Məhkəmə qərarları › İş №2-1(116)-649/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-649/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-649/2020 09.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1976-cı ildən 1990-cı ilə kimi, keçmiş Sovet ordusunda, 1992-ci ildən 1996cı ilə kimi, N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi pensiyaçıdır N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət keçərkən hərbi hissənin döyüş zonasında yerləşən (Ağdam rayonu) bölməsinə növbəlik əsasında döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuşdur. Həmin döyüş tapşırıqlarını yerinə yetirmək üçün tağımı ilə birlikdə dəfələrlə ezamiyyətlərdə olmuşdur. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin verdiyi arxiv arayışında döyüşlərdə iştirakının bir neçəsi qeyd olunmuşdur. İddiaçı və tağımı mütamadi 1992-1994-cü illərdə müxtəlif vaxtlarda dəfələrlə döyüş tapşırığını yerinə yetirmişdirlər. Atəşkəs elan olunduqdan sonra (həmin vaxt iddiaçı pensiya hüququna malik idi) hərbidə maaş az olduğuna görə iddiaçı Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı haqqında komandirə raportla dəfələrlə müraciət etmişdir. Lakin hərbi hissə komandiri onun raportuna müsbət rəy verməmişdir. Cavabdehin etirazının dəlilləri: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmaliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla buraxılmadığından iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti,30.12.2019-cu il tarixli 1/S-18979 nömrəli imtina məktubu, 10.05.2019-cu il tarixli 9/2-6045 nömrəli arxiv arayışı, AR SHXÇDX Mingəçevir şəhər şöbəsinin 24.09.2019-cu il tarixli 190 nömrəli məktubu,НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, 30.12.1997-ci il tarixli Hərbi Prokurorluğun qərarı, Azərbaycan Respublikası Şəki Şəhər Rayon Polis Şöbəsinin 22.02.2019-cu il tarixli 189-4678-1220 nömrəli məktubu,AR SHXÇDX Mingəçevir şəhər şöbəsinin 18.02.2020-ci il tarixli 318 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı xidmət dəftərçəsi, Qarabağ Hərbi Prokurorluğunun 18.02.2020-ci il tarixli 16/643 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 05.03.2020-ci il tarixli 11/1376 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun 06.03.2020-ci il tarixli 17/959 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.05.2019-cu il tarixli 9/2-6045 nömrəli arxiv arayışından görünür ki, 19.04.1996-cı il tarixində hərbi hissəni özbaşına tərk etmiş, avtomil bölüyünün tağım komandiri gizir M.A.Sadıqov N nömrəli hərbi hissə komandirinin 26.04.1996-cı il tarixli 96 nömrəli əmrində soyadı Sadıqov yazılmış, adı və atasının adı tam yazılmamış və fərari hesab edilmişdir. İşdə olan, AR SHXÇDX Mingəçevir şəhər şöbəsinin 24.09.2019-cu il tarixli 190 nömrəli arayışından görünür ki, 02.06.1976-cı il tarixdən 30.07.1990-cı il tarixə kimi N saylı hərbi hissədə avtomobil tağım komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olmuşdur Azərbaycan Respublikası Müdafiə Nazirinin 020 gm saylı 17.04.1997-ci il tarixli əmrinə əsasən ehtiyata tərxis edilmişdir. İşdə olan, 30.12.1997-ci il tarixli Azərbaycan respublikası Hərbi Prokurorluğunun qərarından görünür ki, N saylı hərbi hissənin giziri İddiaçı barəsində hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət Müstəqilliyi münasibətilə Amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli qərarının 1.5 və 6-cı maddələri tədbiq edilmiş və barəsindəki 23/İ4İ34-96 saylı cinayət işini icraatına Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. 20.07.1996-cı il tarixli seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, azadlığa buraxılmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olduğundan inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar