqlarının dövlət qeydiyyatına alındığı yeganə daşınmaz əmlak obyekti 16 №-li Qeydiyyat vəsiqəsində göstərilən qeyri-yaşayış binasıdır. Həmin qeyri-yaşayış binasına aid texniki pasportda ölçü 182,6 kv.m göstərilmişdir. Cavabdeh orqanın təqdim etdiyi cədvəldən görünür ki, iddiaçıya məxsus qeyriyaşayış binasının ölçüsü 186 kv.m nəzərə alınmaqla şəhərlər və rayon mərkəzlərinə münasibətdə hesablanmalı olan vergi dərəcəsi (0,20 m) tətbiq edilərək illik 37,20 manat olmaqla 7 il üzrə əmlak vergisi hesablanmışdır. Halbuki, qeyri yaşayış binasının kənd ərazisində yerləşməsi nəzərə alınmaqla ödənilməli olan əmlak vergisi illik (182.6x0.10) 18,26 manat olmalıdır. 3 illik müddət nəzərə alındıqda isə iddiaçının əmlak vergisi olaraq bələdiyyəyə ödəməli olduğu vergi borcunun məbləği 54,78 manat (18.26x3) müəyyən edilir. Mübahisələndirilən qərar əsasında hesablanmış əmlak vergisindən iddiaçı, qərarın qəbul edildiyi tarixə yaranmış borcunu ödəmişdir. Eyni zamanda cavabdeh orqanın təqdim etdiyi cədvəldən müəyyən edilir ki, iddiaçıya məxsus olduğu bildirilən 0.10 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə münasibətdə 9 il üzrə (2014-2022) illik 20 manat olmaqla torpaq vergisi 180.00 manat hesablanmışdır. İş materiallarında olan DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli məktubuna əsasən, iddiaçının adına Şəki rayonu Qoxmuq kəndində qeydiyyata alınmış hər hansı torpaq sahəsi mövcud deyil. Faktiki olaraq, müvafiq verginin hesablandığı torpaq sahəsinin iddiaçının mülkiyyətində, icarəsində və ya digər əsaslarla istifadəsində olması iş materialları ilə sübuta yetirilmir. Vergi Məcəlləsinin 205-ci maddəsinə əsasən, fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində, icarəsində və ya digər əsaslarla istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisi ödəməlidirlər. VM-nin 208.5-2-ci maddəsində də, torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdikdən sonra növbəti aydan etibarən, həmin torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətində, icarəsində və ya digər əsaslarla istifadəsində olduğu ayların sayına mütənasib olaraq aparılması qaydası müəyyən edilmişdir. Cavabdeh orqan, vergi hesabladığı torpaq sahəsinin iddiaçı tərəfindən hansı əmlak hüququ əsasında istifadə edildiyini, həmçinin bu torpaq sahəsini istifadə etmək üçün müvafiq hüquqi əsasların mövcud olub-olmamasını araşdırmadan, iddiaçının əmlak hüququnun olmadığı torpaq sahəsinə münasibətdə vergi hesablamış və bununla da Vergi Məcəlləsinin 205 və 208.5-2-ci maddələrinin tələblərini pozmuşdur. Odur ki, 180 manat məbləğində torpaq vergisinin hesablanması tamamilə qanunsuz olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı əmlak vergisi üzrə ödəməli olduğu 54,78 manat borc istisna olmaqla, hesablanmış qalan 394,62 manat vergi borcu (214,72 manat əmlak vergisi və 180 manat torpaq vergisi) üzrə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli iclas protokolunun 3-cü məsələsinə dair qərarının, eləcə də həmin qərarın məcburi icrasını nəzərdə tutan xx.xx.2023-cü il tarixli qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Şəki rayon Qoxmuq bələdiyyəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli iclas protokolunun 3-cü məsələsi ilə bağlı qərarı, o cümlədən hesablanmış vergi borcunun məcburi qaydada ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı 394,62 manat vergi borcuna (214,72 manat əmlak, 180 manat torpaq vergisi) aid hissədə ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar