Məhkəmə qərarları › İş №2-1(116)-639/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-639/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-639/2023 31.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (üçüncü şəxs: X2) qarşı “cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdən dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdən dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə X4 üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Muradlı X1 rayonu Maliyyə şöbəsində Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektorunun müdiri vəzifəsində işləməklə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə malikdir. Dövlət qulluğunda fəaliyyəti xx.xx.2010-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X3 Dövlət Xidmətinin 3 saylı regional sektoruna aparıcı-məsləhətçi vəzifəsinə təyin edilməyi ilə başlamışdır. xx.xx.2022-ci il tarixdə dövlət qulluğu vəzifələrinin tutulması üçün daxili müsahibə elanlarında iştirak etmək üçün müraciət etsə də, ona "dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilmişdir” qeydi ilə vəzifəni tutmağının imtina səbəbi göstərilmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə X2 ərizə ilə müraciət edərək xx.xx.2010-cu il tarixdən dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması və yaranmış mövcud problemin “dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilmişdir” sözünün aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişdir. X4 tərəfindən ona göndərilən xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-3008 nömrəli məktubla xahişi təmin edilməyərək imtina edilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Respublikasının X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestrində olan məlumatların araşdırılması zamanı İddiaçı Maliyyə Nazirliyində dövlət qulluğuna qəbulunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq müsabiqədənkənar aparıldığı qeyd olunmuşdur. Bu səbəb əsas gətirilərək onun Maliyyə Nazirliyində olan vakant vəzifələrin tutulması üçün 24 avqust 2022-ci il tarixdə elan edilmiş daxili müsahibədə iştirak etməsinə X4 tərəfindən imtina verilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1 -ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinə daxil edilən məlumatlara əsasən İddiaçı 12 may 2010-cu il tarixində dövlət qulluğuna dair qanunvericiliyin tələblərini pozulmaqla - müsabiqədən keçmədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Qiymətli Metallara və X3 Dövlət Xidmətinin 3 saylı regional sektorunda inzibati vəzifələrin yeddinci təsnifatına aid olan aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının X4 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirak etməsi qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən - birbaşa dövlət qulluğuna qəbul edilmişdir. Həmçinin, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla 22 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Balakən rayonu üzrə Maliyyə İdarəsinin Büdcə proqnozu üzrə sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. İddiaçı dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. Üçüncü şəxs yuxarıda qeyd olunan məzmunda etiraz təqdim edərək “Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdən dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İddiaçıya məxsus xx.xx.2006-cı il tarixli 00113937 nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının dövlət qulluğunda fəaliyyəti xx.xx.2010-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X3 Dövlət Xidmətinin 3 saylı regional sektoruna aparıcı-məsləhətçi vəzifəsinə təyin edilməyi ilə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestrində olan məlumatların araşdırılması zamanı İddiaçı Maliyyə Nazirliyində dövlət qulluğuna qəbulunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq müsabiqədənkənar aparıldığı qeyd olunmuşdur. Bu səbəb əsas gətirilərək onun Maliyyə Nazirliyində olan vakant vəzifələrin tutulması üçün 24 avqust 2022-ci il tarixdə elan edilmiş daxili müsahibədə iştirak etməsinə X4 tərəfindən imtina verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında da vurğulanmışdır. Həmin qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı müvafiq hüquqi marağının mövcudluğu onun subyektiv hüquqa mallik olmasını əsaslandırmış, dövlət qulluğu münasibətlərində olduğunu iddia etdiyi qurumu cavabdeh qismində seçmişdir, eləcə də hazırkı iddianın mümkünlüyünü istisna edən hallar mövcud deyil. Belə olan halda, məhkəmə iddianı mümkün sayır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçının dövlət qulluğunda fəaliyyəti xx.xx.2010-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X3 Dövlət Xidmətinin 3 saylı regional sektoruna aparıcı-məsləhətçi vəzifəsinə təyin edilməyi ilə başlamışdır. «Dövlət qulluğu haqqında» Qanunun 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinin birinci hssəsinə görə ixtisas dərəcələri bu Qanunun 16- cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin maddənin üçüncü hissəsinə görə ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. «İnzibati icraat haqqında» Qanunun : 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.1), səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.2), inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda(67.6.3). 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları»nın 2-ci bəndinə görə dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Məhkəmə yuxarıda qeyd edilmiş normaları hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçının Maliyyə Nazirliyinin müxtəlif yerli struktur böılmələri üzrə müxtəlif məsul vəzifələrə təyin edilməsi barədə əmrlər iddiaçıya müvafiq hüquq verdiyindən, ona münasibətdə əlverişli inzibati aktlar sayılır. Həmin əmrlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Digər tərəfdən sözügedən əmrlər qanunsuz hesab edilsə belə, əlverişli inzibati akt kimi onların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa, etimad hüququnun qorunması həmin əmrlərin hətta qanunsuz sayıldığı halda ləğvini istisna edir. İddiaçı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X3 Dövlət Xidmətinin 3 saylı regional sektoruna aparıcı-məsləhətçi vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2010-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş müvafiq vəzifələri yerinə yetirmiş və hüquqlardan, təminatlardan istifadə etmiş, eləcə də ona dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan istifadə etdiyi 13 ilə yaxın müddət ərzində ixtisas dərəcələri verilmiş, ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr ödənilmişdir. Sadalananlar, həmçinin iddiaçının ixtisas səviyyəsinin, peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının əlaməti kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdən dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında xx.xx.2010-cu il tarixdən dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar