Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-635/2024 25.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıların nəzərinə çatdırılmışdır ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)- 1252/2021 nömrəli qərarından görünür ki, hazırkı iddia ərizəsi ilə eyni məzmunlu iddiaçıların əvvəllər də, cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qıpçaq kəndi ərazisində verilmiş, 3.12 ha torpaq sahəsinin Qax rayonu Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisindən X1 verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli 02 №-li qərarına əsasən, Qax rayonu Qaysarlı kəndinin Yonca qoruq” adlanan ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş məhkəmənin icraatında olmuş və iddia tələbi təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1252/2021 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçıların hazırda irəli sürdükləri – “Qax rayonu Qaysarlı kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə” iddia tələbi, sözügedən inzibati işdə irəli sürülmüş tələblə eynidir və eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırkı iddia predmeti ilə bağlı analoji mübahisəyə əvvəl məhkəmədə baxılmış, tələb təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir (əvvəlki iddia tələbi üzrə tərəflər, iddianın predmeti və əsasları hazırki iş üzrə iddia tələbi ilə eynidir.). Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarının mövcudluğu, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir. Hazırkı iş üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxıldığından və artıq iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçıların dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilməklə xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu göndərilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş cavab məktubunun məzmunundan görünür ki, idiaçılar, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışlar. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-635/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-635/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver