Məhkəmə qərarları › İş №2-1(116)-648/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-648/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-648/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı "əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə Zaqatala rayonunun Yengiyan kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 1971-1972-ci illərdə, 1975-1979-cu illərdə 1988-1997-ci illərdə Zaqatala rayonu Yengiyan kəndində yerləşən "1 May" kolxozunda, 19.10.1979-cu ildən 23.11.1987-ci ilədək Zaqatala 5 nömrəli SMD-də işləmiş, 04.05.1973-cü ildən 10.05.1975-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, 10.05.2018-ci ildə pensiya yaşına çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının təqdim etdiyi Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10.05.2018-ci il tarixli 335 nömrəli arxiv arayışında iki soyadının "Şamilov" və "Qarakişiyev" olduğuna görə pensiya təyinindən imtina etmişdir. Zaqatala Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli 2(033)-1240/2019-cu il nömrəli qətnaməsi ilə Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10.05.2018-ci il tarixli 335 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün yenidən cavabdehə müraciət etmiş, lakin sonuncu 24.01.2020-ci il tarixli ******* nömrəli cavab məktubu ilə bildirmişdir ki, 1971, 1972, 1975-1979-cu illərdə sabiq "1 May" kolxozunda işləməyinə dair qeydlər əmək kitabçasında olmadığına görə ona əmək pensiyası təyin edilməsi mümkün deyil. İddiaçı cavabdehin cavabı ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, kolxozda işlədiyi 1971, 1972, 1975- 1979-cu illərlə bağlı əmək kitabçasında qeydlər olmasa da, həmin iş illərini təsdiq edən arayış vardır. Cavabdeh iddiaya qarşı 26.02.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçının pensiya yaşı 10.05.2018-ci ildə tamam olmuşdur. İddiaçıya əmək pensiyası təyin olunması üçün 16743 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, 01.01.2006-cı il tarixədək 26 il sığorta stajı vardır. Həmin 26 il sığorta stajı 18226 manat sığorta kapitalına bərabərdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə uyğun olaraq 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək iddiaçının fərdi hesabın sığorta hissəsində hər hansı sığorta kapitalı toplanmadığından iddiaçının əmək pensiyası almaq hüququ yaranmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 19.10.1979-cu ildən 23.11.1987-ci ilədək sabiq "1 May" kolxozunda işləmişdir. - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 04.05.1973cü ildən 10.05.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin 10.05.2018-ci il tarixli 335 nömrəli arxiv arayışından görünür ki, İddiaçı sabiq "1 May" kolxozunda 1971-ci ildə 189 adam/gün, 1972-ci ildə 228 adam/gün, 1975-ci ildə 95 adam/gün, 1976-cı ildə 240 adam/gün, 1977-ci ildə 252 adam/gün, 1978-ci ildə 211 adam/gün, 1979-cu ildə 224 adam/gün, 1988-ci ildə 193 adam/gün, 1989-cu ildə 264 adam/gün, 1990-cı ildə 214 adam/gün, 1991-ci ildə 256 adam/gün, 1992-ci ildə 260 adam/gün, 1993-cü ildə 242 adam/gün, 1994-cü ildə 260 adam/gün, 1995-ci ildə 210 adam/gün, 1997-ci ildə 224 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1971-1997-ci illərdə 210 adam günü müəyyən olunmuşdur. - İşdə olan, Zaqatala Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli 2(033)- 1240/2019-cu il nömrəli qətnaməsindən görünür ki, İddiaçı verilmiş 10.05.2018-ci il tarixli 335 nömrəli arxiv arayışı göstərilən sayda adam günü və əmək haqqı qazanması faktı təsdiq olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin 24.01.2020-ci il tarixli imtina məktubundan görünür ki, 1971, 1972, 1975-1979-cu illərdə sabiq "1 May" kolxozunda işləməyinə dair əmək kitabçasında qeydlər olmadığına görə iddiaçıya əmək pensiyası təyin edilməsi mümkünsüzdür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla, 10.05.2018-ci ildə pensiya yaşına (63 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Zaqatala Rayon Dövlət Arxivinin 10.05.2018-ci il tarixli 335 nömrəli arxiv arayışı ilə müəyyən edilir ki, Zaqatala rayonu "1 May" kolxozunda 1971-1997-ci illərdə əmək iştirakı minimumu 210 adam/gün olmuşdur. İddiaçı həmin kolxozda 1972,1976-1979, 1989-1995, 1997-ci illərdə əmək iştirakı minimumunu yerinə yetirmişdir. Arxiv arayışında 1996-cı ildə işlənmiş adam/günlərinin miqdarı göstərilməsə də, cavabdeh tərəfindən Zaqatala Rayon Dövlət Arxivində tərtib edilmiş 01.04.2019-cu il tarixli aktla müəyyən edildi ki, iddiaçı həmin ildə də əmək iştirakı minimumunu yerinə yetirmişdir. Beləliklə, əmək iştirakı minimumu yerinə yetirilmiş illərin sayı 14 olmuşdur. Bundan başqa, iddiaçı 1971-ci ildə 189 adam/gün, 1975-ci ildə 95 adam/gün, 1988-ci ildə 193 adam/gün işləmişdir ki, həmin müddətlərin də cəmi 2 il 3 ay, kolxozda işlədiyi müddət isə ümumilikdə 16 il 3 ay təşkil edir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalara uyğun olaraq, iddiaçının kolxozda işlədiyi müddət onun əmək kitabçasında göstərilməsə də, arxivdə olan sənədlərlə təsdiq edildiyinə görə onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçının adına olan əmək kitabçası ilə müəyyən edilir ki, o, 19.10.1979-cu ildən 23.11.1987-ci ilədək (8 il 1 ay 4 gün) Zaqatala 5 nömrəli SMD-də buldozerçi işləmişdir. Bundan əlavə, iddiaçının НЗ seriyalı ******* nömrəli hərbi bileti ilə müəyyən edilir ki, o, 04.05.1973-cü ildən 10.05.1975-ci ilədək (2 il 6 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, məhkəmə iddiaçının əmək kitabçasında (8 il 1 ay 4 gün), arxiv arayışında (16 il 3 ay) və hərbi biletində (2 il 6 gün) göstərilən müddətləri topladıqda məlum oldu ki, onun 26 il 4 ay 10 gün sosial sığorta stajı vardır. Belə olan halda, cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı 10.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 10.05.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar