Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-639/2024 19.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X5rşı “sağlamlıq vəziyyətində tam reabilitasiya olunma barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “sağlamlıq vəziyyətində tam reabilitasiya olunma barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ikinci dərəcəli əlilliyin və dayandırılmış pensiya müavinətinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək iddia tələbinin “sağlamlıq vəziyyətində tam reabilitasiya olunma barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir,Ərizə məhkəmənin 19 avqust 2024-cü il tarixli iclas protokolun qərardadı ilə qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı 1973-cü ildə İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuşdur. O,2006-cı ildə səhhətində yaranmış ciddi problemlərlə əlaqədar X2 müraciət etmişdir. Müayinənin nəticəsi olaraq iddiaçıya ilkin olaraq bronxial astma, orta ağır gedişli kəskinləşmə mərhələsində Ağ ciyərlərin emfireması t/ç 1-ci dərəcə, hiporteniya xəstəliyi İİ dövr, xroniki diaqnozu qoyulmuş və müayinənin nəticəsi üzrə mənə HMK-nın xx.xx.2007-ciu il tarixdə TSEK-ə göndəriş verilmişdir. TSEK-in qərarı ilə iddiaçıya İİ qrup əlillik verilmiş və o 2008-ci ildən xx.xx.2023-cü il tarixədək eyni qrup üzrə pensiya müavinəti almışdır. 2007-ci ildən 2023-cü il tarixədək bir neçə dəfə təkrarlanan müddətli müayinədən keçmiş və İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquq şəxsinin Həkim Məsləhət Komissiyası tərəfindən verilmiş “Forma 88” tibbi göndərişi verilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik səbəbindən 5(beş) il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Tibbi qeydiyyat kitabçasında müayinələr zamanı mənim səhhətində həmişə ağırlaşmaların olduğu qeyd edilmişdir. Lakin, cavabdeh tərəfindən belə bir cavab verilmişdir ki, “əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olan müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində baxılmışdır. Bildirik ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2022-ci il tarixində ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.Sonradan cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə əliliyi ləğv edilmişdir. Cavabdehin etirazına əsasən İsmayıllı rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) tibb müəssisəsinin 0264003AAK2G nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’”nin 2.2.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********7). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-9071/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir.Müayinə zamanı şikayətlərini tez-tez tutma şəkilli öskürək, tənginəfəslik, çətin bəlğəm ifrazından olmuş, 2005-2006-ct ildən etibarən xəstə olduğunu, çoxsaylı müalicələr qəbul etdiyini qeyd etmişdir, istifadə etdiyi dərmanlardan "salbutamol”, "seretid” və "dexametazon”u xatırladığını bildirmişdir. Təqdim etdiyi tibbi sənədlərdən xx.xx.2021-ci il tarixli 5 saylı Kliniki Xəstəxanaya ( 1 ədəd), xx.xx.2021 RKX-ya məxsus epikrizlər (1 ədəd) olmuş, ixtisaslaşmış tibb müəssisəsi olan ET-Aciyər Xəstəlikləri institutunun 11,05.2022-ci il tarixli 6988 nömrəli Ambulator kitabçadan çıxarışında diaqnoz "Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu." olmuşdur. Obyektiv müayinə zamanı auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, patoloji küylər, obstruksiya əlamətləri qeyd olunmamışdır. xx.xx.2023-cü il tarixli DTSERA-da 184 nömrəli Spirometriya müayinə nəticəsi: FVC- 48.66; FEV1-51.89; FEV,FVC-109,90 şəklində olmuşdur.” Mötədil ventilyasiya pozğunluğu. Qarışıq tipli." kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin müalicə potensialının tükənmədiyi nəzərə alınaraq Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Müalicənin davam etdirilməsi” nə dair qərar qəbul edilsin. Məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya təyin edilmiş əlilik ləğv edilmiş, “Müalicənin davam etdirilməsi” nə dair qərar qəbul edilmişdir.
2. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə müayinə olunmuş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdə müayinə olunmuş və ona 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir
4. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş və ona 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir
5. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-ci il tarixdə müayinə olunmuş və ona 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir
6. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.
7. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
8. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-639/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
10. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 7442 nömrəli rəyi .
Əsaslandırma hissəsi:
İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2023-ci il tarixində tarixdə qəbul edilmiş, lakin iddiaçıya təqdim edilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, sözügedən qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. Mübahisələndirilən qərar iddiaçıya xx.xx.2022-ci il tarixində təyin edilmiş, qüvvədə olan müddətsiz üçüncü dərəcəli əlilliyin ləğvinə yönəldiyindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmuşdur. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T233/2024 nömrəli rəyində deyilir: “1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İş materiallarında olan tibbi sənədlərə əsasən qərardadda qoyulmuş sualda qeyd olunan “Qarışıq astma, bronxial astma qarışıq forma, ağır gedişli kəskinləşmə mərhələsi. Ağırlaşma: J96.1-xroniki respirator çatmamazlıq, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, tənəffüs çatmamazlığı İİ dərəcə. Ağırlaşma: J43-emfızema, ağciyərlərin emfizeması. Yanaşı xəstəliklər: 110-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə” diaqnozundakı xəstəliklərindən deyil, X1 İnstitutunun xx.xx.2022-ci il tarixli, 6988 nömrəli Ambulator kitabçadan çıxarışında olan “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi, kəskin ventilyasiya pozğunluğu” xəstəliklərdən əziyyət çəkməsini də inkar etmək olmaz. Diaqnoz ona stasionarda olduğu zaman anamnestik, laborator instrumental müayinələri və müalicəsi əsasında qoyulmuşdur. Xəstənin hazırda əyani müayinəsi və spirometriya müayinəsinin nəticəsi (Restruktiv tipli orta ağır ventilyasiya pozğunluğu, auskultasiyada tək-tək xırıltılar aşkarlanır) və hal-hazırkı vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin meyarlarının əhatə dairəsinə düşür. Bunun üçün Forma 88 rəsmiləşdirilməklə 1.1.2.1. meyarı ilə təyinat aparıla bilər İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda Restruktiv tipli orta ağır ventilyasiya pozğunluğu, auskultasiyada tək-tək xırıltılar müəyyən edilmişdir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı cavabdeh orqan tərəfindən əyani müayinəyə dəvət edilmiş,ona əvvəl təyin edilmiş əlilliyin diaqnozu yenidən yoxlanılmışdır.Yəni cavabdeh tərəfindən müvafiq inzibati icraat aparılmış,əvvəllər təyin edilmiş qərar ləğv edilmişdir.İş materiallarına və təqdim edilmiş ekspert rəyinə münasibətdə iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə ona təyin edilmiş diaqnoz eyni olmadığından cavabdehin qərarı əsaslı olmuşdur.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Həmçinin,iddiaçının mövcud sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi nəticəsində başqa diaqnoz əsasında əliliyin təyin edilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X5rşı “iddiaçının sağlamlıq vəziyyətində tam reabilitasiya olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə