Məhkəmə qərarları › İş №2-1(116)-644/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-644/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-644/2020 17.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Üçüncü şəxs X9, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsinə qarşı (üçüncü şəxslər X12, X5) “X10 0.06 ha torpaq sahəsinin satılmasına dair Qəbələ bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarın ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X10 0.06 ha torpaq sahəsinin satılmasına dair Qəbələ bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu X11 xx xxxxxx 2001-ci il tarixli 3 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinə dair JN 1631 F, KOD 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünü əks etdirən bölməsində iddiaçının mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinin ölçüləri, döngə nöqtələri qeyd olunmuş, eyni zamanda onun istifadəsində olan 9601 BB ilə işarələnmiş 0.21 ha torpaq sahəsinə dair məlumatlar əks olunmuşdur. İddiaçının istifadəsində olan 9601 BB ilə işarələnmiş 0.21 ha torpaq sahəsinin 0.15 ha hissəsinin Qəbələ Bələdiyyəsi tərəfindən ona satılmasına dair qərar qəbul edilmiş, qalan 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində saxlanmışdır. Sözügedən torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsilə Qəbələ rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, istifadəsində və sahibliyində olan və həmin əraziyə dair mütəmadi olaraq vergisi ödənilmiş 0.06 ha torpaq sahəsi Qəbələ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə X3 qərara alınmışdır. İddiaçı sözügedən qərarın ləğv edilməsi üçün Qəbələ Bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixli 408 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi ərazidə X5 tərəfindən fərdi yaşayış evi tikilmiş və həmin evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 tərəfindən “Texniki pasport” verilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının iddia tələbinə rəsmi etiraz (münasibət) bildirilməmişdir. İş materiallarında olan JN-1631F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı Qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş üzrə üçüncü şəxs X12 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edir ki, o, torpaq sahəsi almaq üçün Qəbələ rayon Qəbələ bələdiyyəsinə müraciət etmiş və bundan sonra Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı Qərarı ilə ona 6 sot torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri ödənildikdən sonra o, müvafiq sənədləri təqdim edərək həmin torpaq sahəsini adına rəsmiləşdirmişdir. Elə həmin ildə o, torpaq sahəsini iş üzrə digər üçüncü şəxs olan X4 notarial qaydada satmış və sonuncu orada fərdi yaşayış evə tikərək yaşayır. İddiaçı onun dayısıdır və bu addımlar onun tərəfindən pislik etmək məqsədi ilə atılmışdır. Buna görə də tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər üçüncü şəxs X5 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edir ki, o, torpaq sahəsini xx.xx.2007-ci il tarixdə notarial qaydada X7 almış və həmin il orada fərdi yaşayış evi tikmişdir. Maddi ünvan olmadığı üçün evin sənədləşdirilməsi yalnız DƏDRX-nin 9 saylı X14 xx.xx.2019-cu il tarixli 001/4866 saylı arayışı ilə mümkün olmuş və evə “Texniki pasport” alınmışdır. İddiaçı bununla bağlı Qəbəələ rayon Məhkəməsinə müraciət etsə də, onun iddiası təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq üçüncü şəxs iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı Qərarının təsdiq edilmiş surətindən görünür ki, iş üzrə üçüncü şəxs X10 fərdi yaşayış evi tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsi satılmış və bununla bağlı həmin torpaq sahəsinə dair DT və XK tərəfindən A seriyalı 013182 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan Qəbələ rayon Dövlət notariat kontorunda bağlanan xx.xx.2007-ci il tarixli “Müqavilə”nin surətindən müəyyən edilir ki, 0.06 ha torpaq sahəsi X12 tərəfindən X1. Bundan sonra həmin il qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və mülkiyyət DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışla təmin edilmişdir (çıxarışın surəti iş materiallarına əlavə edilmişdir). Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı iddia müddətini ötürmədiyini bildirdi və qeyd etdi ki, mübahisələndirdiyi torpaq sahəsinin X9 adına olduğunu 2007-ci ildən bilmişdir. Bələdiyyədən ona başqa yerdə torpaq sahəsi veriləcəyi bildirildiyinə görə o, məhkəmədə iddia qaldırmadığını qeyd etdi. Məhkəmə iclasında üçüncü şəxs torpaq sahəsinin onun qanuni mülkiyyətində olduğunu və sonradan digər şəxsə satdığını bildirərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi mübahisələndirilən torpaq sahəsini 2007-ci ildə aldığını və orada ev tikdirdiyini bildirərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və üçüncü şəxslərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdə mübahisə olunan Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx xxxxxx 2007ci il tarixli 02 nömrəli Qərarı İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı torpaq sahəsinin iş üzrə üçüncü şəxs X2 və onun adına qeydə alınmasından və dolayısı ilə mübahisələndirdiyi Qərardan özünün də qeyd etdiyi kimi 2007-ci ildən məlumatlı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsinə qarşı (üçüncü şəxslər X12, X5) “X10 0.06 ha torpaq sahəsinin satılmasına dair Qəbələ bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar