Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-637/2024 30.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi, o cümlədən Çernobıl qəzasında iştirak etmiş əlil olaraq statusunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlillik dərəcəsinin müəyyən edilməsi, o cümlədən Çernobıl qəzasında iştirak etmiş əlil olaraq statusunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Çernobıl qəzasında iştirak etmiş iştirakçısdır. Yevlax Rayon Hərbi Komissarlığında bununla bağlı qeydiyyat vardır. Əvvəlki illərdə Çernobıl qəzasında iştirak etməsilə bağlı statusunun tanınmasına dair müraciət etməmişdir. Son illərdə isə, bununla bağlı dəfələrlə aidiyyəti üzrə müraciətlər etsə də, müraciətləri nəticəsiz qalmışdır. Belə ki, o əlillik dərəcəsinin müəyyən edilməsini, o cümlədən Çernobıl qəzasında iştirak etmiş əlil olaraq statusunun müəyyən edilməsini istəyir. Sonuncu müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə cavablandırılmış, Yevlax Rayon Mərkəzi Xəstəxanasının N00099122PGF nömrəli göndərişi əsasında müraciətinə baxılaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı barəsində Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişinə baxılmış Diaqnozun Mətni: İ20 Stenokardiya [döş inağı] , ÜİX Sakitlik və gərginlik stenokardiyasi.İV f/s tez-te baş verən tutmalarla.), “Göndərişin natamam doldurulması - əsası ilə müraciətin təmin edilməsindən imtina edilmiş, Ərazi üzrə TSEK-na yaxınlaşması tövsiyə edilmiş, Mərkəzə geri göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar geri qaytarılmasında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş, “Qeyri-stabil stenokordiya Şiddətlənən stenokardiya Durğunluğ ürək çatmamazlığı Ürək qapaqlarının qusuru və miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranın çatmamazlığı ll-lll dər. Ürəyin kəskin işemik xəstəliyi Mitral qapaqların digər xəstəliyi. Ürəyin hipertenziv xəstəliyi (Durğunluq) ürək çatmamazlığı ilə müşaidə olunan əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi” diaqnozu ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, “Qeyri-stabil stenokordiya Şiddətlənən stenokardiya Durğunluğ ürək çatmamazlığı Ürək qapaqlarının qusuru və miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranın çatmamazlığı ll-lll dər. Ürəyin kəskin işemik xəstəliyi Mitral qapaqların digər xəstəliyi. Ürəyin hipertenziv xəstəliyi (Durğunluq) ürək çatmamazlığı ilə müşaidə olunan əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi” diaqnozu ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, “Stenokardiya (döş inağı), ÜİX. Gərginlik stenokardiyası İV-f/s. Sakitlik stenokardiyası, tez-tez baş verən tutmalarla” diaqnozu ilə, göndərişin natamam doldurulması (Səbəb: instrumental müayinələrin nəticələri. status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, “Stenokardiya (döş inağı), ÜİX. Gərginlik stenokardiyası İV-f/s. Sakitlik stenokardiyası, tez-tez baş verən tutmalarla, (AF 34). Stenokardiyanın digər formaları, Stenokardiyanın digər formaları.” diaqnozu ilə, Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə alaqədər son 5(beş) ildə stasionar müalicə yetərli deyil. E.T. Kardialogiya inistutundan ixtisaslaşmış müayinə və müalicə məsləhət görülmüşdür. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, “damarların ateroskleozu Ağıriaşma 120.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. Sakitlik və gərginlik stenokardiyası. tez-tez baş verən tutmalarla. Ağırlaşma 120.8 Stenokərdiyanın digər formalan, Ste” diaqnozu ilə, Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunda müayinə və müalicə olunması məsləhət görülmüşdür. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, “Stenokardiya (döş) inağı. ÜİX.Sakitlik və gərginlik stenokardiyası İV-f/s. tez-tez baş verən tutmalarla. (AF 32%). Aorta və tac damarların ateroskleozu” diaqnozu ilə, Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı var. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, “Stenokardiya (döş) nağıl. ÜİX.Sakitlik və gərginlik stenokardiyası (LVEF-57%) Aorta və tac damarların ateroskleozu.” diaqnozu ilə, Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz Əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, “Stenokardiya (döş inağı), ÜİX. Gərginlik stenokardiyası İV-f/s. Sakitlik stenokardiyası, tez-tez baş verən tutmalarla” diaqnozu ilə, Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, “İ20 Stenokardiya (döş inağı), ÜİX. Sakitlik va gərginlik stenokardiyasi.İV f/s tez-tez baş verən tutmalarla.” diaqnozu ilə, Göndərişin natamam doldurulması əsası ilə imtina verilmişdir (Səbəb: Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin). Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli müraciətin təmin edilməsindən imtinasını “Göndərişin natamam doldurulması (Səbəb: Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin)” ilə əsaslandırmışdır. Məhz sonuncu imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir; 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, hazırkı vəziyyətdə cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətinin ona əlilliyin təyin edilməsinə imkan verib-verməməsi ilə bağlı yekun mövqeyini bildirməmişdir. Bununla belə cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsinin mümkün olub-olmaması barədə qərar qəbul etmək üçün zəruri olan inzibati araşdırmanın tamlığını da təmin etməmiş, əsassız olaraq “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı barəsində tərtib edilmiş Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-637/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-637/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver