Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-635/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il 4Ə-152 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş Qax rayonu Qaxbaş kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il, 4Ə-152 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.07 ha torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-635/2023 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada, Qax rayonu Qaxbaş bələdiyyəsi isə zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il 4Ə-152 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş Qax rayonu Qaxbaş kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2005ci il, 4Ə-152 reyestr nömrəli müqaviləsinə əsasən əldə olunun Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zaman sözügedən torpaq sahəsinin Qax rayon Qaxbaş kənd Ş.Rustaveli adına kolxoz üzvlərinin 20 noyabr 1991-ci il tarixli 01 saylı ümumi yığıncağının qərarına əsasən Qax rayonunun Qax İngiloy kənd sakini X7 ayrılmış lakin R.P.İsaşvili həmin torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmədən Qax rayon Dövlət notariat kontorunda bağlanmış 17 may 2005-ci il tarixli, 244679 №-li, 4ə-152 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Qax rayonunun Qaşqaçay kəndində yaşayan İddiaçı satmışdır. Qax rayon Dövlət notariat kontorunda bağlanmış 17 may 2005-ci il tarixli, 244679 №li, 4ə-152 reyestr nömrəli alqı-satqı müqaviləsində X5 Qax rayonunun Qaxbaş kəndində yerləşən 700 kv.metr torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış yarımçıq yaşayış evini İddiaçı satdığı qeyd olunmuşdur. Yəni, sözügedən müqavilənin predmeti iddiaçının iddia etdiyi 0.07 ha torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən yarımçıq tikili olmuş, Daşınmaz əmlak barəsində Qax rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 17 may 2005-ci il tarixli, 244679 nömrəli alqı-satqı müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilsə belə, həmin müqavilə iddiaçının iddia etdiyi Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.07 ha torpaq sahəsinin deyil, həmin torpaq sahəsində yerləşən yarımçıq tikili üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 206 nömrəli arxiv arayışından görünür ki, Qax rayon Qaxbaş kənd “Ş.Rustaveli” adına kolxozun “Torpaq kadastrı kitabında” X11 adının qarşısında 0,07 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. - xx.xx.2005-ci il tarixli 244679 nömrəli müqavilədən görünür ki, X10 Qax rayon Ş.Rustaveli kolxoz xx.xx.1991-ci il tarixli 1 saylı ümumi iclas qərarı və Qax rayon TİB-nun xx.xx.2005-ci ildə verdiyi 1891 saylı arayışa əsasən ona məxsus olan Qax rayonu Qaxbaş kəndində 700 kv.m torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış, yarımçıq evi İddiaçı satmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-260/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi faktiki 1030 kv.metr olub, sərhəddi mişar daşı ilə hasarlanmışdır. Həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub həyətyanı məqsədilə istifadə olunur. Həmin torpaq sahəsi (0.07 ha) hissəsi DWG (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsi) faylına və subyektlərə verilmiş həyətyanı torpaqların siyahısına əsasən xüsusi mülkiyyətə aiddir. DWG faylına əsasən 813F saylı konturda göstərilən 700 kv.m torpaq sahəsinin sərhədlərinin uzunluqları ilə faktiki istifadə olunan 1030 kv.m torpaq sahəsinin sərhədlərinin uzunluqları fərqli olduğundan və aralarında konfiqurasiya fərqi olduğu üçün digər subyektlərə məxsus torpaq sahəsi ilə nə qədər hissəsinin üst-üstə düşüb düşmədiyini tələb olunan dəqiqliklə cavablandırmaq mümkün olmamışdır. TEKUİS (X3 X8) məlumatlarında həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsi kimi göstərilmişdir. "xxxx" MMC-nin xx.xx.2022 tarixli ********** nömrəli məktubuna əsasən mərkəzin arxivində JN-813F nömrəli şəhadətnamə aşkar edilməmişdir. JN-813F nömrəli Şəhadətnamənin işlənilməsinə əsas olmuş Qax rayonu, Qaxbaş kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından İsaşvili (Nuroşvili) Rubik Petroviçin və onun ailə üzvlərinin adları qeyd edilmişdir. - Qax rayon “Ş.Rustaveli” adına kolxozun xx.xx.1991-ci il tarixli 1 №-li iclas protokolunun qərarından görünür ki, X9 - X4 kəsilən və kolxozun həyətyanı torpaq fond sahəsinə birləşmiş torpaqdan ev tikmək üçün 0.07 ha həyətəyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2005-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ...
Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayonu Qaxbaş kəndində 700 kv.m torpaq sahəsində yerləşən yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi Qax rayon Qaxbaş kənd “Ş.Rustaveli” adına kolxozun “Torpaq kadastrı kitabında” X11 adına qeyd edilmiş və onun qanuni istifadəsində olmuşdur. Belə ki, həmin torpaq sahəsi Qax rayon “Ş.Rustaveli” adına kolxozun xx.xx.1991-ci il tarixli 1 №-li iclas protokolunun qərarı ilə X7 ayrılmışdır. Bununla belə torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinə dair şəhadətnamə və plan-ölçü sənədi tərtib edilməmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinin DWG (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsi) faylına və subyektlərə verilmiş həyətyanı torpaqların siyahısına əsasən xüsusi mülkiyyətə aid olmasını, DWG faylına əsasən 813F saylı konturla üst-üstə düşməsini bildirsə də, həmin şəhadətnamənin arxiv nüsxəsini təqdim edə bilməmiş, həmçinin mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-813F nömrəli Şəhadətnamənin işlənilməsinə əsas olmuş Qax rayonu, Qaxbaş kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarında İsaşvili (Nuroşvili) Rubik Petroviçin və onun ailə üzvlərinin adları qeyd edilmişdir. Hər bir halda mübahisəli torpaq sahəsinə dair hər hansı sənəd (şəhadətnamə, plan-ölçü) təqdim edilmədiyindən məhkəmə Qax rayon “Ş.Rustaveli” adına kolxozun xx.xx.1991-ci il tarixli 1 №-li iclas protokolunun qərarı və Qax rayon Qaxbaş kənd “Ş.Rustaveli” adına kolxozun “Torpaq kadastrı kitabında” qeyd edilmiş məlumatlar əsasında həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı qanuni gözləntinin X7 aid olması qənaətindədir. Rubik İsaşvili isə həmin torpaq sahəsi üzərində mövcud olan yarımçıq tikilini iddiaçıya satdığından onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu da iddiaçıya ötürmüşdür. Həmçinin xx.xx.2005-ci il tarixli 244679 nömrəli müqavilə ötən müddət ərzində mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Lakin, həmin müqavilə bağlanan zaman və sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən, yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı müddəa müqavilədə qeyd edilməmişdir. Əslində isə Rubik İsaşvili müqavilədə qeyd edilmiş yarımçıq tikilini torpaq sahəsi ilə birgə iddiaçıya satmış, onun qanuni istifadəsində olmuş torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyətinə verilmişdir. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Rubik İsaşvilinin torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması üçün istinad olunan Fərmanın 2.5-ci bəndində müvafiq normalar təsbit olunduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, yarımçıq tikili ilə barəbər tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə iddiaçıya keçmiş mülkiyyət hüququ da tam həcmdə olmuşdur. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il 4Ə-152 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş Qax rayonu Qaxbaş kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.