Məhkəmə qərarları › İş №2-1(116)-634/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-634/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-634/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı, cavadehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayonu, Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozunda 1978, 1980, 1986, 1988- 1989, 1995-1996-cı illərdə işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla, həmçinin 20 aprel 1982-ci il tarixdən 7 mart 1986-cı ilədək hərbi xidmət və Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik Texnikumunun “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtisası üzrə aldığı təhsil illərinin nəzərə alınmaqla,18 il 2 ay 23 gün (13 il, 2 ay, 23 gün işlədiyi vəzifənin) güzəştli şərtlərlə sığorta stajı kimi nəzərə alınmaqla, ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır ki, “iddiaçı xx xxxx 1964-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. İddiaçı işlədiyi müddət ərzində iş stajının 25 ildən az ( 18 il 9 ay 19 gün ) yəni ( xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il tarxiləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 1 il 9 ay ) həmçinin güzəştli iş stajı isə 12 il 6 aydan az ( 7 il 4 ay ) yəni ( xx.xx.1990xx.xx.2007-ci il tarixləri arasındakı dövr üzrə çöl stajı) kimi cavabdeh orqan tərəfindən sığorta stajına hesablanması qeyd edilir. İddiaçı 1978, 1980, 1986, 1988-1989, 1995- 1996-cı illərdə keçmiş Zaqatala rayonu Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozun üzvü olmuşdur. İddiaçı 1981-ci ildə Azərbaycan SSR Ali və Orta ixtisas təhsili nazirliyinin Zaqatala Politexnik texnikumuna daxil olmuşdur. Daha sonra 20 Aprel 1982-ci ildən 03 may 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək, 1986-cı ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik texnikumunun “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komisssiyasının 7 mart 1986-cı il tarixli qərarı ilə iddiaçıya kəşfiyyatçı-baş mexaniki ixtisası verilmişdir. xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər X5 5-ci dərəcəli qaynaqçı işləmişdir. İddiaçı 01 iyun 1990-cı ildə X2 suların rejiminin öyrənilməsi partiyasının Alazan-Əyriçay Hidrogeoloji sahəsinə planalma və axtarış üzrə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. (əmr № 118, xx.xx.1990-cı il); 17 dekabr 2001-ci ildə Hidrogeologiya və X1 ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən işdən azad edilmiş.(Ləğvetmə Komissiyasının 18 dekabr 2001-ci il, 1 №-li qərarı) 20 aprel 2006-cı ildə Kompleks Hidrogeologiya və X1 Yeraltı suların monitorinqi partiyasına çöl işlərinə çıxmaqla geoloji planalma və axtarış işləri üzrə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir.(əmr № 29/k, 23 , xx.xx.2006-cı il); 01 yanvar 2007-ci ildə X3 Yeraltı suların monitorinqi partiyasında çöl işlərinə ezam olunmaqla 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. (əmr № 5/k, xx.xx.2007-ci il); 25 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. (əmr № 43/k, xx.xx.2007-ci il) . Lakin, cavabdeh orqan Zaqatala rayonu Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozunda 1978, 1980, 1986, 1988-1989, 1995-1996-cı illərdə işlədiyi illəri, müddəti nəzərə almır. 01 mart 2024-cü il tarixdə 60 yaşı tamam olmuş və güzəştli şərtlərlər pensiya hüququ yaranmışdır. Bu hüququnu həyata keçirmək üçün iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh orqan iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh orqanın imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı bildirir ki, Zaqatala rayonu Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozunda 1978, 1980, 1986, 1988-1989, 1995-1996-cı illərdə işlədiyi illər, peşə ixtisası üzrə təhsil aldığı 1981-1986-cı illər və hərbi xidmətdə olduğu illər 1982-1984-cü illər nəzərə alınmaqla, iş stajı 25 il artıqdır. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Fondunun 3-14-23/2-S-17-1/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilən və təhsil-hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla güzəştli şərtlər iş stajı 18 il 2 ay 23 gün təşkil edir. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunması üçün imtinası heç bir hüquqi əsas yoxdur. Yuxarıda qeyd olunan səbəblərə görə iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müqdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəz Filialına müraciət etsə də, oradan iddiaçıya xx.xx.2024-cü il tarixdə, 3-17-1/2-S- 102330/2024 saylı məktub ünvanlanaraq yuxarıda qeyd olunan hərəkətləri həyata keçirməkdən imtina edilmişdir. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin imtinası formal xarakterlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Fondunun 3-14-23/2-S-17-1/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçının 13 il, 2 ay, 23 gün işlədiyi vəzifənin hüququna əsas olan xüsusiyyətləri yerüstü geoloji işlərdə fəhlə olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3 bəndinin vəzifə koduna uyğundur. Bundan başqa imtina məktubunda göstərilir ki, iddiaçının əmək kitabçasında kolxozda işlədiyi dövr üzrə işə qəbul olma və işdən çıxma tarixləri qeyd olunmamışdır. İddiaçı, bu xüsusatla razı deyil. Əmək kitabçasında kolxozda işə qəbul olunma ili, günü, ayı qeyd edilməmişdir. İddiaçı hesab edir ki, bu hal səlahiyyətli şəxslərin səhlənkarlığından baş vermişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki,“iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur”. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Mərkəzi Filial tərəfindən 01 05.2024-cü il tarixli 3-17-1/2-Y-102330/2024 nömrəli məktubla əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçı 2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu:

1. Ərizəçinin 60 yaşı tamam olmalıdır (yaş tələbi);

2. Ərizəçi iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi);

3. Ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə ərizəçi ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). Ərizəçinin işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1- ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya 2 nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar qeyd olunmalıdır:

1. Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı;

2. Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı;

3. Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı;

4. Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər;

5. Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay, günlə göstərilməklə);

6. Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri;

7. Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Həmin icmal məktubunda qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2- S- 102330/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən az (18 il 9 ay 19 gün (xx.xx.1982xx.xx.1984- cü il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 1 il 9 ay)) təşkil edir. Eyni zamanda İddiaçı güzəştli iş stajı da 12 il 6 aydan az (7 il 4 ay (xx.xx.1990-xx.xx.2007-ci il tarixləri arasındakı dövr üzrə çöl stajı)) təşkil edir. Həmçinin, iddiaçı Y.X8 təqdim etdiyi AZE N° ******* nömrəli əmək kitabçasında 1978-1990cı illər arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin həmin dövr üzrə əmək kitabçasında işə qəbul olma və işdən çıxma tarixləri qeyd olunmamışdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli N° 186 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qərarının 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Qərarın 3.13-cü bəndinə əsasən əmək müqaviləsinin şərtlərində, ştat cədvəlində və vəzifələrdə aparılan dəyişikliklər, habelə fəhlə və qulluqçuya yeni dərəcələrin verilməsi haqqında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) əsasən aparılır. Qərarın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən AZE N° ******* nömrəli əmək kitabçasında 1978-1990cı illər əmək fəaliyyəti qeyd edilərkən əmək kitabçasının doldurulma qaydası pozulduğundan həmin dövrün İddiaçı sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı Y.X8 təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-14- 23/2-5-17-1/2024 nömrəli arayışda onun Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsində işlədiyi vəzifə üzrə ümumi iş stajının 13 il 02 ay 23 gün, çöl stajının isə 1852 gün olduğu qeyd edilmişdir. Eyni zamanda iddiaçı Y. Soltanov iddia ərizəsində təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlərin də güzəştli stajına daxil edilməli olduğunu bildirmişdir. Qanunun 21.2-ci maddəsinə əsasən aşağıda qeyd edilən dövrlər sosial sığorta stajına daxil edilir: • işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; • yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; • müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərəjqulluq edilməsi müddəti; • işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; • istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; • zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət, • şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; • əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; • mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; • hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Norma məzmunundan da göründüyü kimi hərbi xidmət müddəti ümumi iş stajına daxil edilir. Mərkəzi Filial tərəfindən də qanunvericiliyə uyğun olaraq İddiaçı ümumi iş stajına daxil edilmişdir. Həmçinin iddiaçının təhsil aldığı dövrə münasibətdə qeyd edirik ki, təhsil müddətinin ümumi və ya güzəştli stajına daxil edilməsi ilə bağlı Qanunda hər hansı norma yoxdur. Buna görə də iddiaçının təhsil aldığı müddət ümumi və güzəştli iş stajına daxil edilməmişdir. Məhz bu səbəblərə görə də Soltb oğluna qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. AZE-0076266 seriya nömrəli Əmək kitabçasının surəti;

2. БT ******* seriya nömrəli Əmək kitabçasının surəti;

3. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

4. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışının surəti.

5. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

6. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlər.

7. İddiaçıya məxsus ИT022113 seriya nömrəli diplomun surəti.

8. X7 Fondunun xx.xx.2024-cü il tarixli arxiv arayışının surəti.

9. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surəti

10. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 7 ay 20 gün çöl iş stajı (xx.xx.1991-ci il tarixinədək 11 ay 19 gün (251 gün x 8:173,1:12=0,97 il), həmin tarixdən sonra 6 il 8 ay 1 gün (1601 gün x 8:160:12=6,67 il)) təşkil edir.

Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.3.2. sığorta hissəsindən; 4.3.3. yığım hissəsindən. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”.

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” (xx.xx.2025-ci ildə ləğv edilmiş)

1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının ümumi iş stajının 25 ildən az (22 il 6 ay 26 gün), güzəştli iş stajının 12 il 6 aydan az (6 il 10 ay 20 gün), habelə 1978-1990-cı illər arasındakı dövrlər üzrə kolxozda əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı əmək kitabçasında işə qəbul olma və işdən çıxma tarixlərinin qeyd olunmamasına istinad etmişdir. Məhkəmə aşağıdakılara görə cavabdehin imtinasını əsaslı hesab etmir. İş materiallarından belə müəyyən olunur ki, iddiaçı 1978, 1980, 1986, 1988-1989, 1995-1996-cı illərdə keçmiş Zaqatala rayonu Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozun üzvü olmuşdur. İddiaçı 1981-ci ildə Azərbaycan SSR Ali və Orta ixtisas təhsili nazirliyinin Zaqatala Politexnik texnikumuna daxil olmuşdur. Daha sonra 20 Aprel 1982-ci ildən 03 may 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək, 1986-cı ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik texnikumunun “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komisssiyasının 7 mart 1986-cı il tarixli qərarı ilə iddiaçıya kəşfiyyatçı-baş mexaniki ixtisası verilmişdir. Məhkəmə cavabdehin əmək kitabçasında işə qəbul olma və işdən çıxma tarixlərinin qeyd olunmaması ilə dəlilinə münasibətdə qeyd edir ki, birincisi əmək kitabçasının forması və onun tərtibi qaydalarının pozulması iddiaçının təqsiri və iradə ifadəsi nəticəsində baş verən hal deyil. Həmin dövürdə qüvvədə olan “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nda əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması vəzifəsi işəgötürənə həvalə edilmişdir (3.1-ci bənd). Bununla bağlı işəgötürənin öz vəzifəsini lazımi qaydada icra etməməsi (işdən azadolma əmrinin nömrəsinin olamamsı, təsdiqedici möhürün oxunmaması) səbəbindən məsələyə müdaxilə etmək imkanı olmayan iddiaçının əmək pensiyası təminatı hüququnu məhdudlaşdırmamalıdır. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iddiaçının qeyd edilən dövrlərdəki əmək fəaliyyəti ilə bağlı qeydlərinin əmr kitabları və əməkhaqqı cədvəllərinin dövlət arxivinə təhvil verilmədiyi üçün qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. İkincisi iddiaçının əmək kitabçasında qeyd olunan həmin dövrlərin nəzərə alınmamasına rəğmən, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının həmin dövrlərə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktikaondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bununla yanaşı iddiaçı 1981-1986-cı ilədək SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik Texnikumunun “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtisası üzrə təhsil aldığı illərin cavabdeh tərəfindən nəzərə alınmaması da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə ziddir. Həmin bəndə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; Odur ki, cavabdeh tərəfindən iddiaçının Zaqatala rayonu, Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozunda 1978, 1980, 1986, 1988-1989, 1995-1996-cı illərdə işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla, həmçinin 1981-ci il tarixdən 1986-cı ilədək Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik Texnikumunun “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtisası üzrə aldığı təhsil illərinin sosial sığorta stajı kimi nəzərə almaması əsassız olmuşdur. Tələbin güzəştli şərtlərlə sığorta stajı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli iş stajının 6 il 10 ay 20 gün hesablasa da, bununla bağlı inzibati icraatı lazımi qaydada aparmamışdır. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-669/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkıinzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinişərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.25. İş materialları ilə müəyyən olunur ki, hazırkı işdə iddiaçının hüquqi marağı onaxx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsibarədə qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən, onun qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur.27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyəgələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.28. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyimövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.29. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. 30. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə,məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.”. İş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Fondunun xx.xx.2024-cü il tarixli arayışında iddiaçının güzəştli stajının 13 il 2 ay 23 gün təşkil etdiyi qeyd edilmişdir. Həmçinin arayışda iddiaçının işlədiyi işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri yerüstü geoloji işlərdə fəhlə olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “1. Dağmədən işləri” bölməsinin “1.3. Geologiya kəşfiyyat işləri (yerüstü)” bəndində nəzərdə tutulmuş “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər”ə aid olduğu qeyd edilmişdir. Göründyüy kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan yaş həddinə çatmış, onun ümumilikdə 25 il sığorta stajına və 12 il 6 ay güzəştli iş stajı mövcud olduğu halda cavabdeh ona pensiya təmin etməkdən imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə olunmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar