Məhkəmə qərarları › İş №2-1(116)-633/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-633/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-633/2025 10.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə qarşı “əlillik dərəcəsinin təyin edilməsi üçün tibbi göndərişin (forma 88) göndərilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən edilməsi üçün zəruri olan forma 88 göndərişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçıya 2014 - cü ildə “ÜİX stabil stenokardiyası İİ f.s Qan dövranı çatmamazlığı İİ dərəcə” xəstəliyi ilə əlillik təyin olunmuşdur. Bundan sonra, xx.xx.2015 - ci il tarixində isə “ÜİX stabil stenokardiyası” diaqnozu ilə yenidən 1 illik müddətinə əlillik təyin edilmişdir. Bundan sonra isə xx.xx.2016cı ildə 5 il müddətinə “Ürəyin işemik xəstəliyi, stenokardiya” diaqnozu ilə əlillik təyin edilmişdir. Müəyyən edilmiş əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmiş, bundan sonra isə əlillik təyin olunmamışdır. İddiaçı 2024-cü ilin aprel ayında forma-88 sənədinin yazılıb göndərilməsi ilə bağlı Zaqatala rayon Mərkəzi xəstəxanasına müraciət etsə də, həmin xəstəxananın həkimləri göndəriş etməkdən imtina etmişdir. Cavabdeh iddiaya münasibət bildirmişdir ki, iddiaçı Muradova X1 Rayon Mərkəzi Xəstəxanası phş-yə dəvət olunmuşdur. İddiaçı həkim müayinələrindən keçmiş, həkim məsləhət komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün yoxlanılmışdır. xx.xx.2024-cü ildə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən göndərişin verilməsindən imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdeh orqanın nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli müraciətə baxılması haqqında məktubu və ona əlavə edilən sənədlər;

2. İddiaçı barəsində Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışlar;

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X2 İnstitutunun xx.xx.2024-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbinin ifadə tərzindən asılı olmayaraq məhkəmə hesab edir ki,iddiaçının hüquqi marağı əlilliyin müəyyən edilməsi üçün barəsində tibbi göndərişin tərtib edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsindən ibarətdir.İddiaçının müraciəti əsasında “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən 28 iyun 2024-cü ildə gönədrişin verilməsindən imtina aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. ... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. İş materiallarından görünür ki, cavabdeh orqanın imtina dəlili xx.xx.2024-cü il tarixdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı iddiaçının diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının tələblərinə uyğun göndərişin verilməsi üçün əsasların olub-olmamasının yoxlanılması məqsədilə həkim komissiyası tərəfindən şəxsin və ya müalicə həkiminin müraciəti əsasında müvafiq tibbi sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi təmin edilməlidir. Zərurət olduğu halda diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilibgöndərilməməsi məsələsi həll edilməli, toplanmış tibbi sənədlərin təhlili nəticəsində göndərişin verilib-verilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. İddiaçının xəstəlik tarixindən çıxarışda görünür ki,onun barəsində l20 XBT kodu üzrə diaqnoz qoyulmuş,iddiaçı 14-25 may 2024-cü il tarixlərində “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ambulator müalicə olunmuşdur.Hansı ki,Əlilik Altsistemindən gönür ki, həmin diaqnoz əsasında iddiaçının 2012-2021-ci illər ərzində əlilliyi müəyyən edilmişdir. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavə Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri göstərilmişdir.

Son 1 (bir) ildə tələb olunan minimal müalicə Sıra Xəstəlik, zədə və ya XBT-10 müddəti №-si çatışmazlıq (kod) stasionar ambulator (gün) (dəfə) İ05-İ15, İ20-İ25, İ27, Ürək, qan-damar sistemi

6. İ30- İ52, İ60-İ69, İ97, 10 2 xəstəlikləri Q20-Q26, T91.4 Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün məhz əlilliyə səbəb ola bilən diaqnozların, həmçinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş şərtlərin mövcudluğu tələb olunur. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı 2023-2024-cü illərdə,yəni son 1 il ərzində (2024-cü ilin fevral və may aylarında Zaqatala RMX-də) ambulator qaydada həmin diaqnoz əsasında müalicə almışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməli, əlilliyin qiymətləndirilməsi üçün iddiaçı barəsində tibbi göndərişin (forma 88) tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı barəsində tibbi göndərişin (forma 88) tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi öhdəliyi cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar