Məhkəmə qərarları › İş №2-1(116)-647/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-647/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-647/2023 22.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 13 fevral 2006-cı il tarixli 2349 nömrəli və 13 fevral 2006-cı il tarixli 2352 nömrəli Qeydiyyat Vəsiqələrinə əsasən mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsində inşa etdirdiyi yeni evin mülkiyyət sənədini almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin Oğuz rayon Şöbəsinə müraciət etmişdir. Şöbədən ona müvafiq sənədləri təqdim etməsini bildirmişlər. İddiaçı adına həmin evə tərtib olunmuş eskiz layihəsini, Oğuz RİH başçısının 16 may 2007-ci il tarixli 62 nömrəli Sərəncamından çıxarışı və Oğuz RİH Memarlıq və tikinti şöbəsindən verilmiş 14 sentyabr 2015-ci il tarixli 41 nömrəli arayışı təqdim etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus hər üç evin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsinin 0,06 ha hissəsinə əvvəlki mülkiyyətçi X4 adına 23 mart 2006-cı il tarixli JN-1576A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, X4 adına hazırlanmış 23 mart 2006-cı il tarixli JN-1576A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsini və mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İdarədən verilmiş 11 yanvar 2017-ci il tarixli, **********28 nömrəli cavab məktubunda şəhadətnamənin ləğv edilməsinin onların səlahiyyətində olmadığı bildirmişdir. Ona görə də iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2-1(84)-355/2017 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli 2-1(107)-339/2017 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2-1 (84)-355/2017 saylı qərardadı ləğv edilmiş, iş inzibati icraat qaydasında baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2-1(84)- 355/2017 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, 23 mart 2006-cı il tarixli JN-1576A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ləğv edilmiş, fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin həmin qərar icra olunan zaman hər üç evə çıxarış hazırlansa da, həmin evlərdən birinin bir hissəsinin də yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə çıxarış hazırlanmamışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********77 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin, əvvəlki mülkiyyətçi X4 adına olmuş texniki pasport ilə birləşdirilərək bir yerdə iddiaçının adına qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlər araşdırılan zaman məlum olmuşdur ki, X9 X3 alqı-satqı ilə əldə etdiyi fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqları Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20217-ci il tarixli, 2(84)- 355/2017 saylı qərarı əsasında vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. İddiaçı X9 iddia etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X4 adına tərtib edilmiş texniki pasport və özünə məxsus texniki pasport əsasında vahid daşınmaz əmlak kimi hüquqlarının dövlət qeydiyyatına alınması “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinnin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçı əvvəllər də eyni torpaq sahəsinin qeydə alınması tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, hazırkı tələbini irəli sürərkən hüquqi əsası dəyişmiş, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki pasport əsasında mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Göstərilən hüquqi əsasa qiymət verən məhkəmə hesab edir ki, sözügedən hal iddianın mümkünlük şərtini istisna etmir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1245/2023 nömrəli məktubuna əlavə olunmuş: 125 inventar nömrəli, 2349 qeyd nömrəli, xx.xx.2005-ci il tarixli Texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Onun adı mötərizə daxilinə alınmış və altındakı sətrdə İddiaçı adı qeyd olunmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 600,0 kv.m, faktiki 1116,9 kv.m olaraq göstərilmişdir. Həmçinin 2 otaqlı, ümumi sahəsi 47,0 kv.m olan evin mövcud olduğu göstərilmişdir. 2413 inventar nömrəli, 2352 qeyd nömrəli, xx.xx.2005-ci il tarixli Texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Onun adı mötərizə daxilinə alınmış və altındakı sətrdə İddiaçı adı qeyd olunmuşdur. Texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin göstəriciləri qeyd olunmasa da, “Torpaq sahəsinin planı” bölməsində “bax inv. 125” qeyd olunmuşdur. Həmçinin 2 otaqlı, ümumi sahəsi 55,8 kv.m olan evin mövcud olduğu göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş 2352 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, iki otaqlı 46,2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2006-cı ildə 2352 nömrə ilə reyestr kitabının 68-ci səhifəsində 2413 nömrəli inventar işi üzrə qeydə alınmışdır. xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, 405-1/125 inventar nömrəli Texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,06 ha, faktiki 0,1172 ha olduğu qeyd olunmuşdur. RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 116,8 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-355/2017 nömrəli qərarından görünür ki, həmin iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə JN seriyalı, 1576A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında olan: xx.xx.1989-cu il tarixli Müqavilənin surətindən görünür ki, X8 keçmiş Vartaşen (indiki ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini X1. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3165/6-13-9-506/23 nömrəli məktubuna əlavə olunmuş 4Ə-1/02 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X2 rayon İnventar bürosunun verdiyi xx.xx.2006-cı il tarixli, 02 nömrəli forma 1 sənədi və 2349 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 4 ünvanında yerləşən, 1116,9 kv.m torpaq sahəsində 1920-ci ildə inşa olunmuş 47,0 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evini İddiaçı satmışdır. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3165/6-13-9-506/23 nömrəli məktubuna əlavə olunmuş 4Ə-1/03 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X2 rayon İnventar bürosunun verdiyi xx.xx.2006-cı il tarixli, 03 nömrəli forma 1 sənədi və 2352 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 4 ünvanında yerləşən, 118,3 kv.m torpaq sahəsində 2001-ci ildə inşa olunmuş 55,80 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evini İddiaçı satmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilən normaların təhlili əsasında məhkəmə qeyd edir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. Bunun üçün iki zəruri şərt mövcuddur: 1) yaşayış evinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olmalı; 2) texniki pasport xx.xx.2001ci il tarixədək tərtib olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tələbini əsaslandırmaq üçün 125 və 2413 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportlarına istinad edir ki, hər iki texniki pasport xx.xx.2001-ci il tarixdən sonra, 2005-ci ilin dekabr ayında tərtib edilmişdir. İddiaçının müqavilə yolu ilə əldə etmiş olduğu daşınmaz əmlaka münasibətdə əvvəkli mülkiyyətçinin adına tərtib edilmiş texniki pasport aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə araşdırması və sorğularla iddiaçının həmin torpaq sahəsinə münasibətdə hüquqlarının tanınmasına imkan verən hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən, mütəxəssis rəyinin alınması zərurəti də aradan qalxmışdır. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar