Məhkəmə qərarları › İş №2-1(116)-630/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-630/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-630/2022 31.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyatı orqanların imtina və icrasız cavablarını əsassız sayıb iddiaçının Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülüb dövlət imtahanını yenidən verməyi, dövlət imtahanını müvəffəqiyyətlə keçdiyi təqdirdə ixtisası üzrə diplom almağı vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11549/2021 nömrəli qərardadı ilə inzibat iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya tələbinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunmuş, 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldığından buraxılış imtahanında iştirak etməmiş və ona diplom verilməmişdir. Ona diplom blankının verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmiş və cavabdeh xx.xx.2021-ci il tarixli, Z-10120/31-24 saylı məktubla onun adına blankın verilməsində imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyası Qafqaz Xalqlar Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağadır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə, qeyridövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli 46-03- 4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu halda, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələrə sırasına daxil olunması əmrləşdirilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən qanunsuz olaraq rəsmiləşdirilmişdir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2017-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş, lakin həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. ABU-nun Nazirlikdə olan arxivində iddiaçının adına diplom aşkar edilməmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2006-cı il tarixli əmrində qeyd edilmişdir ki, RF Qafqaz Xalqları Universiteti “Maliyyə kredit” fakultəsinin qiyabi şöbə üzrə İİ kurs tələbəsi, fərq imtahanlarını vermək şərtilə “Maliyyə kredit” fakultəsinin qiyabi şöbə üzrə İİ kursuna köçürülsün. Əsas: ərizə, akademik arayış, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və razılıq məktubu, köçürülmə haqqında komissiyanın protokolu. - xx.xx.2006-cı il tarixli Azərbaycan Beynəlxalq Universiteti ilə X1 arasında müqavilədən görünür ki, tərəflər İddiaçı müsabiqədən keçərsə Maliyyə kredit ixtisasının qiyabi şöbəsində tələbə sırasına qəbul edilməsi və digər məsələlərlə bağlı razılığa gəlmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia əsassızdır. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsində qeyd edilmişdi ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş (xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmış) «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında» Əsasnamənin 1.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici ölkələrdən tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli, 80 saylı əmrinə əsasən tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi yalnız Təhsil Nazirliyinin razılığı alınmaqla həyata keçirilir. İş materiallarından göründüyü kimi iddiaçı 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunduğunu və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü, cavabdeh orqan isə baş vermiş köçürmənin Təhsil Nazirliyinin razılığı olmadan həyata keçirildiyini və köçürülmənin qanunsuz olduğunu bildirir. Mübahisə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olması ilə bağlı yarandığından, bu sübutları təqdim etmək öhdəliyinin iddiaçının üzərinə düşür. Yəni, iddiaçı sübut etməlidir ki, onun 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinə Təhsil Nazirliyi razılıq vermişdir. Lakin, iş materiallarından göründüyü kimi Təhsil Nazirliyi tərəfindən belə razılıq verilməmiş, iddiaçının adı Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısında olmamış, habelə iddiaçının adına diplom tərtib edilməmişdir. Beləliklə, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə köçürülməsi müəyyən edilmədiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar