Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-645/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanda yerləşən 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində alqısatqı müqaviləsinə uyğun olaraq, tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanda yerləşən 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinə uyğun olaraq, tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanda yerləşən 43 kv.m qeyri-yaşayış binasını və 57.8 kv.m torpaq sahəsini X1 alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinə və qeyri-yaşayış binasına dair bölgü planı təsdiq edilmişdir. Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanda yerləşən 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinə uyğun olaraq, iddiaçının tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reryestrində qeydiyyatı üçün zəruri olan inventarlaşma işləri aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının bir hissəsi İddiaçı tərəfindən alqısatqı müqaviləsi əsasında alınmışdır. Sözügedən qeyri-yaşayış binası eyni daş örtüyü altında olmaqla şərikli arakəsmə divara malikdir və vahid daşınmaz əmlakdır. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AN-İ ******* seriya nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X3 özünə məxsus 43 kv.m qeyri-yaşayış binasını və 57.8 kv.m torpaq sahəsini İddiaçı satmışdır.
3. Yevlax rayon 2 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli 13 nömrəli məktubu.
4. 2721010420 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanda yerləşən 0.01436 ha torpaq sahəsi üzərində qeyri-yaşayış binası X2 mülkiyyətində olmuşdur.
5. 12.09.2023-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əkt etdirən müayinə aktı.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubu və ona əlaəv edilən sənədlər.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, AN-İ ******* seriya nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 22.06.206-cı il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan qeyri-yaşayış binasının 43 kv.m hissəsini və 143,6 kv.m torpaq sahəsinin 57.8 kv.m hissəsini İddiaçı satmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanaraq bölgü planı əsasında alıcının əldə etdiyi əmlakın sahəsi göstərilmişdir. Belə ki, iddiaçının hüuqi marağı alqı-satqı əsasında əldə etdiyi və bölgü planına əsasən müəyyən edilən 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. Cavabdehin imtinasının əsasının qeyri-yaşayış binası eyni daş örtüyü altında olmaqla şərikli arakəsmə divara malikdir və vahid daşınmaz əmlak olması kimi qeyd etmişdir.Lakin,cavabdehin istinad etdiyi norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinsə nəzərdə tutulan imtina əsaslarından biri kimi təsbit edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunanlara və işin hallarına əsasən məhkəmə hesab edir ki,iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi və faktiki istifadəsində olan 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqularının qeydə alınmasından imtina etməkdə cavabdeh haqlı olmamışdır.Cavabdeh tərəfindən imtinanın əsasını təşkil edən sübut təqdim edilməmiş,iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən norma mövcud deyildir. Odur ki, iddia təmin edilməli, Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanında yerləşən 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilən Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanda yerləşən 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində (bölgü planına uyğun olaraq) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə