Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-639/2020 28.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “xx.xx.1967-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əyani ali təhsil illərinin 2013-cü il tarixdən, pensiyaya çıxdığı tarixdən pensiya stajına daxil edilərək hesablanmasını və pensiyanın buna müvafiq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1950-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. O, 1967-1973-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil almışdır. Ali təhsili başa vurduqdan sonra iddiaçı ordu sıralarına çağırılmış və 1973- 1975-ci illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci il tarixdən 2006-cı il tarixədək “Şəki İpək” şirkətində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının yaşa görə əmək pensiyası xx.xx.2013cü il tarixdə yaranmış və pensiya təyinatı üçün cavabdeh orqana müraciət etmişdir. Təqdim olunan sənədlər arasında əyani təhsil aldığı institut tərəfindən verilən diplomun surəti olmasına baxmayaraq cavabdeh orqan əyani təhsil illərini sosial sığorta stajına daxil etməmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini əsas gətirərək əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edərək iddiasında dəqiqləşmə aparmış və “xx.xx.1967-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İclasda cavabdehin nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı ərizəsində 1967-1973-cü illərdə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması tələbini qoymuşdur. Bu tələbə etiraz edərək cavabdeh bildirir ki, həmin illərdə ali məktəbdə təhsil müddəti 4 il 10 ay təşkil edirdi. Lakin iddiaçı 5 il 9 ay təhsil almasını qeyd etmiş, amma bunun səbəbi barədə açıqlama təqdim etməmişdir. Həmçinin iddiaçı əmək pensiyasının xx.xx.2013-cü il tarixdən yenidən hesablanmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsində deyilir: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yenidən hesablanmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubu və xx.xx.2020-ci il tarixli **********6 nömrəli etiraz məktubu, Я seriyalı 098806 nömrəli diplomun təsdiqlənmiş surəti, ДЖ seriyalı 153382 nömrəli hərbi biletin təsdiq edilmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2020-ci il tarixli Arxiv Arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. Belə ki, iş materiallarında olan iddiaçının Я seriyalı 098806 nömrəli diplomunun təsdiq edilmiş surətindən onun xx.xx.1967-ci il tarixdən xx.xx.1973-cü il tarixə qədər Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müəyyən olunur. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, iddiaçıya 112551 saylı pensiyaçının uçot vərəqəsinə əsasən xx.xx.2006-cı il tarixədək 29 il 4 ay sosial sığorta stajı hesablanaraq xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin qeyd olunan məktuba əsasən müəyyən olunur ki, iddiaçının pensiya işi ƏƏSMN yanında DSMF-nin Mərkəzi Arxivində saxlandığı üçün hansı dövrlərin sosial sığorta stajına daxil edilməsi barədə məlumatın məhkəməyə tədqim edilməsi mümkün olmamış və buna görə də iddiaçının pensiya işinin surətinin təqdim olunması üçün ƏƏSMN yanında DSMF-nun Pensiya Təminatı şöbəsinə cavabdeh tərəfindən məktub göndərilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2020-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı 1967-ci ildə Energetika fakültəsinin 0308 - “Sənaye istilik energetikası” ixtisası üzrə əyani şöbənin 559 saylı qrupuna daxil olunmuşdur (012/420 nömrəli, 3 1.08.1967-ci il tarixli əmr). İddiaçı 012/472 nömrəli, xx.xx.1969-cu il tarixli əmrlə akademik uğursuzluğa görə institutdan xaric olunmuşdur. İddiaçı 012/728 nömrəli, xx.xx.1969-cu il tarixli əmrlə Energetika fakültəsinin 0305 - “İstilik energetik stansiyaları” əyani şöbənin 569 saylı qrupuna bərpa olunmuşdur. İddiaçı xx xxxx 1973-cü il tarixli, 012/855 nömrəli əmrlə İstilik-energetik mühəndisi dərəcəsi verilmişdir (diplom Я № 098806, qeydiyyat nömrəsi 677, verilmə tarixi 20.10.73). Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdehin iddiaya münasibətindən müəyyən olunur ki, o, pensiyanın xx.xx.2013cü il tarixindən hesablanmasından narazıdır və mövqeyini “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Cavabdehin istinad etdiyi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi xx.xx.2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əlavə edilmişdir. Həmin maddə iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmamışdır və iddiaçının vəziyyətini pisləşdirdiyi üçün geriyə şamil oluna bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək, xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. CavabdehAzərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Şəki şəhər filialınınüzərinə İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək, xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-639/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-639/2020
28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver