Məhkəmə qərarları › İş №2-1(116)-643/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-643/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-643/2021 02.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “1995-2000-ci illər ərzində Göyçay rayon Potu kənd icra nümayəndəliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1970-1974-cü illərdə X1 əyani təhsil aldığı müddətin və digər müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya tələbin cavabdeh tərəfindən mübahisələndirilən hissəsinin dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1995-2000-ci illər ərzində Göyçay rayon Potu kənd icra nümayəndəliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 02.11.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini 1970-1974-cü illərdə X1 əyani təhsil alması, 28.05.1974-28.05.1976cı illərdə hərbi xidmətdə olması, 05.10.1976-18.06.1980-cı illərdə (PMK-52) SMD-də texnik, 11.11.1980-01.07.1989-cu illərdə X3 baş həkimin müavini vəzifəsində, 03.03.1990- 02.05.1992-ci illərdə SMD-də fəhlə, 15.02.1995-31.12.2000-ci illərdə Göyçay rayon Potu kənd icra nümayəndəliyində hesabdar kassir, 30.04.2019-07.12.2020-ci illərdə "xxxx" İş Mərkəzi MMC-də köməkçi vəzifəsində işləməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını iddiaçının əmək kitabçasında qeyd olunan 1995-2000-ci illərin əmrlərinin şübhə doğurduğu üçün (əmək kitabçasında qeyd olunan işə girib-çıxma əmrləri istirahət günlərinə təsadüf edir) sığorta stajının yoxlanılması zərurətinin yaranması, lakin, 1995-2000-ci illərin əmr kitabları Göyçay rayon İHB-nın Potu kənd İƏD üzrə nümayəndəliyində saxlanmadığı, həmçinin X5 Filialına təhvil verilmədiyi üçün həmin dövrdə iddiaçının işləməsi faktının yoxlanılmasının mümkün olmaması ilə əsaslandırmış, iddiaçının mübahisələndirilməyən iş stajının cəmi, 20 il, 2 ay 14 gün, mübahisələndirilən iş stajının isə 5 il 11 ay 16 gün olmasını nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəməyə ərizə təqdim edərək iddia tələbinə etirazının yalnız, iddiaçının Göyçay rayon İHB-nın Potu kənd İƏD üzrə nümayəndəliyində işlədiyi müddətlə bağlı olduğunu, iddiaçının digər - iş stajı, təhsil və hərbi xidmət müddətinin mübahisələndirilmədiyini bildirdi. Məhkəmənin 02.11.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DSMF PHŞ-in 13 saylı regional ərazi filialının 16.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 673954 №-li Diplomdan görünür ki, iddiaçı 1970-1974-cü illərdə X1 əyani təhsil almışdır. - H3 ******* №-li hərbi biletdən görünür ki, 28.05.1974-28.05.1976-cı illərdə iddiaçı hərbi xidmətdə olmuşdur. - ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçı 05.10.1976-18.06.1980-cı illərdə (PMK-52) SMD-də texnik, 11.11.1980-01.07.1989-cu illərdə X3 baş həkimin müavini, 03.03.1990-02.05.1992-ci illərdə SMD-də fəhlə, 15.02.1995-31.12.2000-ci illərdə Göyçay rayon Potu kənd icra nümayəndəliyində hesabdar kassir, 30.04.2019-07.12.2020ci illərdə "xxxx" İş Mərkəzi MMC-də köməkçi vəzifəsində işləmişdir. - X5 Filialının 15.02.2021-ci il tarixli 14 №-li arayışından görünür ki, Göyçay rayon İHB-nın Potu kənd İƏD üzrə nümayəndəsi şəxsi heyətə dair sənədlərini, yəni, əmr kitablarını, əmək haqqı cədvəllərini və şəxsi hesablarını arxivə təhvil verməmişdir. - Göyçay rayon İHB-nın Potu kənd İƏD üzrə nümayəndəliyinin 15.02.2021-ci il tarixli 10 №-li məktubundan görünür ki, 1995-2000-ci illərin əmr kitabları həmin orqanda saxlanılmır. - Göyçay rayon İHB-nın Potu kənd İƏD üzrə nümayəndəliyinin 28.12.2020-ci il tarixli 873 №-li iddiaçı barəsində tərtib edilmiş pensiya hesablanması üçün əmək haqqı barədə arayışından görünür ki, iddiaçıya 1995-2000-ci illər ərzində ödənilən əmək haqqının məbləği barədə qeydlər aparılmışdır. - Göyçay rayon İHB-nın Potu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş, iddiaçının müvafiq qurumda işlədiyi 1995-2000-ci illər üzrə aylıq hesablanmış əmək haqqı cədvəllərindən görünür ki, 1995-ci il üzrə iyul, yanvar, dekabr ayları, 1998-ci il üzrə sentyabr ayı, 1999-cu il üzrə iyun, iyul, avqust ayları, 2000-ci il üzrə avqust, sentyabr, oktyabr, dekabr ayları istisna olmaqla, qalan bütün müddət ərzində iddiaçıya əmək haqqının ödənilməsi ilə bağlı müvafiq hesablama-ödəniş cədvəllərində qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasında iştirak etmişlər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq üçün yaşı 26.12.2020-ci ildə çatmışdır. İş materiallarından görünür ki, iddiaçının 1970-1974-cü illərdə X1 əyani təhsil aldığı, 28.05.1974-28.05.1976-cı illərdə hərbi xidmətdə olduğu, 05.10.1976-18.06.1980-cı illərdə (PMK-52) SMD-də texnik, 11.11.1980-01.07.1989-cu illərdə X3 baş həkimin müavini, 03.03.1990-02.05.1992-ci illərdə SMD-də fəhlə, 30.04.2019-07.12.2020-ci illərdə "xxxx" İş Mərkəzi MMC-də köməkçi işlədiyi müddətlər mübahisələndirilmir və həmin müddətlər iddia ərizəsinə əlavə edilən sənədlərlə (diplom, hərbi bilet, əmək kitabçası) sübuta yetirilir. Odur ki, qeyd olunan dövrlər üzrə iddiaçının 20 il, 2 ay 14 gün sosial sığorta stajının olmasını məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir. Qeyd olunan dövrlərlərdən ancaq iddiaçının 15.02.1995-31.12.2000-ci illərdə Göyçay rayon Potu kənd icra nümayəndəliyində işlədiyi müddət mübahisələndirilir ki, həmin dövrdə iddiaçının işə qəbul olunduğu 15.01.1995-ci il və işdən azad olunduğu 31.12.2000-ci il tarixləri qeyri iş gününə düşdüyündən əmək kitabçasının müvafiq dövrlərin qeyd olunduğu hissəsinin mötəbərliyi şübhə doğurmuş və həmin qeydlərin həqiqiliyinin yoxlanılması zərurəti yaranmışdır. 1995-2000-ci illər üzrə Göyçay rayon Potu kənd icra nümayəndəliyinin əmr kitabları həmin orqanda və arxivdə aşkar edilməsə də, əmək kitabçasında iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinin nəzərə alınması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi) mümkün olduğundan, cavabdeh inzibati orqan məhz əmək haqqı cədvəllərini rəhbər tutaraq əmək kitabçasındakı qeydləri yoxlaya və iddiaçının müraciətini təmin edə bilərdi. Belə ki, məhkəmə araşdırması zamanı əldə edilmiş Göyçay rayon Potu kənd icra nümayəndəliyinin 1995-2000-ci illər üzrə aylıq hesablanmış əmək haqqı cədvəlləri ilə 1995-ci ildə 9 ay, 1996-cı ildə 12 ay, 1997-ci ildə 12 ay, 1998-ci ildə 11 ay, 1999-cu ildə 9 ay, 2000-ci ildə 8 ay ərzində iddiaçıya əmək haqqı ödənişinin həyata keçirilməsi birbaşa sübut olunur. Müvafiq ayların cəmi 5 il 1 aya bərabərdir ki, həmin müddətin üzərinə 20 il, 2 ay 14 gün müddəti əlavə etdikdə iddiaçının minimum 25 il, 2 ay, 14 gün əmək stajı yaranır ki, bu da tələb olunan 25 il sığorta stajından çoxdur və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, yuxarıda göstərilən qaydada hesablama təqdim edilmiş əmək haqqı cədvəllərinə, yəni işdə mövcud olan vərəqələrə istinad olunmaqla aparılmış və müxtəlif illərə aid 11 aylıq əmək haqqı cədvəlləri təqdim edilmədiyindən nəzərə alınmamışdır. Lakin bu heç də iddiaçının həmin müddətdə sözü gedən qurumda işləməməsi kimi başa düşülməməlidir. Məsələn, 1995-ci il üzrə iyun ayına və avqust ayına aid əmək haqqı cədvəlləri mövcud olduğu halda iyul ayına aid cədvəl, 1998-ci il üzrə avqust və oktyabr ayına aid əmək haqqı cədvəlləri mövcud olduğu halda sentyabr ayına aid cədvəl, 1999-cu il üzrə may və sentyabr aylarına aid əmək haqqı cədvəlləri mövcud olduğu halda iyun, iyul, avqust aylarına aid cədvəllər, 2000-ci il üzrə iyul və noyabr aylarına aid əmək haqqı cədvəlləri mövcud olduğu halda avqust, sentyabr, oktyabr aylarına aid cədvəllər təqdim edilməmişdir. Lakin, mövcud əmək haqqı cədvəlləri onu deməyə əsas verir ki, iddiaçı müvafiq qurumda qeyd olunan müddət ərzində fasiləsiz işləmiş və bunun əksini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Əmr kitablarının saxlanması və əmək haqqı cədvəllərinin tamlığının qorunması isə iddiaçının vəzifəsi olmadığından əmək haqqı cədvəllərində bəzi ayların olmamasını iddiaçının ziyanına şərh edilməsini məhkəmə ədalətli hesab etmir. Məhkəmə iddiaçının işə qəbul olunma və azad olunma tarixlərinin qeyri iş gününə düşməsi ilə bağlı cavabdehin etirazına münasibətdə qeyd edir ki, əmək kitabçasında müvafiq qeydlərin icra edilməsi iddiaçının vəzifəsi olmadığında, həmin qeydlərin düzgün olmaması iddiaçının bütövlükdə 1995-2000-ci illər ərzində əmək fəaliyyətini şübhə altına salmamalıdır. Hər bir halda işin yuxarıda qeyd olunmuş halları ilə iddiaçının 1995-ci ilin fevral ayından - 2000-ci ilin noyabr ayınadək Göyçay rayon Potu kənd icra nümayəndəliyində işləməsi əmək haqqı cədvəlləri ilə birbaşa sübuta yetirildiyindən və həmin müddət iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyindən, iddiaçıya məxsus əmək kitabçasında işə daxil olma və işdən azad edilmə tarixlərinin istirahət günlərinə düşməsi hazırki mübahisənin mahiyyətinə təsir göstərmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 15.02.1995-30.11.2000-ci illərdə Göyçay rayon Potu kənd icra nümayəndəliyində hesabdar kassir vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar