Məhkəmə qərarları › İş №2-1(116)-633/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-633/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-633/2022 07.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "imtinanın əsassız hesab edilməsi və ona hüququnun yarandığı vaxtdan, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı ildə Goranboy rayonu Baxçakürd kəndində anadan olmuş, hazırda Mingəçevir şəhərində yaşayır. O, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında olan qeydlərə əsasən, iddiaçı aşağıdakı iş yerlərində işləmişdir: - xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək X2 traktorçu, - xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək "Yujenerqomexanizasiya" İdarəsində traktorçu, - xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək "xxxx" Xüsusi Müəssisəsində montajçı, - xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək "xxxx" Xüsusi Müəssisəsində izolyasiyaçı, - xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının kimya sexində təmirçi-çilingər, - xx.xx.1997-ci ildən xx.xx.2009-cu ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının kimyəvi avadanlıqların xüsusi təmiri sexində təmirçi-çilingər, - xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-nin Qazan-turbin Avadanlıqlarının Təmiri və Sazlama İdarəsinin kimyəvi avadanlıqların təmiri sexində təmirçi-çilingər, - xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir sahəsinin kimyəvi avadanlıqların təmiri sexində çilingər, - xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək "xxxx" MMC-nin mərkəzləşdirilmiş təmir sexində kimya avadanlıqlarının təmiri briqadasında təmirçi-çilingər. - xx.xx.2015-ci ildən hal-hazıradək isə "xxxx" MMC-nin qazan və köməkçi avadanlıqların təmiri sexində qaz təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada qazanxana sexi avadanlığının təmiri üzrə çilingər işləyir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2021-ci il tarixli **********2 nömrəli cavab məktubunda bundan imtina edərək bildirmişdir ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2009-cu ilədək, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinə (24) uyğun deyil və İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az, yəni 7 il 2 ay 2 gün təşkil edir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün stajı hesablanarkən yanlışlığa yol verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11288/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, İddiaçı müvafiq güzəştli iş stajına malik deyil. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən də işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 283 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək X2 traktorçu, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək "Yujenerqomexanizasiya" İdarəsində traktorçu, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək "xxxx" Xüsusi Müəssisəsində montajçı, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək "xxxx" Xüsusi Müəssisəsində izolyasiyaçı, xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının kimya sexində təmirçi-çilingər, xx.xx.1997-ci ildən xx.xx.2009-cu ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının kimyəvi avadanlıqların xüsusi təmiri sexində təmirçiçilingər, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-nin Qazan-turbin Avadanlıqlarının Təmiri və Sazlama İdarəsinin kimyəvi avadanlıqların təmiri sexində təmirçi-çilingər, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir sahəsinin kimyəvi avadanlıqların təmiri sexində çilingər, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək "xxxx" MMC-nin mərkəzləşdirilmiş təmir sexində kimya avadanlıqlarının təmiri briqadasında təmirçiçilingər işləmiş, xx.xx.2015-ci ildən hal-hazıradək isə "xxxx" MMC-nin qazan və köməkçi avadanlıqların təmiri sexində qaz təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada qazanxana sexi avadanlığının təmiri üzrə çilingər işləyir. - İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2009-cu ilədək, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinə (24) uyğun deyil və İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 2 gün) təşkil edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində isə deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx.xx.1997-ci ildə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, xx.xx.2017-ci ildə 57 yaşına çatmışdır. Ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajının və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə də İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 26 gün müddət onun sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçının əmək kitabçasında olan və yuxarıda göstərilən məlumatlara görə, onun xx.xx.2006-cı ilədək işlədiyi müddət 22 il 1 ay 14 gündür. Həmin müddəti iddiaçının keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 26 gün müddətlə topladıqda, iddiaçının xx.xx.2006-cı ilədək sosial sığorta stajının cəmi 24 il 2 ay 9 gün təşkil edər ki, bu da tələb olunan 25 ildən azdır. İddiaçının güzəştli stajının müddətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həm "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində, həm də "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edildiyi kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Lakin müəyyən edildi ki, İddiaçı işlədiyi vəzifələrin heç birisi nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı"nda və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş nömrəsiz və tarixsiz "İş fəaliyyəti haqqında arayış"da göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2009-cu ilədək təmirçi-çilingər işlədiyi müddətdə vəzifə funksiyasına görə Elektrik Stansiyasının kimya sexində, 1 və 2 nömrəli qazan-turbin sexlərində yerləşən blok duzsuzlaşdırma qurğusunda (BDQ) avadanlıqların təmir işini aparmış və avadanlıqlara texniki xidmət işini yerinə yetirmiş, işlədiyi müddətdə ona zərərli iş şəraitinə görə 20 faiz həcmində əlavə əmək haqqı ödənilmişdir. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək işlədiyi təmirçiçilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən, bilavasitə zərərli sahə hesab edilir. Bundan başqa, "xxxx" ASC "xxxx" MMC xx.xx.2020-ci il tarixli arayışında bildirmişdir ki, İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi təmirçi-çilingər və xx.xx.2015-ci ildən hal-hazıradək işlədiyi çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin "a" bəndinə uyğundur. Sadalanan arayışlarla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Əvvəla, iddiaçının tələbi ona 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə olduğuna görə onun yalnız xx.xx.2006-cı ilədək topladığı güzəştli sığorta stajı nəzərə alına bilər. "xxxx" MMC-nin "İş fəaliyyəti haqqında arayış"ının xx.xx.2006-cı ilədək müddətə aid hissəsi ilə bağlı məhkəmə bildirir ki, işlədiyi müddətdə işçiyə zərərli iş şəraitinə görə əlavə əmək haqqının ödənilməsi həmin vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli vəzifə hesab edilməsi üçün kifayət deyil. Belə ki, arayışda İddiaçı ödənildiyi bildirilən vəsaitin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərarı ilə tənzimlənir və hazırkı işin həllinə heç bir aidiyyəti yoxdur. Cavabdehin imtina məktubunda iddiaçının 7 il 2 ay 2 gün güzəştli stajının olmasını qəbul etməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2022ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, həmin müddətin hansı iş yerlərinə və hansı müddətlərə aid olması barədə məlumat tələb olunsa da, cavabdeh bu suala cavab verməmişdir. Lakin bütün hallarda, məhkəmə cavabdehin bu mövqeyilə razılaşmır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahılara əsaslanaraq, iddiaçının xx.xx.2006-cı ilədək topladığı stajının güzəştli olmaması qənətində qalır. Beləliklə, müəyyən edildi ki, İddiaçı ona 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edən ümumi və güzəştli sosial sığorta stajı yoxdur. Ona görə də cavabdeh onun tələbini təmin etməməkdə haqlı olmuşdur. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "imtinanın əsassız hesab edilməsi və ona hüququnun yarandığı vaxtdan, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar