Məhkəmə qərarları › İş №2-1(116)-644/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-644/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-644/2021 13.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı "08.02.2021-ci il tarixli Ə170Ş/H-038-21 nömrəli əmrin onun xidmətdən xaric edilməsi hissəsində ləğv edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax Rayon Mühafizə Şöbəsində xidmətə bərpa edilməsi, 08.02.2021-ci ildən xidmətə bərpa ediləcəyi günədək əmək haqqı hesablanaraq ona ödənilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1992-ci ildə anadan olmuş və hazırda Yevlax şəhərində yaşayır. O, 16.12.2016-cı ildən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax Rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi rəisinin 23.10.2020-ci il tarixli Ə345-038-20 nömrəli əmrinə əsasən, xidməti vəzifəsinin icrasına etinasız yanaşaraq təyin olunduğu postda sayıqlığını itirərək yatmaqla mühüm əhəmiyyətli obyektin etibarlı mühafizəsini təmin etmədiyinə və polisin geyim formasını daşıma qaydalarını pozduğuna görə şöbənin "Sıravi və rəis heyətinin yığıncağı"nın qərarı da nəzərə alınmaqla, İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 114-cü maddəsinin 4-cü bəndinə əsasən "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" elan edilmişdir. İddiaçı 13.01.2021-ci ildə saat 17 radələrində Yevlax Rayon Mühafizə Şöbəsində keçirilən xidmətdən sonra təlimata gələrkən, şöbənin həyətində polis nəfəri polis serjantı X7 ilə üzbəüz gəlmişdir. İddiaçı, şöbənin operatoru Məlahət Məmmədovanın səhhətində yaranmış problemə görə sonuncunu manqa komandirinin xahişi ilə avtomobilində evinə aparmağa razılıq verərək təlimatdan azad edilən Vahid Muradova kobud formada irad tutaraq geri qayıdıb təlimatda iştirak etməsini tələb etmiş və keçirilən təlimata yaxınlaşaraq gödəkcəsinin yaxası açıq vəziyyətdə, baş geyimini isə əlində tutaraq, manqa komandirindən Vahid Muradovun geri qayıtmasını tələb etmişdir. Manqa komandiri, Vahid Muradovun onun xahişi ilə Məlahət Məmmədovanı evinə aparması üçün təlimatdan çıxmasını və geri qayıdacağını İddiaçı bildirsə də, İddiaçı yenə də əsassız tələbini irəli sürməklə yanaşı, şəxsi heyətə uca səslə müraciət edərək, onun arxasınca onun barəsində danışanın ünvanına nalayiq ifadələr işlətmişdir. İddiaçı bu hərəkətləri ilə təlimatın keçirilməsinə mane olmaqla yanaşı, Məlahət Məmmədovanı aparıb evinə düşürüb geri qayıdan Vahid Muradovla mübahisəyə başlamışdır. Bundan başqa, İddiaçı təlimatdan sonra əynindəki gödəkcəni çıxararaq Vahid Muradovun avtomobilinə oturmuş, "gedək söhbət edək" deməklə onu dalaşmağa təhrik etmişdir. Həmin vaxt iddiaçının X8 adlı dostu da Yevlax Rayon Mühafizə Şöbəsinin qarşısına gələrək Vahid Muradovun avtomaşınının arxa oturacağına minmişdir. Manqa komandiri Nicat Həsənovun və digər əməkdaşların müdaxiləsi əsasında İddiaçı və dostu X3 Muradovun avtomobilindən düşmüşlər. Vahid Muradov yaranmış şəraitdən istifadə edərək həmin yerdən maşınını sürüb uzaqlaşmağa nail olmuşdur. Bununla əlaqədar Yevlax Rayon Mühafizə Şöbəsində xidməti yoxlama keçirilmiş və şöbənin manqa komandiri polis baş serjantı X10 tərəfindən 18.01.2021-ci il tarixli "Xidməti yoxlamanın nəticələrinə dair rəy" hazırlanmışdır. Həmin rəydə İddiaçı yol verdiyi intizam qaydası pozuntusu hallarına obyektiv hüquqi qiymət verilməsi məqsədilə kollektiv təsir imkanlarından istifadə edilməklə, müzakirə edilməsindən ötrü toplanmış materialların rəylə birlikdə Yevlax Rayon Mühafizə Şöbəsinin "Sıravi və kiçik rəis heyətinin yığıncağı"nda baxılması üçün verilməsi təklif olunmuşdur. Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fizuli Zeynalov 18.01.2021-ci ildə Xidməti xasiyyətnamə verərək bildirmişdir ki, İddiaçı Yevlax Rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət apardığı müddət ərzində özünü müsbət tərəflərdən göstərməmiş, xidmət yoldaşları ilə səmimi ünsiyyət yarada bilməmiş, normal xidmət aparmamış, xidmətə laqeyd münasibət göstərmiş, 11.10.2020-ci ildə isə 2 nömrəli körpüdə xidmətdə olarkən sayıqlığını itirərək xidməti postda yatmış və bununla da mühafizə olunan mühüm əhəmiyyətli, həyat təminatlı strateji obyektin etibarlı mühafizəsini təmin etməmişdir. Baş Mühafizə İdarəsinin 23.10.2020-ci il tarixli Ə345-038-20 nömrəli əmri ilə qüvvədə olan "Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam cəzası vardır, xüsusi biliyini artırmaq üçün öz üzərində çalışmır. İddiaçı Məhərrrəm oğlunun 13.01.2021-ci ildə xidmətin yekun təhlili zamanı komandir heyətinin əmrinə tabe olmaması, X9, geyim formasını daşıma qaydasını pozması, eləcə də polis nəfəri polis serjantı X7 ilə mübahisə etməklə onu dalaşmağa təhrik etməsi məsələsi ilə əlaqədar 21.01.2021-ci ildə şəxsi heyətin, o cümlədən İddiaçı Məhərrrəm oğlunun iştirakı ilə Yevlax Rayon Mühafizə Şöbəsinin "Sıravi və kiçik rəis heyətinin yığıncağı" keçirilmiş, həmin yığıncaqda qəbul edilmiş qərara əsasən, DİN-in 30.05.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş "Polisin Post-Patrul Xidməti Nizamnaməsi", 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə elan olunmuş "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin və 05.06.2017-ci il tarixli "Azərbaycan Respublikası rəis və sıravi heyətin geyim formasının və fərqlənmə nişanlarının istifadə Qaydalarının təsdiq edilməsi barədə" Q28-001-17 nömrəli Qərarın tələblərini kobud surətdə pozğuna görə polis nəfəri polis serjantı İddiaçı DİO-da xidmətdən xaric olunması barədə BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Yevlax Rayon Mühafizə Şöbəsi rəisinin 21.01.2021-ci il tarixli 17 nömrəli əmrinə əsasən, Yevlax Rayon Mühafizə Şöbəsinin "Sıravi və rəis heyətinin yığıncağı"nın 21.01.2021-ci il tarixli qərarı təsdiq edilmiş, xidməti intizamı, geyim formasının daşıma qaydasını və X9 tələblərini pozduğuna görə polis nəfəri polis serjantı İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Xidmətin təşkili idarəsi tərəfindən 02.02.2021-ci ildə "Yevlax RMŞ-nin 22.01.2021-ci il tarixli 10 nömrəli məktubu əsasında aparılmış araşdırmanın nəticəsinə dair rəy" hazırlanmış və həmin rəy 05.02.2021-ci ildə Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmişdir. Həmin rəydə Yevlax RMŞ-nin "Sıravi və kiçik rəis heyətinin yığıncağı"nın polis nəfəri İddiaçı barəsində çıxardığı qərarın qüvvədə saxlanması, inzibati qanunvericiliyin, "Polis haqqında" Qanunun 29-cu, "Polisin post-patrul xidmətinin Nizamnaməsi"nin, "DİO əməkdaşlarının etik davranış Kodeksi"nin 1, 2, 9 və 17-ci maddələrini, "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi"nin 3.1, 3.2 və 54-cü bəndlərini və 05.06.2017-ci il tarixli "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının istifadə Qaydaları"nın təsdiq edilməsi barədə Q28-0012-17 nömrəli qərarın tələblərini kobud surətdə pozduğuna, xidmətdə mənfi xarakterizə olunduğuna və qüvvədə olan "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi də nəzərə alınmaqla Yevlax RMŞ-nin polis nəfəri polis serjantı İddiaçı DİO-da xidmətdən xaric olunmağadək ciddi intizam tənbehinə cəlb olunmağa layiq olması bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin 05.02.2021-ci il tarixli Ə39-038-21 nömrəli əmrinə əsasən, Yevlax RMŞ-nin "Sıravi və kiçik rəis heyətinin yığıncağı"nın polis nəfəri İddiaçı barəsində çıxardığı qərar qüvvədə saxlanılmış, inzibati qanunvericiliyin, "Polis haqqında" Qanunun 29-cu, "Polisin post-patrul xidmətinin Nizamnaməsi"nin, "DİO əməkdaşlarının etik davranış Kodeksi"nin 1, 2 və 17-ci maddələrinin, "Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi"nin 3.1, 3.2 və 54-cü bəndlərini və 05.06.2017-ci il tarixli "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının istifadə Qaydaları"nın təsdiq edilməsi barədə Q28-001-17 nömrəli qərarın tələblərini kobud surətdə pozduğuna görə qüvvədə olan "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi də nəzərə alınmaqla Yevlax RMŞnin polis nəfəri polis serjantı İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmr belə əsaslandırılmışdır ki, cari ilin yanvar ayının 13-də polis nəfəri İddiaçı yekun təlimata gələrkən şöbənin həyətində polis nəfəri Vahid Muradovla qarşılaşmış və ona təlimatda iştirak etməməsi ilə əlaqədar iradını bildirərkən, polis nəfəri Vahid Muradov manqa komandirinin xahişi ilə şöbənin operatoru Məlahət Məmmədovanın özünü pis hiss etdiyi üçün şəxsi avtomobilində onu evinə aparacağından təlimatda iştirak edə bilməyəcəyini qeyd etmişdir. Lakin polis nəfəri İddiaçı sonradan yaxası açıq, baş geyimsiz və əlində siqaretlə şəxsi heyətin qarşısında manqa komandirinə yaxınlaşaraq polis nəfəri Vahid Muradovun təlimatda iştirak etməsini israrla tələb etmişdir. Komandir heyəti tərəfindən dəfələrlə nizam-intizama dəvət edilən polis nəfəri İddiaçı deyilənlərə məhəl qoymayaraq intizamsız hərəkətlərini davam etdirmiş, şəxsi heyətin qarşısında nalayiq ifadələr işlətmiş, sonradan təlimatda iştirak etmək üçün şöbəyə gələn Vahid Muradovla yenidən mübahisə edərək onu digər yerə dəvət etməklə davaya təhrik etmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin 08.02.2021-ci il tarixli Ə170Ş/H-038-21 nömrəli əmrinə əsasən, İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndi ilə xidmətdən xaric edilmiş və onun 08.02.2021-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 05 il 07 ay 08 gün təşkil etmişdir. Həmin əmrin verilməsinə əsas kimi DİN-in Baş Mühafizə İdarəsinin 05.02.2021-ci il tarixli Ə39-038-21 nömrəli əmri göstərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı "08.02.2021-ci il tarixli Ə170-038-21 nömrəli əmrin onun xidmətdən xaric edilməsi hissəsində ləğv edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax Rayon Mühafizə Şöbəsində xidmətə bərpa edilməsi, 08.02.2021-ci ildən xidmətə bərpa ediləcəyi günədək əmək haqqı hesablanaraq ona ödənilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi imzalanmadığına görə məhkəmənin məktubu ilə bu çatışmazlıq iddiaçının diqqətinə çatdırılmış və iddiaçı iddia ərizəsinin imzalanmış nüsxəsini məhkəməyə göndərmişdir. İddiaçı iddia ərizəsində mübahisələndirdiyi 08.02.2021-ci il tarixli əmrin nömrəsini Ə170-038-21 kimi göstərmişdir. Həmin əmrin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş nüsxəsində nömrə Ə170Ş/H-038-21 olsa da, Yevlax Rayon Mühafizə Şöbəsinin operatoru Məlahət Məmmədovanın imzası ilə təsdiq edilmiş və iddiaçıya təqdim olunmuş əmrdən çıxarışda nömrə Ə170-038-21 kimi göstərilmişdir. İddiaçı iddia ərizəsində məhz həmin çıxarışdakı nömrəyə istinad etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsində əmrin nömrəsi Ə170-038-21 kimi göstərilsə də, hazırkı qərarda 08.02.2021-ci il tarixli Ə170Ş/H- 038-21 nömrəli əmrin qanuniliyi araşdırılmalıdır. Cavabdeh iddianı qəbul etməmiş və 30.06.2021-ci il tarixli 038-14333-1221 nömrəli etiraz verərək bildirmişdir ki, iddiaçının DİO-da xidmətdən xaric edilməsi barədə cavabdehin əmri qanuni və əsaslıdır, əmrin ləğv edilməsi üçün əsas yoxdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi rəisinin 23.10.2020-ci il tarixli Ə345-038-20 nömrəli əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına etinasız yanaşaraq təyin olunduğu postda sayıqlığını itirərək yatmaqla mühüm əhəmiyyətli obyektin etibarlı mühafizəsini təmin etmədiyinə və polisin geyim formasını daşıma qaydalarını pozduğuna görə şöbənin "Sıravi və rəis heyətinin yığıncağı"nın qərarı da nəzərə alınmaqla, İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 114-cü maddəsinin 4-cü bəndinə əsasən "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" elan edilmişdir. - İşdə olan, Yevlax Rayon Mühafizə Şöbəsinin manqa komandiri polis baş serjantı X10 tərəfindən tərtib edilmiş 18.01.2021-ci il tarixli "Xidməti yoxlamanın nəticələrinə dair rəy"dən görünür ki, İddiaçı 13.01.2021-ci ildə saat 17 radələrində Yevlax Rayon Mühafizə Şöbəsində keçirilən xidmətdən sonra təlimata gələrkən, şöbənin həyətində polis nəfəri polis serjantı X7 ilə üzbəüz gəlmişdir. İddiaçı, manqa komandirinin xahişi ilə, şöbənin operatoru Məlahət Məmmədovanın səhhətində yaranmış problemə görə sonuncunu avtomobili ilə evinə aparmağa razılıq verərək təlimatdan azad edilən Vahid Muradova kobud formada irad tutaraq geri qayıdıb təlimatda iştirak etməsini tələb etmiş və keçirilən təlimata yaxınlaşaraq gödəkcəsinin yaxası açıq vəziyyətdə, baş geyimini isə əlində tutaraq, manqa komandirindən Vahid Muradovun geri qayıtmasını tələb etmişdir. Manqa komandiri, Vahid Muradovun onun xahişi ilə Məlahət Məmmədovanı evinə aparması üçün təlimatdan çıxmasını və geri qayıdacağını İddiaçı bildirsə də, İddiaçı yenə də əsassız tələbini irəli sürməklə yanaşı, şəxsi heyətə uca səslə müraciət edərək, onun arxasınca onun barəsində danışanın ünvanına nalayiq ifadələr işlətmişdir. İddiaçı bu hərəkətləri ilə təlimatın keçirilməsinə mane olmaqla yanaşı, Məlahət Məmmədovanı aparıb evinə düşürüb geri qayıdan Vahid Muradovla mübahisəyə başlamışdır. Bundan başqa, İddiaçı təlimatdan sonra əynində olan gödəkcəsini çıxararaq Vahid Muradovun avtomobilinə oturmuş, "gedək söhbət edək" deməklə onu dalaşmağa təhrik etmişdir. Həmin vaxt iddiaçının X8 adlı dostu da Yevlax Rayon Mühafizə Şöbəsinin qarşısına gələrək Vahid Muradovun avtomaşınının arxa oturacağına minmişdir. Manqa komandiri Nicat Həsənovun və digər əməkdaşların müdaxiləsi əsasında İddiaçı və dostu X3 Muradovun avtomobilindən düşmüşlər. Vahid Muradov yaranmış şəraitdən istifadə edərək həmin yerdən maşınını sürüb uzaqlaşmağa nail olmuşdur. Həmin rəydə İddiaçı yol verdiyi intizam qaydası pozuntusu hallarına obyektiv hüquqi qiymət verilməsi məqsədilə kollektiv təsir imkanlarından istifadə edilməklə, müzakirə edilməsindən ötrü toplanmış materialların rəylə birlikdə Yevlax Rayon Mühafizə Şöbəsinin "Sıravi və kiçik rəis heyətinin yığıncağı"nda baxılması üçün verilməsi məqsədə uyğun sayılmışdır. - İşdə olan, Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fizuli Zeynalov tərəfindən verilmiş 18.01.2021-ci il tarixli Xidməti xasiyyətnamədən görünür ki, İddiaçı Yevlax Rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət apardığı müddət ərzində özünü müsbət tərəflərdən göstərməmiş və xidmət yoldaşları ilə səmimi ünsiyyət yarada bilməmiş, normal xidmət aparmamış, xidmətə laqeyd münasibət göstərmiş, 11.10.2020-ci ildə isə 2 nömrəli körpüdə xidmətdə olarkən sayıqlığını itirərək xidməti postda yatmış və bununla da mühafizə olunan mühüm əhəmiyyətli, həyat təminatlı strateji obyektin etibarlı mühafizəsini təmin etməmişdir. Baş Mühafizə İdarəsinin 23.10.2020-ci il tarixli Ə345-038-20 nömrəli əmri ilə qüvvədə olan "Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam cəzası vardır, xüsusi biliyini artırmaq üçün öz üzərində çalışmır. - İşdə olan 21.01.2021-ci il tarixli 3 nömrəli Yevlax Rayon Mühafizə Şöbəsinin sıravi və kiçik rəis heyətinin yığıncağının protokolundan görünür ki, həmin yığıncaq İddiaçı Məhərrrəm oğlunun 13.01.2021-ci ildə xidmətin yekun təhlili zamanı komandir heyətinin əmrinə tabe olmaması, X9, geyim formasını daşıma qaydasını pozması, eləcə də polis nəfəri polis serjantı X7 ilə mübahisə etməklə onu dalaşmağa təhrik etməsi məsələsi ilə əlaqədar keçirilmiş, həmin yığıncaqda qəbul edilmiş qərara əsasən, DİN-in 30.05.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş "Polisin Post-Patrul Xidməti Nizamnaməsi", 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə elan olunmuş "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin və 05.06.2017-ci il tarixli "Azərbaycan Respublikası rəis və sıravi heyətin geyim formasının və fərqlənmə nişanlarının istifadə Qaydalarının təsdiq edilməsi barədə" Q28-001-17 nömrəli Qərarın tələblərini kobud surətdə pozğuna görə polis nəfəri polis serjantı İddiaçı DİO-da xidmətdən xaric olunması barədə BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - İşdə olan Yevlax Rayon Mühafizə Şöbəsi rəisinin 21.01.2021-ci il tarixli 17 nömrəli əmrindən görünür ki, Yevlax Rayon Mühafizə Şöbəsinin "Sıravi və rəis heyətinin yığıncağı"nın 21.01.2021-ci il tarixli qərarı təsdiq edilmiş, xidməti intizamı, geyim formasının daşıma qaydasını və X9 tələblərini pozduğuna görə polis nəfəri polis serjantı İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Xidmətin təşkili idarəsi tərəfindən 02.02.2021-ci ildə hazırlanmış və Baş Mühafizə İdarəsinin rəisi tərəfindən 05.02.2021-ci ildə təsdiq edilmiş "Yevlax RMŞnin 22.01.2021-ci il tarixli 10 nömrəli məktubu əsasında aparılmış araşdırmanın nəticəsinə dair rəy"dən görünür ki, Yevlax RMŞ-nin "Sıravi və kiçik rəis heyətinin yığıncağı"nın polis nəfəri İddiaçı barəsində çıxardığı qərarın qüvvədə saxlanması, inzibati qanunvericiliyin, "Polis haqqında" Qanunun 29-cu, "Polisin post-patrul xidmətinin Nizamnaməsi"nin, "DİO əməkdaşlarının etik davranış Kodeksi"nin 1, 2, 9 və 17-ci maddələrini, "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi"nin 3.1, 3.2 və 54-cü bəndlərini və 05.06.2017-ci il tarixli "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının istifadə Qaydaları"nın təsdiq edilməsi barədə Q28-0012-17 nömrəli qərarın tələblərini kobud surətdə pozduğuna, xidmətdə mənfi xarakterizə olunduğuna və qüvvədə olan "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi də nəzərə alınmaqla Yevlax RMŞ-nin polis nəfəri polis serjantı İddiaçı DİO-da xidmətdən xaric olunmağadək ciddi intizam tənbehinə cəlb olunmağa layiq olması bildirilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin 05.02.2021-ci il tarixli Ə39-038-21 nömrəli əmrindən görünür ki, Yevlax RMŞ-nin "Sıravi və kiçik rəis heyətinin yığıncağı"nın polis nəfəri İddiaçı barəsində çıxardığı qərar qüvvədə saxlanılmış, inzibati qanunvericiliyin, "Polis haqqında" Qanunun 29-cu, "Polisin post-patrul xidmətinin Nizamnaməsi"nin, "DİO əməkdaşlarının etik davranış Kodeksi"nin 1, 2 və 17-ci maddələrinin, "Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi"nin 3.1, 3.2 və 54-cü bəndlərini və 05.06.2017-ci il tarixli "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının istifadə Qaydaları"nın təsdiq edilməsi barədə Q28-001-17 nömrəli qərarın tələblərini kobud surətdə pozduğuna görə qüvvədə olan "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi də nəzərə alınmaqla Yevlax RMŞnin polis nəfəri polis serjantı İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin 08.02.2021-ci il tarixli Ə170Ş/H-038-21 nömrəli əmrindən görünür ki, İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndi ilə xidmətdən xaric edilmiş və onun 08.02.2021-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 05 il 07 ay 08 gün təşkil edir. Həmin əmrin verilməsinə əsas kimi DİN-in Baş Mühafizə İdarəsinin 05.02.2021-ci il tarixli Ə39-038-21 nömrəli əmri göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik davraniş Kodeksi"nin 1-ci maddəsinə görə, əməkdaş Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci maddəsinə görə, əməkdaş Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 9-cu maddəsinə görə, əməkdaş çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 108-ci maddəsinə görə, daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndinə görə, daxili işlər orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda, xidmətdən xaric edilə bilər. Sadalanan normalardan göründüyü kimi, daxili işlər orqanları əməkdaşının ona həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməməsi xidməti intizamın pozulması sayılır və onun intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozması xidmətdən xaric edilməsi üçün əsasdır. Müyyən edildi ki, İddiaçı 23.10.2020-ci il tarixli əmrlə intizam məsuliyyətinə cəlb edildikdən sonra il ərzində, yəni 13.01.2021-ci ildə xidmət və icra intizamını yenidən kobudcasına pozmuşdur. Onun yol verdiyi həmin pozuntu bunda ifadə edilmişdir ki, o, qeyd olunan vaxt Yevlax Rayon Mühafizə Şöbəsində yekun təlimata gələrkən şöbənin həyətində polis nəfəri Vahid Muradovla qarşılaşmış və ona təlimatda iştirak etməməsi ilə əlaqədar iradını bildirərkən, polis nəfəri Vahid Muradov manqa komandirinin xahişi ilə şöbənin operatoru Məlahət Məmmədovanın özünü pis hiss etdiyi üçün şəxsi avtomobilində onu evinə aparacağından təlimatda iştirak edə bilməyəcəyini qeyd etmişdir. Lakin İddiaçı sonradan yaxası açıq, baş geyimsiz və əlində siqaretlə şəxsi heyətin qarşısında manqa komandirinə yaxınlaşaraq polis nəfəri Vahid Muradovun təlimatda iştirak etməsini israrla tələb etmişdir. Komandir heyəti tərəfindən dəfələrlə nizam-intizama dəvət edilən İddiaçı deyilənlərə məhəl qoymayaraq intizamsız hərəkətlərini davam etdirmiş, şəxsi heyətin qarşısında onun arxasınca onun barəsində danışanın ünvanına nalayiq ifadələr işlətmiş, təlimatdan sonra əynində olan gödəkcəni çıxararaq Vahid Muradovun avtomobilinə oturmuş, "gedək söhbət edək" deməklə onu dalaşmağa təhrik etmişdir. Həmin vaxt iddiaçının X8 adlı dostu da Yevlax Rayon Mühafizə Şöbəsinin qarşısına gələrək Vahid Muradovun avtomaşınının arxa oturacağına minmiş, manqa komandirinin və digər əməkdaşların müdaxiləsi nəticəsində İddiaçı və dostu X3 Muradovun avtomobilindən düşmüş, Vahid Muradov yaranmış şəraitdən istifadə edərək həmin yerdən maşınını sürüb uzaqlaşmağa nail olmuşdur. Şifahi məhkəmə baxışı zamanı İddiaçı bu halları inkar etmədi. O, Vahid Muradovla mübahisə etməsinin və sonuncunun təlimatda iştirakının təmin olunmasını manqa komandirindən tələb etməsinin səbəbini belə izah etdi ki, o, şöbəyə gəldikdə Vahid Muradovu təlimatdan kənarda görərək niyə kənarda dayanmasını soruşaraq təlimatda iştiraka dəvət etmiş, Vahid Muradov isə ona "mən sən deyiləm" demişdir. Bu söz ona toxunduğuna görə o, Vahid Muradovun onunla bərabər təlimatda iştirakına nail olmaq istəmişdir. İddiaçı şəxsi heyətin qarşısında gödəkçəsinin yaxasının açıq olmasını və baş geyimini əlində tutmasını isə həmin gün havanın çox isti olması və bir neçə km məsafəni piyada gələrək tərləməsi ilə izah etdi. İddiaçı təlimatdan sonra Vahid Muradovla mübahisə etmədiyini, yalnız sonuncunun avtomobilinə oturaraq "mən sən olmaq istəmərəm, sən də mən ola bilməzsən" deyib tez düşdüyünü bildirsə də, izahatının davamı ilə bu xüsusatı təkzib etdi. Belə ki, onun deməsinə görə, o, digər əməkdaşlarla birlikdə şöbənin qarşısında olduğu zaman X8 adlı dostu avtomobildə təsadüfən oradan keçərkən düşüb ondan nə baş verdiyini soruşmuşdur. Məhkəmə qeyd edir ki, mühafizə şöbəsinin qarşısında polis əməkdaşlarının dayanması adi bir haldır və yoldan keçən şəxslərin diqqətini cəlb edib onların dayanmasına, nə baş verməsini soruşmasına səbəb ola bilməz. Şəxsin avtomobilini saxlayıb düşərək nə baş verməsini soruşması üçün kənardan da görünən bir hadisənin baş vermiş olması lazımdır. Bu hadisə isə məhz İddiaçı Vahid Muradovla mübahisə etməsi, onu dalaşmağa təhrik etməsi və digər polis əməkdaşlarının bunun qarşısını almağa çalışması nəticəsində yaranan hərəkətlilik olmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı "08.02.2021-ci il tarixli Ə170Ş/H-038-21 nömrəli əmrin onun xidmətdən xaric edilməsi hissəsində ləğv edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax Rayon Mühafizə Şöbəsində xidmətə bərpa edilməsi, 08.02.2021-ci ildən xidmətə bərpa ediləcəyi günədək əmək haqqı hesablanaraq ona ödənilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar