Məhkəmə qərarları › İş №2-1(116)-632/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-632/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-632/2022 05.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına qarşı “22 sentyabr 2021-ci il tarixli **********8 saylı imtinasının əsassız hesab olunması və onun 1973-1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P. Kommunası” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına qarşı Bakı İnzibati Məhkəməsin iddia ərizəsi ilə müraciət edərək “22 sentyabr 2021-ci il tarixli **********8 saylı imtinasının əsassız hesab olunması və onun 1973-1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P. Kommunası” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli 2-1(112)11507/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 22.05.1978-01.06.2000-ci il illərdə Ağsu qaz istismar kontoruna, 1973, 1976, 1977 və 1978-ci illərdə Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin 24.05.1974- 17.06.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının 65 yaşı 20.04.2021-ci il tarixdə tamam olmuş və o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh, iddiaçının əmək stajının 24 il 3 ay olmasını, Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda işlədiyi müddətin əmək kitabçasında qeyd olunmamasını, 01.01.2006-cı il tarixdən - 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi müraciətin təmin olunmasınan imtina cavabı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 22.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ağsu rayon Dövlət Arxivinin 27.04.2021-ci il tarixli 30 №-li, 05.10.2021-ci il tarixli 53 №-li arayışlarından və həmin arayışların verilməsinə əsas olmuş kolxozun şəxsi hesab kitablarından çıxarışlardan görünür ki, iddiaçı Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda 1973-cü ildə 247 adam günü, 1976-cı ildə 42 adam günü, 1977-ci ildə 55 adam günü 1978-ci ildə 21 adam günü işləyərək əmək haqqı almışdır.Həmin kolxozda kişilər üçün minimum 240 adam gün norması müəyyən edilmişdir. - “Azəriqaz” X2 regional Qaz İstismar İdarəsinin 26.01.2021-ci il tarixli arayışından və Ağsu rayon Dövlət Arxivinin 30.03.2022-ci il tarixli 27 nömrəli arayışından görünür ki, iddiaçı 22.05.1978-ci ildə 54№-li əmrlə Ağsu qaz istismar kontoruna ikinci dərəcəli nəzarətçi çilingə peşəsinə işə qəbul edilib, 01.06.2000-ci il tarixdə 18 №-li əmrlə işdən azad edilmişdir. - 28.06.1977-ci il tarixdə tərtib edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti 05.04.1977-21.06.1977 və 22.05.1978-01.06.2000-ci illəri əhatə edir. - H3 ******* №-li hərbi biletdən görünür ki, iddiaçı 24.05.1974-17.06.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - DSMF-nun 11 saylı Regional Ərazi Filialı tərəfindən təsdiq edilmiş 30.07.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış, Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda 1973, 1976, 1977 və 1978-ci illərdə işləyərək əmək haqqı alması, kolxozda adam günü normasının 240 gün olması, həmçinin Ağsu qaz istismar kontorunda 22.05.1978- 01.06.2000-ci illərdə işləyərək əmək haqqı alması müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 20.04.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İş materiallarında olan, 28.06.1977-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 22 il 2 ay 16 gün qeyd edilmişdir. H3 ******* №-li hərbi biletdən isə ilə iddiaçının 2 il 23 gün hərbi xidmətdə olması müəyyən edilir. Hər iki müddətin cəmi 24 il 3 ay 17 günə bərabərdir və bu müddət mübahisələndirilmir. İddiaçının Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda 1973, 1976, 1977 və 1978-ci illərdə işləməsi Zaqatala rayon X3 rayon Dövlət Arxivinin 27.04.2021-ci il tarixli 30 №-li, 05.10.2021-ci il tarixli 53 №-li arayışlarından və həmin arayışların verilməsinə əsas olmuş kolxozun şəxsi hesab kitablarından çıxarışlarla öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər arxiv arayışı ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, arxiv arayışında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəyyən olunur ki, iddiaçı 1973-cü ildə minimum adam günü normasını (240 gün) yerinə yetirmişdir və ancaq həmin 1 ilin hesablanması kifayət edir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 il ümumi əmək stajı tamamlansın. Digər əmək normasının tamamlanmadığı illər üzrə isə iddiaçının ümumi adam günü 118 günə bərabərdir ki, bu da 6 ay əmək stajı deməkdir. Beləliklə, yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisələndirilməyən 24 il 3 ay 17 gün əmək stajı ilə arxiv arayışında qeyd edilən müddətlər (1 il 6 ay) toplandıqda 25 ildən artıq əmək stajının olması müəyyən edilir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə, tələbdə göstərilən illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı iddianın əsaslı olması qənaətinə gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı 1973,1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P. Kommunası” adına kolxozda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan - 20.04.2021-ci il tarixdən - yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin X4 Filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar