Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-631/2022 22.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********311900 nömrəli və xx.xx.2021-ci il tarixli **********921300 nömrəli “vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının” ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Dövlət Vergi Xidməti və Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********529000 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” və Dövlət vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********311900 nömrəli və xx.xx.2021-ci il tarixli **********921300 nömrəli “vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11557/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən iddiaçı İPM-nin 13-cü maddəsinin tələbinə uyğun olaraq hüquqi yardım edilmiş, cavabdeh orqanın və ona qarşı yönəlmiş tələbin dəqiqləşdirilməsi təklif edilmişdir. Bundan sonra iddiaçı, tələbini dəqiqləşdirərək cavabdeh qismində Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsini qeyd etmiş və cavabdehin xx.xx.2021-ci il tarixli **********311900 nömrəli və xx.xx.2021-ci il tarixli **********921300 nömrəli “vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində əməl gələn məişət tullantıları qismində metal tullantı və məmulatları və qırıntıları alış aktı əsasında təhvil müəssisələrinə təqdim etmiş, cavabdeh orqan, fiziki şəxsin 2020ci il ərzində müxtəlif adda, ölçüdə və məbləğdə mallar təqdim etdiyi, malların alış aktı ilə təqdim edilməsinə baxmayaraq, təqdim edilmiş malların həcmi, dövriliyi, məbləği nəzərə alınmaqla fəaliyyətinin xarakterinin bu sahədə sahibkarlıq fəaliyyəti hesab edilmişdir. Bundan sonra cavabdeh orqan iddiaçını xx.xx.2020-ci il tarixdə öz təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota almışdır. Kameral vergi yoxlaması iddiaçı tərəfindən 2020-ci il ərzində "Dostluq LTD" şirkətinə və "xxxx" MMC-yə 113.908,8 manat dəyərində malların alış aktları əsasında müxtəlif növ metal tullantılarının satılması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma kimi qiymətləndirilmiş, zəruri sənədlər və vergi bəyannaməsi təqdim edilmədiyi üçün iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq qərarlar qəbul edilərək, 5695.09 manat gəlir vergisi hesablanmışdır. İddiaçı, cavabdeh orqanın həmin qərarından inzibati qaydada şikayət vermiş, lakin Dövlət vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********529000 №-li qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu Vergi Məcəlləsinin 71-2.1, 101.6, 102.1.7, 150.1.14, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı könüllü olaraq vergi uçotuna durmadığı üçün məcburi qaydada uçota alınmış, toplanmış material tullantılarının qısa müddətdə yığılmasını əlavə resurslar olmadan fiziki olaraq yığılmasının mümkünlüyünü əsaslandıra, alüminium tullantılarını satmasına dair 2020-ci ilin vergi orqanı tərəfindən təsdiqlənmiş, OMV bəyannamələrinin surətlərini təqdim edə bilməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********311900 nömrəli qərardan görünür ki, bəyannanmə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 5275.16 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 725.33 manat qeyd edilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********921300 nömrəli qərardan görünür ki, bəyannanmə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 5695,09 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 5918.40 manat qeyd edilmişdir. - Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********529000 nömrəli qərarından görünür ki, iddiaçının inzibati qaydada etdiyi şikayət təmin edilməmişdir. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərarlar xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində qəbul edilmişdir. Dövlət vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********921300 nömrəli “vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan, iddiaçı tərəfindən mübahisələndirilən qərarların iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair sübutlar təqdim edə bilməmişdir. Odur ki, hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmamışdır (xx.xx.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı tələb inzibati şikayət orqanının qəbul etdiyi qərardan 30 gün müddət ərzində verilmişdir). İddianın qaldırılmasında iddiaçının hüquqi marağı - ondan müvafiq pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2021 və xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğvinə nail olmaqdır. Cavabdeh orqan, xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda qeyd edilən məbləğin xx.xx.2021-ci il tarixli qərarda qeyd edilmiş məbləği əhatə etməsini və yekun tələb edilən vergi borcunun xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda əks olunduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli qərarın ləğv ilə bağlı hər hansı icraat aparmamış, həmin qərarın qüvvədən düşməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qərarda hər hansı xüsusi qeyd göstərməmişdir. Odur ki, məhkəmə hər iki qərara münasibətdə cavabdeh orqanın hərəkətlərinin qanuniliyi yoxlamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 (xx.xx.2021-ci ildən 5 faiz) faiz dərəcə ilə vergi tutulur (həmin dövrdə qüvvədə olan tələblərə görə). Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: (-). 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir; (-). “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır (33.3-cü maddə). Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir (33.4-cü maddə). Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir (33.5-ci maddə). Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1-ci maddə). Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan öz təşəbbüsü ilə məcburi qaydada iddiaçını vergi uçotuna almışdır ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən "Dostluq LTD" şirkətinə 1 sayda 1311.0 kq, ümumi dəyəri 2622.0 manat və "xxxx" MMC-yə 14 sayda, ümumilikdə dəyəri 54105.0 kq, ümumi dəyəri 111279,90 manat olan alüminium tullantıları təqdim edilmişdir. İnzibati orqan tərəfindən iddiaçının böyük mal partiyaları ilə metal tullantılarını təqdim etməsi, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasının əlavə resurslar olmadan mümkün olmaması, iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirdiyi üçün həmin şəxsin belə gəliri onun sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi uçotuna alınmış, müxtəlif növ qara və əlvan metal tullantısının təqdim edilməsi nəticəsində əldə etdiyi 113901.8 manat məbləğinə görə 5695.09 manat gəlir vergisi hesablanmışdır. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən 55416.0 kiloqram metal tullantılarının toplanması mümkün deyil, o sahibkarlıq fəaliyyəti çərçivəsində fəaliyyət göstərmişdir. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, iddiaçı alüminium tullantılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Cavabdeh orqanın iddiaçını məcburi qaydada, öz təşəbbüsü ilə vergi uçotuna alması qanunsuz olmuşdur. Odur ki, iddiaçının fərdi sahibkar statusu faktiki olaraq mövcud olmadığından, o, apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi də daşımamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt müəyyən edilməmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********311900 nömrəli və xx.xx.2021-ci il tarixli **********921300 nömrəli “vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-631/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-631/2022
22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver