Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-644/2025 30.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhəri H.Əliyev prospekti 51 saylı, 5 mərtəbəli yaşayış evinin ətrafında qarajlar üçün nəzərdə tutulan ərazidən iddiaçının mülkiyyətinə verilmiş 21,0 kv.m fərdi minik avtomobilinə qaraj tikintisi üçün ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli, 69 nömrəli iclasının qərarına əsasən iddiaçıya fərdi minik avtomobilinə qaraj tikmək məqsədilə Yevlax şəhəri H.Əliyev pr., 51 saylı binanın həyətində mülkiyyətinə verilmiş 21,0 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2447/2024 nömrəli qərardadı ilə Yevlax Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Yevlax Bələdiyyəsinə müraciət edərək, fərdi minik avtomobilinə qaraj tikmək üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Yevlax Bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli, 69 nömrəli qərarına əsasən onun ərizəsi nəzərə alınaraq, ona fərdi minik avtomobilinə qaraj tikmək məqsədilə bələdiyyənin prespektiv inkişaf fondundan Yevlax şəhəri H.Əliyev pr., 51 saylı binanın həyətindən mülkiyyətinə 21,0 kvadrat metr torpaq sahəsinin satılması və fərdi minik avtomobilinə qaraj tikintisinə icazə verilməsi qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmişdir. Həmçinin, iddiaçı satılmalı olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərərfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Lakin, bunlara baxmayaraq uzun müddətdir ki, aldığı və istifadəsində olan 21,0 kvadrat metr torpaq sahəsi üzrə mülkiyyət hüququnu adına qeydiyyata aldıra bilmir. İddiaçı bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin tələbdən imtina edilmişdir. Cavabdeh Məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, ''Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında1' Əsasnamənin 1-ci bəndinə və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Təqdim olunmuş sənədlərin araşdırılması zamanı ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş ‘Torpaqların alqı-satqısı qaydalan'na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın əlavə edilmədiyi müəyyən olunduğundan, torpaq sahəsinin yerquruluşu planından çıxarış bələdiyyə tərəfindən təsdiqlənmədiyindən, həmçinin ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına tərəflərin heç biri gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Yevlax RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2022-ci il tarixli, 04 nömrəli məktubundan görünür ki, Şöbə 21,0 kv.m torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
3. Torpaqların alqı-satqısına dair Aktın surətlərindən görünür ki, Yevlax Bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli, 69 nömrəli qərarı ilə İddiaçı oğluna 21,0 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Bələdiyyənin 20 iyun 2007-ci il tarixli, 69 nömrəli qərarının arxiv nüsxəsi mövcud deyildir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3996/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əlavə.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Yevlax Bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli, 69 nömrəli iclasının qərarına əsasən iddiaçıya Yevlax şəhəri H.Əliyev pr. 51 saylı binanın həyətindən ayrılmış 21 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrində qeydiyyata alınmasından ibarətdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə araşdırılma predmeti iki istiqamətdə aparılmışdır. 1.hüquqmüəyyənedici sənədin mötəbərliyi. 2.İddia olunan torpaq sahəsinin hüquqi rejimi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin iddiaçı ayrılması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir.Belə ki,iddia ərizəsindən və iş materiallarından görünüdüyü kimi iddia olunan torpaq sahəsi Yevlax Bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli, 69 nömrəli qərarı ilə İddiaçı ayrılmışdır. Həmin qərarın surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmənin verilmiş sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı və Yevlax Bələdiyyəsi tərəfindən verilmiş cavablara əsasən müəyyən edilir ki, iddiaçının istinad etdiyi Yevlax Bələdiyyənin 20 iyun 2007-ci il tarixli, 69 nömrəli qərarının arxiv nüsxəsi mövcud deyildir. Məhkəmə araşdırması zamanı Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-35/2-3996/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan,ümumi istifadə verilmiş torpaq sahəsi olduğu müəyyən edilmişdir.İddia olunan torpaq sahəsinə bitişik torpaq sahələrinin xüsusiyyətləri araşdırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əlavəsindən görünür ki,iddia olunan torpaq sahəsinə bitişik hər hansı torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcud deyildir.Habelə torpaq sahəsinin TEKUİS əsasında təyinatı “ümumi istifadə verilmiş torpaq sahəsi” olduğu qeyd edilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının ərazisində yerləşməklə binanın ümumi istifadəsi üçün nəzərdə tutulmuş ərazi olmaqla xüsusi mülkiyyətə verilməsi istisna edilən torpaq sahəsidir.Bu kateqoriya torpaqların xüsusi mülkiyyətə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2711/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında da təsbit olunmuşdur ki,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsi ilə ümumi istifadədə olan bələdiyyə yollarının xüsusi mülkiyyətə verilməsi birbaşa qadağan edilmişdir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsassız olduğundan təmin oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhəri H.Əliyev prospekti 51 saylı, 5 mərtəbəli yaşayış evinin ətrafında qarajlar üçün nəzərdə tutulan ərazidən iddiaçının mülkiyyətinə verilmiş 21,0 kv.m fərdi minik avtomobilinə qaraj tikintisi üçün ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə