Məhkəmə qərarları › İş №2-1(116)-642/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-642/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-642/2021 23.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin nümayəndəsi X3 iştirakı ilə iddiaçının cavabdehə qarşı “üçüncü şəxs X1 adına verilmiş JN-001B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxs X1 adına verilmiş JN-001B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yaşayır. Balakən rayonu Mahamalar kənd keçmiş Q.Musabəyov adına kolxozun 30.12.1994-cü il tarixli 4 saylı müvəkkillər yığıncağının qərarı ilə X2 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Balakən rayonu Mahamalar kənd keçmiş Q.Musabəyov adına kolxozun yerli islahat komissiyasının 27.07.1996-cı il tarixli 3 nömrəli protokoluna əsasən X.Saxrayevanın adında olan torpaq sahəsi iddiaçının adına keçirilmişdir. Balakən rayonu Mahamalar kəndində aqrar islahat aparılarkən 0,08 ha torpaq sahəsinin Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilməsi qeyd edilmişdir. İddiaçı Balakən rayon Aqrar İslah Komissiyasının 30.06.1998-ci il tarixli 08 saylı qərarı ilə torpaq payı alacaq subyektlər siyahısında adı olsa da, onun adına hazırda sahiblik və istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmamışdır. 1998-ci ildə həmin torpaq sahəsində ümumi sahəsi 145 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etmiş, 1999-cu ilin yanvar ayında keçmiş Balakən rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən fərdi yaşayış evinə texniki pasport hazırlanmışdır. 2000-ci il tarixdən 0,08 ha həyətyanı torpaq sahəsinin vergilərini də hər il mütəmadi olaraq ödəyir. 2021-ci ilin fevral ayında Balakən rayonu Mahamalar kəndi “Musabəyov” adına kolxozun 30.12.1994-cü il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 12.02.2021-ci il tarixli imtina məktubu verərək göstərmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır. Bundan əlavə ərizənin daha obyektiv araşdırılması üçün ərazi idarəsinin aidiyyəti əməkdaşları ərazidə olmuş, aparılmış çöl ölçmə işləri və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi də daxil olmaqla 0,26 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli, 08 saylı qərarı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş və ləğv olunmuş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə JN- 001B saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi tərtib edilmişdir. Həmin sənədə əsasən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində əməliyyatlar aparılmışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehin 12.02.2021-ci il tarixli **********83 nömrəli imtina məktubunda göstərilmişdir ki, Balakən rayonu Mahamalar kəndi “Musabəyov” adına kolxozun 30 dekabr 1994-cü il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə iddiaçının ərizəsinə baxılmışdır. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır. Bundan əlavə ərizənin daha obyektiv araşdırılması üçün ərazi idarəsinin aidiyyəti əməkdaşları ərazidə olmuş və aparılmış çöl ölçmə işləri və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi də daxil olmaqla 0,26 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş və ləğv olunmuş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə JN-001B saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi tərtib edilmişdir. Həmin sənədə əsasən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində əməliyyatlar aparılmışdır. Odur ki, qeyd olunan uyğunsuzluqları nəzərə alaraq Balakən rayonu Mahamalar kəndi “Musabəyov” adına kolxozun 30 dekabr 1994-cü il tarixli, 4 nömrəli qərarına əsasən ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Eyni məzmunlu müraciət 13.11.2020-ci il tarixli, **********91 məktubla cavablandırılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 25.01.2021-ci il tarixli müraciətinin surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ilkin müraciətində mübahisəli evə texniki pasport və çıxarışın verilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə tərəfindən iddiaçıya məhkəmə iclasında iddia qaldırılanadək cavabdehə iddiaçı tərəfindən JN 001B saylı şəhadətnamənin qismən ləğv edilməsi və iddia ərizəsinin xahiş etdi hissəsində öz əksini tapmış iddia tələbi ilə inzibati qaydada müraciət edilibedilmədiyinin, cavabdehin iddia qaldırılanadək iddiaçının müraciətinə münasibətinin iş materialları ilə müəyyən olunmadığı bildirilmiş, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl inzibati orqana müvafiq tələblə ərizə ilə müraciət edilməsinin olması izah olunmuş, göstərilənlərə əsasən, ona cavabdehə eyni tələblə müraciət etməsini təsdiq edən sənədi və ya imtina məktubunu məhkəməyə təqdim etmək təklif olunmuş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, şəhadətnamənin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyini, iş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli ərizənin ona aid olduğunu bildirmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır, iddia ərizəsinə əlavə edilmiş, mübahisələndirilən imtinanın surətinə əsasən isə müəyyən edilir ki, cavabdehin imtinası şəhadətnamənin qismən ləğv edilməsi ilə bağlı olmamışdır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırılanadək X1 adına verilmiş JN 001B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi ilə bağlı cavabdehə ümumiyyətlə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçı mübahisə predmeti ilə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməli olduğu halda, onun tərəfindən belə bir müraciət edilmədiyindən, işin qeyd olunan halı iddiaçının ilkin müraciəti və cavabdehin məhz ona müvafiq imtinası ilə öz təsdiqini tapdığından iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “üçüncü şəxs X1 adına verilmiş JN-001B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar