Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-641/2021 06.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəylər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-1581A saylı Şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1.250 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1581A saylı Şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1.250 (min iki yüz əlli) kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alınaraq adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Oğuz rayon Dövlət notariat kontorunda təsdiq olunmuş 23.12.2005-ci il tarixli müqavilə əsasında iddiaçının mərhum X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 1.349 kv.m həyətyanı torpaq sahəsini iddiaçıya bağışlamışdır. İddiaçı qeyd edir ki, həmin həyətyanı torpaq sahəsinin 0,06 ha hissəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN-1581A saylı Şəhadətnamə verilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, fərdi yaşayış evi və evin yerləşdiyi 1.250 kv.m torpaq sahəsini daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 19.11.2020-ci il tarixli **********74 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının qanuni istifadəsində olan 0,06 ha torpaq sahəsinə Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixii 75 nömrəli qərarı əsasında ona JN-1581A nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Qeyd olunan sənəd əsasında iddiaçı yalnız 0,06 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilər. Qalan 0,0650 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədən 0,1250 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edəcəyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh 17.03.2021-ci il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı Oğuz şəhərində yerləşən 1.250 kv.m torpaq sahəsinin 650 kv.m hissəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, mübahisəli faktiki 1250 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpağıdır. Torpaq sahəsində fərdi yaşayış evi və digər həyət tikililəri inşa edilmişdir. Torpaq sahəsinin istifadəçisi İddiaçıdır. İddiaçının iddia etdiyi 650 kv.m torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə Oğuz şəhər bələdiyyəsinə aid torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan Oğuz rayon dövlət notariat kontorunda 4-Ə-2/182 nömrə ilə reyestrdə qeydə alınan 23.12.2005-ci il tarixli müqavilədən görünür ki, X4 rayon inventar bürosunun verdiyi 12 dekabr 2005-ci il tarixli, 208 nömrəli Forma №1-ə, 2340 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 2 ünvanında, 1.349,0 kv.m torpaq sahəsində yerləşən 1970-ci ildə saman kərpicdən tikilmiş, üstü kirəmitlə örtülmüş, 65,1 kv.m ümumi sahəsi olan, iki otaqdan ibarət yaşayış evini qızı İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsində torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı heç bir müddəa öz əksini tapmamış, faktiki torpaq sahəsinin ölçüsündən isə evi təsvir etmək üçün ifadə vasitəsi kimi istifadə edilmişdir. İşdə olan 1987-ci ilin avqust ayında tərtib edilən 574 inventar nömrəli “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, Vartaşen (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir. Sənəddə tikinti altı sahənin ölçüsünün 252,2 kv.m, faktiki torpaq sahəsinin ölçüsünün isə 1.949,50 kv.m olduğu qeyd edilmişdir. İş materiallarında olan Oğuz rayon notariat ofisinin 27.04.2021-ci il tarixli 506 nömrəli məktubunda bildirilmişdir ki, 23.12.2005-ci il tarixli müqaviləyə dair sənədlər Oğuz rayon dövlət notariat ofisindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Arxiv şöbəsinə təhvil verilmişdir. Məhkəmə tərəfindən müqaviləyə dair notariat işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin arxivindən sorğu edilmiş, Dövlət Notariat Arxivinin 01.06.2021-ci il tarixli məktubu ilə Oğuz rayon dövlət notariat ofisində 23.12.2005-ci il tarixdə 4Ə-2/187 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işi məhkəməyə göndərilmişdir. Notariat işində olan 345190 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X7 arasında 21.07.1958-ci il tarixdə nikah bağlanmışdır. X7 “Musayeva” soyadını qəbul etmişdir. 862118 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən isə görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Vartaşen (Oğuz) rayonunda anadan olmuşdur. X3, anası X5r. Notariat işinə əlavə edilmiş 23.12.2005-ci il tarixli ərizədən görünür ki, X1 Nüsrət Fərhad oğluna məxsus olan ünvan 4 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. Ərizədən də göründüyü kimi, ərizədə torpaq sahəsinin bağışlanması və ya iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı razılıq olmamışdır. Notariat işində olan 12.12.2005-ci il tarixli 208 nömrəli Forma №1 arayışının təsdiq edilmiş surətindən görünür ki, Oğuz şəhəri S.Vurğun küçəsi ünvanında yerləşən 67 nömrəli evin ümumi sahəsi 65,1 kv.m, tikinti ili 1970-ci il, evin mülkiyyətiçisi X10r. Arayışın torpaq sahəsi ayrılması barədə mülkiyyət hüququnu təsdiq edən sənədin adı, tarixi, nömrəsi və ya onun ayrılması barədə rayon (şəhər) icra hakimiyyətinin qərarı (sərəncamı) tarix və nömrəsi dəqiq göstərilməklə) qrafası boş saxlanılmış, sənəd üzrə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Yalnız evin yerləşdiyi torpağın faktiki sahəsi kimi 1349,0 kv.m qeyd olunmuşdur. Yəni, sənəddə torpaq sahəsi ayrılması barədə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədin məlumatları qrafalarında qeydlər aparılmamışdır. Məktuba əlavə edilən 2340 nömrəli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Oğuz şəhəri S.Vurğun küçəsi ünvanında yerləşən iki otaqlı 50,1 kv.m yaşayış sahəsindən ibarət olan ev X6 mülkiyyətindədir. Sənəd 574 nömrəli inventar işinə əsasən reyestr kitabının 67-ci səhifəsində 2340 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan JN-1581A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon AİKnın 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti yanından Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti sorğuya cavab olaraq 17.06.2021-ci il tarixli **********08 nömrəli məktuba əlavə edilmiş arayışla bildirmişdir ki, məhkəmə işi ilə əlaqədar 17.08.2020-ci il tarixdə ŞM- 224 nömrəli mütəxəssis rəyi təqdim edilmişdir. Məhkəmənin icraatında olmuş 2-1(116)-830/2020 nömrəli inzibati iş materialları ilə birlikdə hazırkı işi araşdıran məhkəmə, həmin işdə olan SM-224 nömrəli 17.09.2020-ci il tarixli Mütəxəssis rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 1246 kv.m-dir. Həmin iş materiallarına əlavə edilmiş Oğuz rayon Dövlət Arxivinin 23.11.2005-ci il tarixli 228 nömrəli arxiv arayışında isə qeyd edilmişdir ki, Oğuz rayonu 5 nömrəli Tütünçülük sovxozunun Arxivdə saxlanılan “Qaytanlanmış torpaq kitabı”nda X2 adında 0,075 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13.01.2005-ci il tarixli 439 nömrəli Fərmanına əsasən isə “Qaytanlanmış torpaq kitabı”nda olan məlumatlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçı tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyil və bu hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Belə ki, iddiaçı tərəfindən istinad edilən Oğuz rayon Dövlət notariat kontorunda tərtib edilən 23.12.2005-ci il tarixli müqavilədən göründüyü kimi həmin müqavilə əsasında iddiaçının mərhum atası özünə məxsus olan yalnız fərdi yaşayış evini iddiaçıya bağışlamışdır. Sözügedən müqavilədə 1349 kv.m torpaq sahəsinin X9 məxsus olması və N.Musayev tərəfindən həmin torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair qeydlər mövcud deyildir. Həmçinin iş materiallarında olan Şəki Rayonlararası Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin arayışda da fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 1.349 kv.m olması qeyd edilsə də, torpaq sahəsinin X6 mülkiyyətinə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədin məlumatlarının qeyd edilməli olduğu qrafaların boş saxlanıldığı və müvafiq qeydlərin aparılmadığı müəyyən edilir. Bu hal da onu deməyə əsas verir ki, mərhum X12 1.349 kv.m torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olmamış və bu səbəblə də bağışlama müqaviləsində yalnız fərdi yaşayış evinin iddiaçıya bağışlandığı qeyd edilmişdir. İş materiallarında olan hüquqi və texniki sənədlər ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş sənədlərdir. İddiaçının mərhum atasına Oğuz AİK-in müvafiq qərarına əsasən yalnız 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-1581A Şəhadətnamə tərtib edilmişdir. Cavabdeh orqanın etiraz məktubundan da göründüyü kimi iddia edilən 650 kv.m torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə Oğuz şəhər bələdiyyəsinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-1581A saylı Şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1.250 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-641/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-641/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver