Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-635/2025 04.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonun Meşəşambul kəndi ərazisində yerləşən JN-601 KOD 40109018 Dövlət aktına əsasən mülkiyyətə verilmiş 20027.13 kv.m pay torpaq sahəsinə tam olaraq DƏDRXdə iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonun Meşəşambul kəndi ərazisində yerləşən JN-601 KOD 40109018 Dövlət aktına əsasən mülkiyyətə verilmiş 20027.13 kv.m pay torpaq sahəsinə tam olaraq DƏDRX-də iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-635/2025 nömrəli qərardadı ilə Balakən rayonun Meşəşambul Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçılar Balakən rayonunun Meşəşambul kəndində yaşayırlar və Azərbaycan Respublikasının vətəndaşlarıdır.Azərbaycan Respublikasında Aqrar İslahat aparılan zaman Balakən rayon Aqrar İslahat Komissiyasının 18.01 2002-ci il tarixli 01 saylı Qərarı ilə JN-0601 KOD 40109018 saylı Torpağa Mülkiyyət Flüququna dair Dövlət Aktına əsasən ailə üzvlərinin mülkiyyətinə 2.42 ha pay torpaq sahəsi verilmişdir. Dövlət Aktında adları qeyd olunmuş X3 xx.xx.2020-ci il tarixdə, X4 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdirlər. Biz həmin şəxslərdən miras qalmış əmlak olan onların payına verilmiş pay torpaq sahəsinə, həmçinin onların mülkiyyətinə verilmiş pay torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan “ Çıxarış” almaq istəyirlər. Mülkiyyətlərinə verilmiş 2.42 ha pay torpaq sahəsi 2 hissədə verilmişdir. Dövlət Aktında 601A planşet nömrəsi ilə göstərilmiş 4151.21 kv.m sahə çöl sahəsində, 601 F planşet nömrəsi ilə göstərilmiş 20027.13 kv.m torpaq sahəsi isə kənd daxili torpaq sahəsindən verilmişdir. 601A planşet nömrəsi ilə Dövlət Aktında göstərilmiş torpaq sahəsindən 0.3137 ha hissəyə dair xx.xx.2024-cü il tarixdə **********62 sayla 11 Çıxarış almışdırlar. Bu torpaq sahəsindən 0.10 ha hissə yerləşmə yerində çatışmadığından 0.3137 ha torpaq sahəsinə “ Çıxarış” in verilməsinə razılaşmışdırlar. Mülkiyyətlərinə verilmiş 20027.13 kv.m olan torpaq sahəsi İddiaçı4 yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik sahədədir. Bu torpaq sahəsindən uzun illərdir ki, istifadə edirlər. Torpaq vergisini hər il ödəyirlər. İddiaçılar mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinin bu hissəsinə dair hüquqmüəyyənedici sənəd olan “Çıxarış”in alınması üçün cavabdeh orqana müraciət etmişlər, lakin imtina cavabı almışdırlar. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı ünvan 1i ünvanında yerləşən 2,0027 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan elektron DVJ xəritələrində 1,24 ha qeyd olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçıların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZ-İİ 119159 və AZ-İ 578361 nömrəli ölüm haqqında şəhadətnamələr;
3. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış;
4. JN-0601 KOD 40109018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı;
5. Meşəşambul bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışı;
6. Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2024cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
7. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Aqrar İslahat aparılan zaman Balakən rayon Aqrar İslahat Komissiyasının 18.01 2002-ci il tarixli 01 saylı Qərarı;
8. xx.xx.2024-cü il tarixli Torpaq-sahəsinin planı və ölçü sənədi;
9. Qanun üzrə Vərəsəlik hüququna dair xx.xx.2024-cü il tarixli Şəhadətnamələr;
10. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu;
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
12. Balakən Rayon Meşəşambul bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu,
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdehin imtinasının əsasını iddia olunan ünvan 1i ünvanında yerləşən 2,0027 ha torpaq sahəsinin elektron DVJ xəritələrində 1,24 ha qeyd edilməməsi ilə bağlı olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X3 və ailə üzvlərinə verilmiş JN-601 KOD 40109018 Dövlət Aktının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı sxemlər vasitəsi ilə göstərilmişdir. Hər iki sənəd üzrə torpaq sahələrinin TEKUİS əsasında xüsusiyyətləri (naturada sahəsi, mülkiyyətçisi, təyinatı, kənd təsərrüfatına yararlığı, uqodiyası, döngə nöqtələrinin koordinatları, yerləşmə vəziyyəti, digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və s.) barədə bidirilir ki, X1 verilmiş JN-601 KOD 40109018 Dövlət Aktında qeyd edilən 601F cizgisində göstərilən ərazinin ölçüsü 2.00 hektar kimi qeyd edilmişdir. DWG məlumatlarında isə 601F cizgisində göstərilən ərazinin ölçüsü 1.24 hektardır. TEKUİS məlumat bazasında isə həmin ərazinin ölçüsü 2.5529 hektardır. Bundan 0.6571 ha hissəsi Balakən rayonu Meşəşambul bələdiyəsinin mülkiyyətinə aid kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi. 1.06 ha hissəsi Balakən rayonu Meşəşambul bələdiyəsinin mülkiyyətinə aid kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası çoxillik əkmələr altında olan torpaqlar kimi, 0.7576 ha hissəsi Balakən rayonu Meşəşambul bələdiyəsinin mülkiyyətinə aid kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi, qalan 0.0782 ha hissəsi isə Balakən rayonu Meşəşambul bələdiyəsinin mülkiyyətinə aid qəbirstanlıq ərazisi kimi işlənilmişdir. Mübahisəli torpaq sahəsinin naturada ölçüləri 2.4818 hektardır. Naturada istifadə edilən 2 4818 ha torpaq sahəsinin 1.24 ha hissəi DWG məlumatlarında 601F cizgisi ilə iddiaçının adına işlənilmişdir və qalan naturada istifadə edilən torpaq sahəsi isə Meşəşambul bələdiyyəsinin mülkiyyətində olan ictimati tikililər kimi işlənilmiş ərazi ilə üst-üstə düşür. İddiaçıların hüquqi marağı Balakən rayonun Meşəşambul kəndi ərazisində yerləşən 20027.13 kv.m pay torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi ilə bağlıdır. Həmin torpaq sahəsi JN-601 KOD 40109018 Dövlət aktına ilə mülkiyyətə verilmişdir. Məhkəmə araşdırması zamanı Balakən rayonun Meşəşambul bələdiyyəsinə sorğu ilə müraciət edilmişdir. Balakən Rayon Meşəşambul bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddia olunan torpaq sahəsi JN-601 KOD 40109018 Dövlət aktına ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə eynidir,ərazidə Bələdiyyə mülkiyyəti mövcud deyildir. Təqdim edilən rəydən görünür ki, faktiki istifadə olunan ərazinin ölçüsü 2.5529 hektardır.Təqdim edilən sxemlərə əsasən faktiki istifadə olunan torpaq sahəsinin 0.6571 ha hissəsi və 1.06 ha hissəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr altında olan torpaqlardır. Faktiki istifadə edilən torpaq sahəsinin 0.75 ha hissəsi Balakən rayonu Meşəşambul bələdiyəsinin mülkiyyətinə aid kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır.Sxemdən göründüyü kimi həmin torpaq sahəsində iddiaçılara məxsus fərdi yaşayış evi yerləşir. Odur ki,məhkəmə hesab edir ki,iddia tələbi 0.6571 ha və 1.06 ha ölçüdə olan (faktiki olaraq bitişik torpaq sahəsi olsa da sxemə görə fərqləndirilir) kənd təsərrüfatı təyinatlı torpaqlar sahələrinə münasibətdə təmin edilməli,qalan hissədə əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-601 KOD 40109018 Dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş, Dövlət Aktının 601 F nömrəli planşetində göstərilən 1.7171 ha torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətini TEKUİS-ə uyğunlaşdırmaqla) X3, X4,İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və Torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi verilməsi öhdəliyi qoyulmalı, qalan hissədə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-601 KOD 40109018 Dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş, Dövlət Aktının 601 F nömrəli planşetində göstərilən 1.7171 ha torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətini TEKUİS-ə uyğunlaşdırmaqla) X3, X4,İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və Torpaq sahəsinin planölçüsü sənədinin verilməsi verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.