Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-638/2023 17.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin buraxılmış müddətin bərpa edilməsindən imtina edilməsi haqqında qərarını ləğv edib buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və barəsində tətbiq edilmiş xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9793 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin buraxılmış müddətin bərpa edilməsindən imtina edilməsi haqqında qərarını ləğv edib buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və barəsində tətbiq edilmiş xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9793 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "İşlənmiş ehtiyat hissələri" mağazasını işlədir. Mağazada bir satıcı var, o da qanunauyğun olaraq rəsmi əmək müqaviləsi ilə işləyir. 21 aprel 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları iddiaçı mağazada olmadığı vaxtda əvvəlcə mağazaya daxil olub satıcıya yemək gətirən uşağı guya mağazada satıcı işləmək bəhanəsi ilə protokol tərtib edərək cərimə etmişlər. Bundan sonra həmin əməkdaşlar iddiaçıya heç bir aidiyyəti olmayan, əksəriyyətini sonradan tanıdığı, mağazadan kənarda, hasarın digər tərəfində işləyən ustalara yaxınlaşıb guya vaksin pasportunun olub-olmaması barədə yoxlama apardıqlarını bildirib oradakı işçilərdən şəxsiyyət vəsiqələrini istəmişlər. Həmin şəxslər vəsiqələrini təqdim etdikdən sonra əmək müqaviləsinə dair ərizə yazdırmaq adı altında kağız təqdim edib yuxarı hissəni boş buraxmağı tapşırıblar. Həmin ərizəni yazan zaman qonşuluqda İddiaçıı (iddiaçını) tanıyıb tanımadıqlarını soruşmuş, həmin adamlar da iddiaçının qonşu mağazanı işlətdiyini bildirmişlər. Vergi xidmətinin əməkdaşlarının göstərdiyi yerə imza atdıqdan sonra əməkdaşlar oradan çıxıb getmişlər. Vergi xidmətinin əməkdaşları çıxıb getdikdən bir neçə ay sonra iddiaçıya məlum olmuşdur ki, həmin ərizələrin əsasında onun barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9793 Qərara əsasən 10.000 (on min manat) maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdeh orqanın qərarı ilə razılaşmadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək bildirmişdir ki, may ayının 27-si onun xəbəri olmadan işlətdiyi mağazaya vergi xidmətinin işçiləri daxil olmuşlar. Mağazada bir nəfər işçi olub, onun da sənədləri qaydasında olmuşdur. Həmin işçinin sənədlərini yoxladıqdan sonra vergi xidmətinin əməkdaşları iddiaçının mağazasının qarşısında rəngsaz işi ilə məşğul olan bir neçə şəxsi aldadaraq vaksin pasportu adı ilə ərizə yazdırmışlar ki, onlar İddiaçı işçiləridirlər. İddiaçının ona cərimə yazılmasından iyul ayının 18-i xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş, iddiaçı iddianın mümkün sayılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları, həmçinin iddiaçının məhkəmə iclasında təqdim etdiyi ərizədən müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq dörd aya yaxın müddət keçdikdən sonra qərarı mübahisələndirmişdir. Belə ki, mübahisəli qərardan iddiaçı iyul ayının 18-də məlumatlı olmuş, lakin iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin buraxılmış müddətin bərpa edilməsindən imtina edilməsi haqqında qərarını ləğv edib buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və barəsində tətbiq edilmiş xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9793 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-638/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-638/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver