Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-634/2022 17.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1973,1974,1976-1998-ci illərdə Zaqatala rayonu Yengiyan kəndi “1 May“ adına kolxozda işlədiyi illəri və hərbi biletində qeyd olunan hərbi xidmətdə olduğu 1974-1976-cı illər sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ƏƏSMN tabeliyində DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “1973,1974,1976-1998-ci illərdə Zaqatala rayonu Yengiyan kəndi “1 May“ adına kolxozda işlədiyi illəri və hərbi biletində qeyd olunan hərbi xidmətdə olduğu 1974-1976-cı illər sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11599/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı, tələbini yaşa görə əmək pensiyası almaq hüququnun yaranması, 973,1974,1976-1998-ci illərdə Zaqatala rayonu Yengiyan kəndi “1 May“ adına kolxozda işləməsi, işlədiyi illərin təqdim etdiyi arxiv arayışında qeyd olunması, 1974-1976-cı illərdə hərbi xidmətdə olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını iddiaçının işə daxil olma və işdən azad olunma barədə əmrlərinin olmaması, pensiyanın təyin edilməsi üçün zəruri olan sosial sığorta stajının və pensiya kapitalının tamamlanmaması, həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işin şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5183 №-li arayışından görünür ki, Zaqatala rayonu yengiyan kənd “1 May” adına kolxozun şəxsi hesab kitabları yoxlanılaraq iddiaçının 1973-1974, 1976-1998-cı illər üzrə işləməsi və ona əmək haqqı və sairə hesablanması barədə müvafiq qeydlər aparılmışdır. 1973-1984-cü illər üzrə adam günü minimumu 220 gün, 1985-1998-ci illər üzrə adam günü minimumu 200 gün qeyd edilmişdir. - H3 ******* №-li hərbi biletdən görünür ki, iddiaçı may 1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - “1 May” kolxozu üzrə 1974-cü ilə aid “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ının iddiaçının adının qeyd olunduğu səhifəsindən görünür ki, 1974-cü il üzrə iddiaçının mart (18), aprel (14) və may (38) ayları üzrə cəmi işlənmiş adam günü 70 gün qeyd edilmişdir. Daha sonra isə 70+72=142 olmaqla qeydiyyat aparılmışdır (iddiaçı 1974cü ilin may ayında hərbi xidmətə getmişdir). - “1 May” kolxozu üzrə 1976-cı ilə aid “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ının iddiaçının adının qeyd olunduğu səhifəsindən görünür ki, 1976-cı il üzrə iddiaçının yanvar (26), fevral (19), mart (20), aprel (30), may (30), iyun (20) və iyul (20) ayları üzrə cəmi işlənmiş adam günü 165 gün qeyd edilmişdir. İddiaçı 1976-cı ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. - DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq üçün yaşı xx.xx.2021-ci ildə çatmışdır (iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür). İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı yoxdur. İddia tələbinə obyektiv hüquqi qiymət verilməsi üçün məhkəmə hesab edir ki, iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi sənədlərdə icra olunmuş qeydlərin hər biri ayrı-ayrılıqda ilkin sənədlərlə müqayisəli şəkildə təhlil edilməli və iddiaçının 25 il sığorta stajının yaranıb-yaranmaması müəyyən edilməlidir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5183 №-li arayışında iddiaçının Zaqatala rayonu Yengiyan kənd “1 May” adına kolxozunda 1973-1974, 1976-1998-cı illər üzrə işləməsi ona əmək haqqı və sairə hesablanması barədə qeydlər vardır. Arxiv arayışında 1974-cü il üzrə işlənmiş adam günü miqdarı 142 gün, adam günü minimumu isə 220 gün qeyd edilmişdir. “1 May” kolxozu üzrə 1974-cü ilə aid “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ında iddiaçının 1974-cü ildə iddiaçının mart (18), aprel (14) və may (38) ayları üzrə cəmi işlənmiş adam günü 70 gün qeyd edilmişdir. 1974cü ilin may ayında iddiaçı hərbi xidmətə getmiş və 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. bütövlükdə 1974-cü il üzrə işlənmiş adam günləri 70 gün olmasına baxmayaraq, müvafiq kitabda 70+72 olmaqla qeydlər aparılmış və işlənmiş adam günü miqdarı 142 gün qeyd edilmişdir. İstinad olunan kitabda əlavə olaraq qeyd edilmiş +72 günün hansı aylar üzrə iddiaçının əmək fəaliyyətini əks etdirməsi müəyyən olunmur. Odur ki, 1974-cü il üzrə iddiaçının işlənmiş adam günü miqdarını məhkəmə 70 gün olaraq qəbul edir. Eyni zamanda arxiv arayışında iddiaçının 1976-cı il üzrə işlənmiş adam günü miqdarı 165 gün, adam günü minimumu isə 220 gün qeyd edilmişdir. “1 May” kolxozu üzrə 1976-cı ilə aid “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ına nəzər yetirildikdə məlum olur ki, iddiaçı 1976-cı ilin iyun ayında hərbi xidmətdən qayıtdığı halda 1976-cı ilin yanvar ayından iyun ayı da daxil olmaqla iddiaçının əmək fəaliyyəti ilə bağlı əsassız qeydlər aparılmışdır. Odur ki, məhkəmə iddiaçının hərbi xidmətdə olduğu aylar üzrə 1976cı ildə aparılmış qeydləri düzgün hesab etmir və yalnız 1976-cı ilin iyun və iyul ayları üzrə cəmi 40 günü işlənmiş günlər olaraq qəbul edir. Göründüyü kimi iddiaçı 1977-1984, 1986-1994, 1996-1997-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 19 ilə bərabərdir. 1973, 1974, 1976, 1985, 1995, 1998-ci illərdə isə iddiaçı minimum adam günü normasından az işləmişdir. Odur ki, həmin illər üzrə əmək stajı aşağıdakı qaydada hesablanmalıdır: - 216+70+40= 326/220 = 1.48. Yəni, 1 il 5 ay 22 gün. - 196+177+71= 2.22. Yəni, 2 il 2 ay 17 gün. İddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 19 ilin üzərinə 1 il 5 ay 22 gün və 2 il 2 ay 17 gün əmək fəaliyyəti müddətini və hərbi xidmətdə olduğu 2 ili gəldikdə iddiaçının əmək stajı 24 il, 8 ay, 9 gün olur ki, bu da tələb olunan 25 il sığorta stajından azdır. Odur ki, ilkin sənədlər əsasında iddiaçının 25 il sığorta stajının müəyyən edilməsi mümkün olmadığından tələbdə qeyd edilən əmək fəaliyyəti və hərbi xidmət müddətinin iddiaçının sığorta stajına daxil edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1973,1974,1976-1998-ci illərdə Zaqatala rayonu Yengiyan kəndi “1 May“ adına kolxozda işlədiyi illəri və hərbi biletində qeyd olunan hərbi xidmətdə olduğu 1974-1976-cı illər sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-634/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-634/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver