Məhkəmə qərarları › İş №2-1(116)-632/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-632/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-632/2021 10.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə iddiaçı İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 103 hektar torpaq sahəsinin yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs DƏDRX 9 saylı Qəbələ ərazi idarəsi) məhkəməyə müraciət edərək, Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 103 hektar torpaq sahəsinin yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Qubaxəllilli Bələdiyyəsi 21 oktyabr 2003-cü il tarixli, 05 saylı qərar əsasında 108 hektar örüş otlaq sahəsini icarə hüququ ilə 15 il müddətinə X2 istifadəsinə vermiş və 18 mart 2004-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürən icarə müqaviləsinin şərtlərinə əməl edərək həmin torpaq sahəsindən təyinatı ilə istifadə etmişdir. İcarə müqaviləsinin müddəti bitənədək Qubaxəlilli Bələdiyyəsinə müraciət edərək müqavilənin müddətini uzatmaqla torpaqdan istifadə etmək arzusunda olduğunu bildirmişdir. Torpaq sahəsinin icarəyə verilməsinin yeni qaydaları müəyyən edildiyindən icarə məqsədilə istifadəyə verilməsi nəzərdə tutulmuş 108 hektar torpaq sahəsinin yerquruluşu planının hazırlanması barədə müraciət edilmişdir. Nəzərdə tutulan torpaq sahəsinin JN-614 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında verilmiş xüsusi mülkiyyətdə olan torpaqlarla üstüstə düşdüyündən yerquruluşu planının hazırlanmasının mümkün olmadığı bildirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh və üçüncü şəxsin nümayəndəsi bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçı Qubaxəlilli bələdiyyəsinin nümayəndəsi, bələdiyyənin sədri X1 məhkəməyə 10.11.2021-ci il tarixdə 09:50-də AZ3121/********** nömrəli teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçı tərəfindən analoji iddia tələbi ilə cavabdeh orqana müraciət edilməmiş və müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə edilməmişdir. İddia ərizəsində iddiaçının istinad edərək qeyd etdiyi və iddia ərizəsinə əlavə etdiyi 08.07.2020-ci il tarixli **********3 nömrəli imtina məktubuna gəldikdə isə məhkəmə qeyd edir ki, məktub səlahiyyətli şəxs tərəfindən imza edilməmişdir, həmçinin məktubun hansı inzibati orqan tərəfindən tərtib edildiyi müəyyən edilmir. Belə ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 11-ci maddəsinə əsasən təşkilatların mətbəə üsulu ilə hazırlanan blanklarında aşağıdakı rekvizitlər çap edilir: 11.1. Azərbaycan Respublikasının Dövlət Gerbi (“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə müəyyən edilmiş təsvirə uyğun olaraq; 11.2. Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) adı; 11.3. təşkilatın tam adı; 11.4. təşkilatın poçt indeksi, ünvanı, məlumat almaq üçün telefon nömrəsi, faksın nömrəsi və elektron poçtu (əgər varsa). Məhkəmə həmçinin qeyd edir ki, 26 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi, Şəki LTİ-nin mühəndisi X5 iddiaçının hazırkı iddia tələbi ilə cavabdeh orqana ərizə ilə müraciət etmədiyini, müraciət edildiyi təqdirdə qanunamüvafiq addımların atılacağını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsinə cavabdehin imtinasını məhkəməyə təqdim etmək təklif edilmiş, nümayəndə tərəfindən imtina məktubu məhkəməyə təqdim olunmamışdır. Həmçinin Məhkəmənin 06.05.2021-ci il tarixli məktubu ilə iddiaçıya iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsllərini məhkəməyə təqdim etməsi təklif olunmuş, 26.10.2021-ci il tarixli məktubla imtina məktubunun məhkəməyə göndərilməsi təkrar tələb edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin məktublarına cavab verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 103 hektar torpaq sahəsinin yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar