Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-641/2023 26.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilməsi və ona hüququnun yarandığı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay Quşçuluq fabrikində və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Kam-Kən-Fat istehsal kommersiya firmasında işlədiyi müddəti ümumi iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 22 avqust 1957-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Hal-hazırda yaşa görə sosial müavinət alır. 25 il əmək stajına malik olsa da, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixə kimi təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay Quşçuluq fabrikində və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Kam-Kən-Fat istehsal kommersiya firmasında işləmişdir. Lakin cavabdeh onun xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay Quşçuluq fabrikində və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Kam-Kən-Fat istehsal kommersiya firmasında işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş əmək kitabçasının, təhsil haqqında diplomun surətlərinə və hərbi xidmət haqqında arayışa əsasən iddiaçının sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər və 31.10 1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 5 il 11 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. X12 filialının xx.xx.2022-ci il tarixli № 348 saylı arayışa əsasən əmək kitabçasının surətində qeyd olunmuş Göyçay Quşçuluq fabrikinin xx.xx.1979-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Göyçay rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq pensiya yaşına 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə çatmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 34560 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir:
1. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr;
2. İddiaçı xx.xx.1972-xx.xx.1976-cı illər ərzində təhsil aldığı dövr;
3. İddiaçı əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlər. İşin mübahisələndirilməyən birinci halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №li hərbi biletə müvafiq olaraq onun xx.xx.1976-xx.xx.1978-ci il tarixədək ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir Sözügedən Qanunun 21.2.11-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət dövrüdür (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İşin mübahisələndirilməyən ikinci halı İddiaçı təhsil aldığı dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus 032333 №li diploma müvafiq olaraq onun xx.xx.1972-xx.xx.1976-cı illər ərzində təhsil aldığı dövr qeyd edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İşin mübahisələndirilməyən üçüncü halı İddiaçı əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlərdir. Beləliklə, ümumilikdə İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 5 il 11 ay təşkil edir. İşin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: - İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Göyçay “Quşçuluq fabriki”ndə işlədiyi dövrlər; - İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Kam- Kən-Fat istehsal kommersiya firması”nda işlədiyi dövrlər. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 25 il 06 ay 15 gündür. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, İddiaçı sözügedən müəssisələrdə - “Göyçay Quşçuluq fabriki”nin xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək və “Kam-Kən-Fat istehsal kommersiya firması”nın xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əməkhaqqı kitabları saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında əvvəl Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə "etiraza əlavə” təqdim edərək, qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasından görünür ki, işdən çıxma əmrlərində qaralama və pozuntu vardır. Eyni zamanda, iddiaçının işə daxiloma və işdənçıxma əmrləri möhürün üzərindən yazılmışdır. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 3.2-ci bəndində qeyd olunur ki. işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər-hansı düzəlişlər edilməsi yolverilməzdir. Buna görə də, xx.xx.1979-cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrün ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilməsi və ona hüququnun yarandığı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranmışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya aid Щ seriyalı 032333 nömrəli diplomun təsdiq olunmuş surətinə əsasən iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1976-cı il tarixədək təhsil almışdır (03 il 09 ay 25 gün). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 386 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir (02 il 01 ay 11 gün). İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979-cu ildən xx.xx.1998-ci ilədək “Quşçuluq fabriki”ndə (19 il 00 ay 25 gün); xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək “Kam-Kən-Fat” istehsal kommersiya firmasında (06 il 06 ay 00 gün). Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********386400 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Kam-Kən-Fat” istehsal kommersiya firması xx.xx.1994-cü il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. “Kam-Kən-Fat” istehsal kommersiya firmasının bazasında yaradılıb və onun hüquqi varisidir. Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciətinə əsasən cəmiyyətin fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının əmək kitabçasında göstərilən dövrlərdə “Kam-Kən-Fat” istehsal kommersiya firması mövcud olmuş və fəaliyyət göstərmişdir. Məhkəmə tərəfindən iddiaçının həqiqətən də Göyçay Quşçuluq fabrikində işləyib işləməməsinin araşdırılması məqsədilə Göyçay Rayon Qeydiyyat Şöbəsinə sorğu edilərək iddiaçıya münasibətdə 1979-1999-cu illərdə tərtib edilmiş akt qeydlərinin təsdiq edilmiş surətləri tələb edilmişdir. Belə ki, həmin dövrdə tərtib edilmiş akt qeydlərində şəxsin iş yeri və vəzifəsi müvafiq qrafalarda qeyd edilirdi. Göyçay rayon Qeydiyyat şöbəsinin məhkəmənin sorusunua xx.xx.2023-cü il tarixli 05/11-376 nömrəli cavab məktubuna əlavə olunmuş: xx.xx.1986-cı il tarixli “Nikahın bağlanması haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ilə Quliyeva (Həmidova) Sevda Əlsurət qızı arasında nikah bağlanmışdır. Akt qeydində İddiaçı Göyçay Quşçuluq fabrikində işlədiyi qeyd olunmuşdur. xx.xx.1987-ci il tarixli 242 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, X8 xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X4r. Akt qeydində göstərilmişdir ki, İddiaçı Göyçay Quşçuluq fabrikində işləmişdir. xx.xx.1989-cu il tarixli 756 nömrəli doğum akt qeydində də Q.X9 fabrikində işlədiyi qeyd olunmuşdur. Akt qeydlərində öz əksini tapan məlumatlar əsasında müəyyən edilmişdir ki, cavabdehin iddiaçının xx.xx.1979-cu ildən etibarən Göyçay Quşçuluq fabirikində işləməsini istisna edən dəlilləri əsassızdır. İşin hallarının araşdırılması çərçivəsində əldə olunmuş məlumatlar əsasında göstərilən hal təkzib olunur. Həmçinin iş üzrə şahid qismində dindirilmiş X11, X5 və X10 iddiaçının həmin müəssisədə onlarla birlikdə işlədiyini, öz izahatlarındə təsdiq etmiş, Göyçay rayonunda həmin dönəmdə iki quşçuluq fabrikinin olduğunu, sonradan fabriklərin birləşdiyini bildirmişlər. X6 məxsus xx.xx.1979-cu ildə doldurulmuş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1985-ci ildən xx.xx.2005-ci ilədək Göyçay Quşçuluq fabrikində işləmişdir. X3 məxsus xx.xx.1979-cu ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək X1 fabrikində, xx.xx.1986-cı ildən xx.xx.1993-cü ilədək Göyçay Təsərrüfatlararası broyler quşçuluq fabrikində, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu ilədək Göyçay Quşçuluq fabrikində, xx.xx.2004-cü ildən xx.xx.2013-cü ilədək "xxxx" MMC-də quşçuluq fabrikində işləmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2.3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində də iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 illə xx.xx.2022ci il tarixdə yaranması qeyd edilmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti (03 il 09 ay 25 gün) + hərbi xidmət müddəti (02 il 01 ay 11 gün) + Göyçay Quşçuluq fabrikində işlədiyi müddət (xx.xx.1993-cü il tarixədək nəzərə alınmaqla 14 il 25 gün) + “Kam-Kən-Fat” istehsal kommersiya firmasında işlədiyi müddət (06 il 06 ay 00 gün) nəzərə alınmaqla ümumilikdə 26 il 06 ay 01 gün iş stajı vardır. Cavabdeh tərəfindən iddiaçının təhsil və hərbi xidmət dövrü mübahisələndirilməmiş, ondan sonrakı dövr mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə müahisələndirilməsi, məhkəmə araşdırması ilə iddiaçıya məxsus əmək kitabçası, iş materiallarına əlavə edilmiş sənəd və sorğularla əldə olunmuş məlumatlara, əsasən müəyyən edilmiş hallara zidd olumuşdur. Belə ki, cavabdeh “Kam-Kən-Fat” istehsal kommersiya firmasına aid sənədlərin aşkar edilməməsinə istinadən həmin müəssisənin mövcudluğunu şübhə altına almışdır ki, bu hal məhkəmə araşdırması ilə təkzib edilmişdir. Cavabdehin iddiaçının Quşçuluq fermasında işləməsini və əmək kitabçasındakı qeydlərin mötəbərliyini istisna edən dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya aid akt qeydlərinə münasibətdə aparılmış qeydlərə əsasən onun göstərilən dövrdə həmin fabrikdə işləməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, əldə edilmiş akt qeydlərindən sonuncunun tərtib edilmə tarixi xx.xx.1989-cu il tarixli olmaqla, iddiaçının əmək kitabçasının 4-cü səhifəsindəki xx.xx.1987-ci il tarixli iddiaçının Göyçay quşçuluq fabirikində Cavan quş yetişdirmə sexi üzrə briqadir vəzifəsinə keçirilməsi barədə 76 nömrəli əmrin verilməsindən sonra tərtib edildiyindən qeydlərin mötəbərliyi öz təsdiqini tapır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, əmək kitabçasında əks olunan qeydlərə əsasən iddiaçının Quşçuluq fabrikində işlədiyi dövr üzrə onun işdən çıxdığı tarix xx.xx.1993-cü il kimi nəzərə alındıqda belə, qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.