Məhkəmə qərarları › İş №2-1(116)-642/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-642/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-642/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "2021-ci ilin may ayından ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1973-cü ildə Ağsu rayonu Pirhəsənli kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. İddiaçı 27.04.2016-ci ildə "Kəllədaxili travmaların nəticələri. QKBT nəticəsində tez-tez dekompensasiya verən ifadə olunmuş şəxsiyyətin psixopatabənzər davranış fonunda dəyişilməsi. Sol sağrı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyəti, çapıq izi. Şəxsiyyətin emosional davamsız pozuntusu, şəxsiyyətin psixopatabənzər davranış fonunda dəyişilməsi" diaqnozu qoyulmuş və ona İİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik vəziyyəti yenidən yoxlanılmış və onun vəziyyətinin müayinəsi zamanı nevroloji statusda hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" məzmunlu 31.10.2021-ci il tarixli qərarı verilmişdir. Daha sonra İddiaçı "2021-ci ilin may ayından ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, onun əlilliyi düzgün qiymətləndirilmir. Belə ki, o, müharibə iştirakçısı olmuş, müharibədə yaralanmış və 1996-cı ildən bu vaxta qədər əlilliyə görə pensiya almışdır. Xəstəlikləri ilə əlaqədar kifayət qədər sənəd olsa da, ona yanlış olaraq əlilliyin təyinindən imtina edilmişdir. İddianın hansı cavabdeh inzibati orqana qarşı qaldırıldığı aydın olmadığından məhkəmənin 15.12.2021-ci il tarixli məktubu ilə həmin çatışmazlığın aradan qaldırılması iddiaçıya təklif edilmişdir. İddiaçı məhkəməyə yeni iddia ərizəsi göndərərək cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini göstərmişdir. Cavabdeh iddiaya qarşı 17.02.2022-ci il tarixli **********1 nömrəli etiraz məktubunda imtinanın dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31.10.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti yenidən yoxlanılmış və onun vəziyyətinin müayinəsi zamanı nevroloji statusda hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsinin 17.02.2022-ci il tarixli T 75/2022 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Ağsu Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0225003AAKR5 nömrəli göndərişlə göndərilmiş 88 nömrəli arayışda olan "Kəllədaxili travmaların nəticələri. Qapalı kəllə-beyin travması nəticəsində tez-tez dekompensasiya verən ifadə olunmuş şəxsiyyətin psixopatabənzər davranış formasında dəyişilməsi" diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən edilmişdir. İddiaçı əyani müayinəsi zamanı həmin xəstəliklərə uyğun patofunksional dəyişikliklər aşkar edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin hər hansı bir meyarını ona aid etmək mümkün deyildir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında İddiaçı əlilliyin təyin edilməsindən imtina barədə qərarın və ya bu barədə yazılı məlumatın ona verilməsini təsdiq edən sənəd mövcud olmadığına görə məhkəmənin 29.12.2021-ci il tarixli sərəncamı və eyni tarixli məktubu ilə həmin sənədin 20 gün müddətində məhkəməyə təqdim olunması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təklif edilmiş, lakin cavabdeh məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bundan başqa, Həmin Əsasnamənin 4.2-ci maddsinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Göründüyü kimi, iddiaçıya 27.04.2016-cı ildə "Kəllədaxili travmaların nəticələri. QKBT nəticəsində tez-tez dekompensasiya verən ifadə olunmuş şəxsiyyətin psixopatabənzər davranış fonunda dəyişilməsi. Sol sağrı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyəti, çapıq izi. Şəxsiyyətin emosional davamsız pozuntusu, şəxsiyyətin psixopatabənzər davranış fonunda dəyişilməsi." diaqnozu qoyulmuş və ona 5 il müddətinə (27.04.2021ci ilədək) İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin müddətin sonunda yenidən müayinə zamanı təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq onun barəsində 07.05.2021-ci ildən "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. Məhkəmənin 31.01.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi- Təcrübi və Tədris Birliyinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı qoyulmuş "Kəllədaxili travmaların nəticələri. Qapalı kəlləbeyin travması nəticəsində tez-tez dekompensasiya verən ifadə olunmuş şəxsiyyətin psixopatabənzər davranış formasında dəyişilməsi" diaqnozu təsdiq olunurmu? 2) Əgər təsdiq olunursa, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq, ona əlilliyin təyin edilməsi üçün əsas verirmi? 3) Əsas verirsə, ona neçənci dərəcəli əlillik təyin edilməlidir? Ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən hazırlanmış 17.02.2022-ci il tarixli ekspert rəyində aşağıdakı cavab verilmişdir: - İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Ağsu Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0225003AAKR5 nömrəli göndərişlə göndərilmiş 88 nömrəli arayışda olan "Kəllədaxili travmaların nəticələri. Qapalı kəllə-beyin travması nəticəsində tez-tez dekompensasiya verən ifadə olunmuş şəxsiyyətin psixopatabənzər davranış formasında dəyişilməsi" diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən edilmişdir. İddiaçı əyani müayinəsi zamanı həmin xəstəliklərə uyğun patofunksional dəyişikliklər aşkar edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin hər hansı bir meyarını ona aid etmək mümkün deyildir. Müəyyən edildi ki, məhkəmənin qərardadında ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinə həvalə edilsə də, ekspertiza həmin Birliyin məhkəmə-tibb eksperti X3 və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti X5 tərəfindən keçirilmiş və rəy hər ikisi tərəfindən imzalanmışdır. X8 Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı işdə cavabdeh qismində çıxış edir və X5 həmin Agentliyin işçisi olmaqla qulluq mövqeyinə görə ondan asılıdır. Məhkəmə bu əsasa görə X2 ekspertizanın aparılmasında iştirak edə bilməməsi və onun imzaladığı ekspert rəyinin əsaslı sayıla bilməməsi qənaətinə gələrək, 29.03.2022-ci il tarixli qərardadla təkrar məhkəmə-tibbi ekspertiza təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə etmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin 13.04.2022-ci il tarixli 1321 nömrəli cavab məktubu ilə iş təkrar ekspertiza aparılmadan geri qaytarılmış, eyni zamanda, məktubda göstərilmişdir ki, halhazırda əlilliyin təyini haqqında meyarlar yalnız Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edildiyindən və bunun alternativi olmadığından Birlikdə bu ekspertiza təkbaşına icra oluna bilməz. Belə olan halda, məhkəmə qeyd edir ki, ekspert rəyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçisi olmaqla qulluq mövqeyinə görə cavabdehdən asılı olan X5 tərəfindən imzalanması ilə razılaşmaq mümkün olmasa da, ekspert rəyi həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibb eksperti X3 tərəfindən imzalandığına və həmin ekspertin qərəzsizliyinə şübhə olmadığına görə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə, ekspert rəyində İddiaçı əyani müayinəsi zamanı göndərişdə qeyd olunan xəstəliklərə uyğun patofunksional dəyişikliklər aşkar edilməməsi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin hər hansı bir meyarını ona aid etməyin mümkün olmaması müəyyən edildiyinə görə məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya əlillik təyin etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "2021-ci ilin may ayından ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar