Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-647/2020 02.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 24.05.1989- 26.03.1991-ci illərdə keçmiş SSRİ ordusunda xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Mingəçevir şəhərinə qayıtmışdır. 09 avqust 1992-ci il tarixdə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə səfərbər edilmişdir. 10.08.1992-ci il tarixdən 02.02.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində rabitə bölməsinin sürücüsü sıravi əsgər kimi, sonra 03.02.1994-cü il tarixədən 06.11.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində starşina kimi Qubadlı, Zəngilan və Ağdam bölgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmiş və 06.11.1994-cü il tarixdə hər iki bud nahiyyəsindən aldığı xəsarətlə əlaqədar hospitalda müalicə olunmuşdur. Müalicədən sonra yenidən hərbi hissəyə qayıtmışdır, lakin bir həftə sonra müalicənin davam etdirilməsi üçün onu N saylı hərbi hissənin göndərişi əsasında Mingəçevir şəhər N1 saylı hospitalına göndərmişlər, müalicəsi uzun müddət sürmüşdür hərbi hissəyə qayıtsa da, yenə də N.12.1995-ci il tarixdən 30.01.1996-cı il tarixədək N1 saylı hospitalında müalicə olunmuşdur. 30.01.1996-cı il tarixdə N saylı hərbi hissənin əmrinə əsasən tərxis olunmuş və Mingəçevir şəhər Hərbi Komissarlığına göndərilmişdir. Onun səhhətində problemlər yarandığından Rusiya Federasiyasında həkimlərin müalicəsini almalı oldu. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət etmiş, lakin N №-li hərbi hissə komandirinin 30.01.1996-cı il tarixli əmrinə əsasən yuxarı yaş həddli xidmət yerini özbaşına tərk etdiyi və həmin hərbi hissənin 1994-cü il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmadığı üçün araşdırma apara bilmədiklərini bildirmişlər. Odur ki, məhkəmə müraciət edərək, “10.08.1992-ci il tarixdən 02.02.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində, 03.02.1994-cü il tarixədən 06.11.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsinin müəyyən edilməsi və veteran adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 02.06.2020-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 17 oktyabr 2018-ci il tarixli 9/2-16483 nömrəli arxiv arayışı və hərbi biletin 6-cı səhifəsindəki qeydə əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 23 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının fevral 1994-cü il tarixdən noyabr 1994-cü il tarixədək xidməti təsdiq edilmədiyindən əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla da Komissiyanın imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 24.11.2018-ci il tarixli 1/J-11082 nömrəli imtina məktubu, 10.11.2018-ci il tarixli məktubu, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 17.10.2018-ci il tarixli 9/2-16483 nömrəli arayışı, MN Mərkəzi Hərbi Həkim Komissiyasının 13.06.2018-ci il tarixli 1082 nömrəli Qərarı, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin 18.02.2020-ci il tarixli 317 nömrəli məktubu, ИЗseriyalı ******* nömrəli Qeydiyyat kartası, Qarabağ Hərbi Prokurorluğunun 18.02.2020-ci il tarixli 16/642 nömrəli məktubu, Müdafiə Nazirliyinin N.02.2020-ci il tarixli 11/1171 nömrəli etirazı, Füzuli Hərbi Prokurorluğunun 06.03.2020-ci il tarixli 17/958 nömrəli məktubuaiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 17.10.2018-ci il tarixli 9/2-16483 nömrəli məktubundan görünür ki,Rabitə bölməsinin sürücüsü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 02.02.1994-cü il tarixli 33 nömrəli əmrilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş Mingəçevir RHKdan çağırılmış sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.02.1994-cü il tarixli 107 nömrəli əmrilə starşina vəzifəsinə təyin edilmişdir. Yuxarı yaş həddli xidmət yerini özbaşına tərk etmiş, ştatdan kənar sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 30.01.1996-cı il tarixli 30 nömrəli əmrilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Mingəçevir RHK-na göndərilmişdir. Həmçinin iddiaçının hərbi biletinin 6-cı səhifəsində və qeydiyyat kartasında onun hərbi hissəni özbaşına tərk etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-647/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-647/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver