Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-649/2024 20.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı “Şəki rayon Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclasının gündəliyində olan 3-cü məsələ üzrə 100-cü və 121-ci kvartallarda yerləşən (reyestr nömrələri **********20, **********22) 2 ədəd hər biri 0,06 ha torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə qərarların ləğv edilməsi” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclasının gündəliyində olan 3-cü məsələ üzrə 100-cü və 121-ci kvartallarda yerləşən (reyestr nömrələri **********20, **********22) 2 ədəd hər biri 0,06 ha torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-649/2024 nömrəli qərardadı ilə X1 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Şəki bələdiyyəsinin İddiaçınə daxil olmuş xx.xx.2023-cü il tarixli 07 nömrəli iclas protokolunda olan aktlara (qərarlara) inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, iclasın gündəliyində olan 3-cü məsələ üzrə torpaqların satışı məqsədilə hərrac və ya müsabiqəyə çıxarılması ilə bağlı qərarlarda müəyyən edilmiş qiymətlər real bazar qiymətlərini əks etdirmir. Məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlak Dövlət Kadastr və Reyster publik hüquqi şəxsin 12-saylı Şəki ərazi idarəsinin sorğuya əsasən təqdim etdiyi cavab məktubundan aydın olmuşdur ki, protokolda göstərilən torpaqlardan bəzilərinin qiymətləri ilə real bazar qiymətiləri arasında kəskin fərq vardır. Belə ki, iclasın gündəliyində olan 3-cü məsələ üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan 100-cü və 121-ci kvartallarda yerləşən (reyestr nömrələri **********20, **********22) 2 ədəd hər biri 0,06 ha olan torpaq sahələrinin satışı məqsədilə müsabiqəyə çıxarılması ilə bağlı qərarda reyestr nömrəsi **********20 olan torpaq sahəsinin 0,01 ha üçün qiyməti 654 manat, reyestr nömrəsi **********22 olan torpaq sahəsinin isə 0,01 ha üçün qiyməti 247.5 manat müəyyən edilsə də, 12 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olmuşdur ki, reyestr nömrəsi **********20 olan torpaq sahəsinin 0,01 ha üçün real bazar qiyməti 2000, digərinin isə 0,01 ha üçün real bazar qiyməti 1300 manatdır. Qərarlara inzibati nəzarət qaydasında baxılmasının nəticəsində bələdiyyənin qeyd olunan aktlarının ləğv edilməsi barədə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 360-Ş saylı təklif məktubu göndərilmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən təklif 5 gün ərzində müzakirəyə çıxarılmalı olduğu halda bələdiyyə tərəfindən təklif məktubu müzakirəyə çıxarılmamış, təklif təmin edilməmiş və ya hər hansı sənəd idarəyə daxil olmamışdır. Belə olan halda inzibati nəzarət orqanı məhkəməyə müraciət etməli olur. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Şəki bələdiyyəsinin 16 iyun 2023-cü il tarixli 07 nömrəli iclasının gündəliyində olan 3-cü məsələ üzrə Şəki şəhərinin 100-cü kvartalında yerləşən (reyestr nömrəsi **********20) və 121-ci kvartalında yerləşən (reyestr nömrəsi **********22) ayrı-ayrılıqda hər birinin ölçüsü 0,06 ha olan torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün müsabiqə vasitəsilə mülkiyyətə ayrılması üçün həmin torpaq sahələri üzrə müsbaiqə keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlarla Şəki şəhərinin 100-cü kvartalında yerləşən (reyestr nömrəsi **********20) 0,06 ha torpaq sahəsinin hər 0,01 hektar üçün müsabiqədə ilkin qiyməti həmin kvartalda son müsabiqədə satılan torpağın hər 0,01 hektarı üçün ödənilən qiymətdən az olmayaraq 654 manat, 121-ci kvartalda yerləşən (reyestr nömrəsi **********22) 0,06 ha, torpaq sahəsinin hər 0,01 hektarı üçün müsabiqədə ilkin qiyməti həmin kvartalda son müsabiqədə satılan torpağın hər 0,01 hektarı üçün ödənilən qiymətdən az olmayaraq 247,5 manat müəyyən edilmişdir. İclasın protokolu və protokola əlavə edilən sənədlərin surəti qanunvericiliyin tələblərinə uyğun olaraq 21 iyun 2023-cü il tarixli 528 nömrəli məktubla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən İddiaçınə göndərilmişdir. Eyni zamanda qərarlardan çıxarış müvafiq sənədlərlə birlikdə müsabiqənin keçirilməsinin təşkili üçün 03 iyul 2023-cü il tarixli 543 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına göndərilmişdir. Yuxarıda qeyd olunan torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi üzrə 14 sentyabr 2023-cü il tarixdə Şəki ərazi Torpaq müsabiqə bə hərrac komissiyası tərəfindən müsabiqə keçirilmiş, iştirakçılardan X1 və X6 müsabiqədə qalib olmuş və onların hər birinə müvafiq "Şəhadətnamə" verilmişdir. İddiaçı Şəki bələdiyyəsinin 16 iyun 2023-cü il tarilxi 07 nömrəli iclasının gündəliyində olan 3-cü məsələ üzrə qəbul edilmiş qaralarının ləğv edilməsi haqqında 07 iyul 2023-cü il tarixli 360-Ş nömrəli məktubu ilə göndərilmiş təklifi 19 sentyabr 2023-cü il tarixdə Şəki bələdiyyəsinə daxil olmuşdur. Göründüyü kimi İddiaçı sözügedən qərarların ləğv edilməsi haqqında təklifi qeyd olunan torpaq sahələri üzrə müsabiqə keçirildikdən sonra bələdiyyəyə daxil olmuşdur. Belə olan halda torpaq sahələri üzrə müsabiqə keçirilməsi barədə qərarların ləğv edilməsi haqqında məsələnin müzakirə olunmasına lüzum qalmamışdır. Qeyd edilmişdir ki, ödəniləcək məbləğ çox olduğuna və müsabiqədə qalib gələn X1 və X4 heç birinin maddi imkanı çatmadığına görə vəsaiti ödəyə bilmədiklərindən onlarla bələdiyyə arasında torpaq alqı- satqı müqaviləsi bağlanması mümkün olmamışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki rayon Şəki bələdiyyəsinin 16 iyun 2023-cü il tarixli 07 nömrəli iclas protokolu, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış, “X3” publik hüquqi şəxsinin HTM seriyalı 004428 və 004432 nömrəli şəhadətnamələri, “X3” publik hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədi ilə ona hazırlıq barədə xx.xx.2023-cü il tarixli iclasının 261 və 265 nömrəli protokolları, Torpaq müsabiqə və hərraclarının təşkilatçısı ilə torpaq sahələrinin satıcıları arasında xx.xx.2023cü il tarixli X5, “X3” publik hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2023-cü il tarixli iclasının xx.xx.2023-cü il tarixli 265 nömrəli protokolu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “Bələdiyyələrin fəalliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.-cü və 8.6.-cı maddələrinə görə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü abzasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. İş materialları ilə müəyyən edilir ki, Şəki bələdiyyəsinin 16 iyun 2023-cü il tarixli 07 nömrəli iclasının gündəliyində olan 3-cü məsələ üzrə Şəki şəhərinin 100-cü kvartalında yerləşən (reyestr nömrəsi **********20) və 121-ci kvartalında yerləşən (reyestr nömrəsi **********22) ayrı-ayrılıqda hər birinin ölçüsü 0,06 ha olan torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün müsabiqə vasitəsilə mülkiyyətə ayrılması üçün həmin torpaq sahələri üzrə müsbaiqə keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlarla Şəki şəhərinin 100-cü kvartalında yerləşən (reyestr nömrəsi **********20) 0,06 ha torpaq sahəsinin hər 0,01 hektar üçün müsabiqədə ilkin qiyməti həmin kvartalda son müsabiqədə satılan torpağın hər 0,01 hektarı üçün ödənilən qiymətdən az olmayaraq 654 manat, 121ci kvartalda yerləşən (reyestr nömrəsi **********22) 0,06 ha, torpaq sahəsinin hər 0,01 hektarı üçün müsabiqədə ilkin qiyməti həmin kvartalda son müsabiqədə satılan torpağın hər 0,01 hektarı üçün ödənilən qiymətdən az olmayaraq 247,5 manat müəyyən edilmişdir. Göründüyü kimi mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş və xx.xx.2023-cü il tarixdə İddiaçınə çatdırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə təklif göndərilərək, 5 iş günündən gec olmayaraq təklifin bələdiyyə iclasının müzakirəsinə çıxarılması və Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclasının gündəliyində olan 3-cü məsələ üzrə qəbul edilmiş qərarların ləğv edilməsi təklif edilmişdir. Həmin təklif xx.xx.2023-cü il tarixdə Şəki bələdiyyəsinə çatdırılmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə görə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin qanunun 8.5-ci maddəsinə əsasən isə inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə İddiaçınə təqdim edilməsinə baxmayaraq, iddiaçı tərəfindən müvafiq təklif 5 iş günü müddətində yox, 2 ay 14 gün sonra cavabdehə göndərilmişdir. Bununla da, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş müddətə əməl olunmamışdır. Məhkəmə qeyd edir ki, nəzarət orqanı tərəfindən müvafiq təklif cavabdehə göndərilənədək torpaq sahəsinin qiymətinin əlavə olaraq araşdırılmasına lüzum olmamışdır. Belə ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz...Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir... Göründüyü kimi Əsasnamənin tələbinə görə torpaq sahəsinin qiymətinin minimum həddi son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaqla müəyyən edilmişdir. Yəni, torpaq sahəsinin qiyməti son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətə bəarbər və ya ondan çox olmalıdır. Torpağın qiymətinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələri əsasında müəyyən edilməsinə şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda torpaq hərracı və ya müsabiqəsi keçirilmədiyi halda yol verilir. Başqa sözlə, son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymət məlumdursa əlavə olaraq torpaq sahəsinin bazar qiymətinin araşdırılması zərurəti yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh orqana müddəti ötürülməklə verdiyi təklifin özü də, qanunsuz olduğundan mübahisələndirilən qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. İPM-nin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı “Şəki rayon Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclasının gündəliyində olan 3-cü məsələ üzrə 100-cü və 121-ci kvartallarda yerləşən (reyestr nömrələri **********20, **********22) 2 ədəd hər biri 0,06 ha torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə qərarların ləğv edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-649/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-649/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver