Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-646/2022 18.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək, dövlət vəsaiti hesabına mənzillə təmin edilməniz üçün cavabdehlərin üzərinə inzibati öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.03.2021-ci il tarixli 2-1(116)-388/2021 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının adının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ilin artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, iddia cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə aid hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli 2-1(116)-388/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli 2-1(107)-235/2021 nömrəli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli 2-1(107)-235/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli 2-1(102)-1606/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli 2- 1(107)-235/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2021-ci il tarixli 2- 1(107)-462/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli 2- 1(116)-388/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati işin materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçıya 25.01.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, onun hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsi olduğundan o, ilk öncə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya ərizə ilə müraciət etməli, müraciəti təmin edilmədiyi halda müvafiq imtina məktubunu, müraciət cavabsız saxlanıldığı halda isə ərizənin göndərilməsini təsdiq edən müvafiq poçt qəbzini sözügedən Komissiyanı cavabdeh orqan qismində qeyd etməklə tərtib edilmiş iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 28.01.2022-ci il tarixdə alınmasına baxmayaraq, iddiaçı tərəfindən məktubda qeyd edilən nöqsanlar aradan qaldırılmamış və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Komissiya Azərbaycan Respublikasının maliyyə naziri sədr olmaqla, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavinindən ibarət tərkibdə yaradılmış və dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq sözügedən Komissiyaya tapşırılmış və hazırlanmış siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifə olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən cavabdeh orqanlar, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti iddiaçının hazırkı hüquqi marağı üzrə iddia tələbinə cavab verməli orqanlar deyil. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-1(102)- 1606/2021 nömrəli qərarında qeyd edildiyi kimi dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması məhz həmin Fərmanla yaradılmış Komissiyaya tapşırılmışdır. İddiaçıya bir daha izah edilir ki, hazırkı halda iddia tələbinin mümkünlük şərtlərinə cavab verməsi üçün iddiaçı ilk öncə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya analoji tələblə ərizə ilə müraciət etməli, müraciəti təmin edilmədiyi və ya cavabsız saxlanıldığı halda müvafiq iddia tələbi ilə Komissiyanı cavabdeh orqan qismində qeyd etməklə məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək, dövlət vəsaiti hesabına mənzillə təmin edilməniz üçün cavabdehlərin üzərinə inzibati öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-646/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-646/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver